AQTA Wolt kuryer xidmətinin Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib.
Qurum bunu Wolt-un xəbərdarlıqlara əməl etməməsi ilə əlaqələndirib və təkrar xəbərdarlıq kimi tətbiq etdiyini bildirib.
Yəni, Wolt mopedlərində dezinfeksiya işlərinin aparılmaması, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi, məhsulların temperatur rejimi və qaydaları pozulmaqla daşınması və s. məsələlər bu qərar üçün əsas olub.
Əlbəttə, səlahiyyətli dövlət qurumunun təkrar addım olaraq belə bir sərt qərar verməsi anlaşılandır.
Amma dərhal da razılaşmaq olar ki, 10 ildən çox ölkədə fəaliyyət göstərən, artıq oturuşmuş bir şirkətə çevrilən, minlərlə gənclər üçün iş yeri və çörək pulu qazanmaq yerinə çevrilən, cəmiyyətin elə bir ciddi narazılığı olmayan bir strukturun fəaliyyətini dayandırmaq və ya “bağlamaq” qərarı ağlabatan bir addım kimi görsənmir.
Düşünürəm ki, AQTA digər əlaqədar dövlət qurumları və Wolt-la i birgə şirkətin qanunvericiliyin tələblərinə əməl etməsinə, qaydalara uyğunlaşdırılmasına köməklik göstərə bilərdi, daha hövsələ ilə yanaşa bilərdi, cərimələr tətbiq edə bilərdi və s.
Ümid edirəm, səlahiyyətli qurumlar Wolt-la birgə bir daha bu məsələni araşdırıb doğru bir qərar verəcəklər.
Osman Gündüz, İKT mütəxəssisi