Rəcəb Tayyib Ərdoğanla Kemal Kılıçdaroğlu ikinci turda mübarizə aparacaqlar.
Ərdoğanın qalib olmaq şansları çox yüksəkdir və bunu şərtləndirən əsas kilid nöqtə Sinan Oğandır.
Sinan Oğan millətçi kəsimin və dövlətçilik şüurunun müxalifətdəki obrazıdır və o, Türkiyənin milli müdafiə sənayesinin, ordu potensialının yüksəldilməsinin, ölkənin həyati əhəmiyyətli strateji maraqlarının müdafiəçisidir.
Bu da Sinan Oğan üçün Ərdoğanı əlamətdar, Millet İttifaqının vahid namizədi Kemal Kılıçdaroğlunu isə problemli siyasi şəxsiyyətə çevirir.
Deməli, ikinci turda Ərdoğanın parlaq qələbəsi qaçılmaz olacaq.
Bu seçki və onun nəticələri Kılıçdaroğlunun siyasi karyerası dövrünün sonu üçün əlamətdardır.
CHP köklü partiyadır, onun yaşı AKP-nin təvəllüdündən çox qədimdir. Kılıçdaroğluna səs yığdıran CHP amilidir, yəni bu gün Kılıçdaroğlu başqa bir partiyanın namizəd olsaydı, onun səsləri 1 faiz civarında olardı.
Nəzərə almaq lazımdır ki, CHP-nin köklü ənənələrinin kökünü qazıyanlar içərisində cənab Kılıçdaroğlu da yer alır, onun bu mövqeyi CHP daxilində də narazılıqla qarşılanır.
İndi seçkinin nəticələri Ərdoğanın xeyrinə yekunlaşsa, mümkündür ki, Kılıçdaroğlunun partiya sədrliyindən getməsi üçün kampaniya başladılsın.
Əgər AKP MHP ilə birlikdə tarixi partiya olan CHP-ni üstələyirsə, hətta CHP-nin təmsil olunduğu Millet İttifaqının cəmi elektoratından üstün mövqeyə çıxırsa, bu, Kılıçdaroğlu üçün fiasko sayıla bilər. Bu fiaskonun bədəli Kılıçdaroğlunun CHP liderliyindən getməsi ilə nəticələnə bilər.
Qısası, Kılıçdaroğlu uzunmüddətli böyümə nümayiş etdirə bilmədi, çünki onun vədləri ölkə ictimaiyyətində təhlükəsizliklə bağlı narahatlıqlar yaradırdı və bu, Türkiyə seçicisinin şüurunda ona qarşı fikirlər formalaşdırdı.
Seçki kampaniyasında beynəlxalq konyunktura üzrə əsas ehtiyaclar nədənsə son bir həftədə Azərbaycan üzərindən aparılan tezislərdə göründü.
– Kılıçdaroğlu Azərbaycanı “Türk yolu” kimi təqdim etdiyi layihədən kənarda qoydu,
– Bu, Azərbaycanda da əks effekt yaratdı, ardınca Ərdoğan Kılıçdaroğlunun cavabını verdi.
Bu simvolik bir detal deyil, bu, perspektivlə bağlı beynəlxalq güclər içərisində Azərbaycanı geosiyasi təcridə uğratmaq istəyənlərin Kılıçdaroğlunun şəxsində ifadəsi idi.
Hərçənd heç gözlənilmirdi ki, Kılıçdaroğlu iqtidara yiyələnsə belə, o, Türkiyənin Azərbaycanla bağlı siyasətini köklü dəyişikliyə məruz qoysun, bu, çətin məsələdir.
Ancaq seçki kampaniyasının geosiyasi niyyətlər baxımından ifadəsi nədənsə Kılıçdaroğlunun timsalında Azərbaycana qarşı cəbhə kimi yer aldı.
Bəlkə də Kılıçdaroğlu heç dediyinin fərqində deyildi, onun beynəlxalq konyunktura bağlı dünyagörüşü məhduddur, lakin müəyyən planı dilə gətirirdi.
Onun çıxışı Türkiyənin strateji maraqlarına cavab vermirdi və Türk Dövlətləri Təşkilatına artan diqqəti azaltmaq, fikri yanlış istiqamətə yönəltmək cəhdi idi.
Bu baxımdan seçkidə Kılıçdaroğlunun göstərdiyi nəticə Azərbaycan və Türkiyənin müştərək strateji maraqlarına zərbə vurmaq istəyən dairələrin də planını qursağında qoyacaq.
Kılıçdaroğlu ətrafında yaradılan romantikanın dağılmasında Türkiyə xalqının demokratik və şəffaf keçirilən seçkilərdəki iradəsi böyük rol oynadı.
Türkiyə seçicilərinin Ərdoğana etimad göstərərək təhlükəsizliyin, sabitliyin, dövlətin strateji maraqlarının yanında olduğunu göstərdi.
Ərdoğan seçkinin mütləq yekununda qalib gələcəksə, Türkiyənin regional və qlobal siyasətdəki çağırışları icra etmək üçün bir sıra mühüm addımlar atacaq.
İlk növbədə, Türkiyə PKK ilə bağlı genişmiqyaslı əməliyyatlarını yeni coğrafiyalara daşıya bilər, çünki PKK amili illərdir ki, Ankaraya qarşı təhdidlərin silahlı obrazıdır.
Mümkündür ki, PKK-nı Cənubi Qafqazda da alovlandırmağa, onun fəaliyyətini digər silahlı qruplaşmalarla koordinasiya etməyə cəhd göstərsinlər.
Türkiyə bunun qarşısını almaq məcburiyyətindədir, buna görə də, yarımçıq qalan işlərin tamamlanması lazım olacaq.
Türkiyə Azərbaycanla əməkdaşlıq formatını daha qabağa aparacaq, o, strateji müttəfiqinə daha çox müasir silahlar verəcək və Bakının regional panoramadakı yerini Ankaranın maraqlarını təmin edən həlledici oyunçu olmaq zəminində quracaq.
Aqşin Kərimov