Çinlə ABŞ və onun müttəfiqləri arasında Cənubi Çin dənizində aqressiv hərəkətlərə təhrik edən hadisələr baş verir.
Noyabrın 3-də Parasel adaları yaxınlığında beynəlxalq sular üzərində hərəkət edən Kanadaya məxsus helikopteri Çinin hərbi təyyarəsi “qarşılayıb”.
İkinci insident noyabrın 6-da qeydə alınıb, belə ki, Çin Tayvanın nəzarətində olan Taypinq adasından 12 dəniz mili məsafədə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini təqib edib.
Tərəflər bir-birlərini aqressiv hərəkətdə suçlayırlar. Hərçənd, baş verən hadisələrin strateji anatomiyası regional yerləşdirmə nöqtələrində rəqiblərin bir-birini sıxışdırmasının aşkar əlamətidir.
ABŞ ilə Çin arasında davam edən insidentlərin fonunda iki dövlətin liderlərinin – Co Bayden və Si Cinpinin – San-Fransiskoda keçiriləcək danışıqlarının nə qədər gərgin olacağını təxmin etmək çətin deyil.
Təkcə bir region üzrə mürəkkəb tənliklərin həlli olsaydı, bəlkə də, problemlər yoluna qoyulardı, amma fokuslana biləcəyimiz bəzi əməllər vəziyyətin daha qəliz olduğunu ortaya qoyur.
Cənubi Çin dənizi boyunca gərginlik həmişə mövcuddur, burada qeyri-adi bir nəsnə yoxdur, amma mövzu Pekinin geosiyasi ambisiyalarının rəngini dəyişməsi ilə daha dərin mətləblərə gedib çıxır.
Çinin Yaxın Şərqdəki qanlı nümunələrin nəticələrində izlərini genişləndirmək cəhdləri ABŞ-nin həmin regiondakı klassik iştirakına qarşı effektiv hal almaqdadır.
Birinci mərhələdə, Çin Səudiyyə Ərəbistanı ilə İran arasındakı barışıq prosesinə brokerlik etdi, ikinci etapda o, İsraillə Fələstini eyni masa ətrafına toplamaq üçün cəhdlərə baş vurdu.
İkinci mərhələdə Çin istəyinə çatmadı, amma prinsipindən geri çəkilməyərək İsraillə Fələstin arasında davam edən müharibənin dayandırılması üçün məsuliyyətli, ədalətli vasitəçi imicini yaradır.
Pekinin BMT-də və ikitərəfli şəkildə diplomatik manevrləri beynəlxalq sistemdə lider kimi öz ətrafına dəstək toplamaq səylərini göstərir.
Burada Çinin əsas bir yüksəkliyi fəth etmək üçün iddialı planlarının narrativləri Pekinin başqa hərəkətlərinin nəticəsində oxunur.
Belə ki, Çin öz təsirlərini artırmaq vasitəsi kimi Yaxın Şərqdəki dəniz qüvvələrinin iştirakını genişləndirir.
Düzdür, Çin Hərbi Dəniz Qüvvələrinə məxsus 44-cü Mühafizə Qrupu oktyabrın 2-dən Ədən körfəzində adi müşayiət missiyasını tamamlamışdı. Lakin həmin qrup noyabrın 3-dək Oman, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərində xoşməramlı əməliyyatlar keçirmək adı altında regiondakı varlığını saxladı.
Çin bunların İsrail-Fələstin münaqişəsinin hərbi eskalasiyası ilə əlaqəsi olmadığını bildirir. Amma Pekinin Yaxın Şərqdə dəniz qüvvələrinin gücləndirilməsinə zəmin yaratmaqdan ötrü əməliyyatlar həyata keçirməsi də bir həqiqət ola bilər.
Bunlar azmış kimi, Qərbdə başqa narahatlıqlar da strateji sinir hüceyrələrini qıcıqlandırır.
Həyəcanlı bir ehtimal var ki, Çin nəzarətində olan beynəlxalq limanlardan hərbi potensialını inkişaf etdirmək məqsədilə yararlana bilər.
Ancaq bu bir qədər çətindir, çünki limanların hərbi məqsədlər üçün istifadə potensialını qiymətləndirərkən onların texniki məhdudiyyətləri, tikinti spesifikası nəzərə alınmalıdır.
Üstəgəl, ABŞ beynəlxalq aləmdə Çin limanlarının hərbi təyinatlı hərəkətlər üçün istifadəsinə icazə verməməkdə qətiyyətli görünə bilər. Hərçənd ki, Baydenlə Cinpinin hərbi sahədə əməkdaşlıq etmək barədə mümkün müzakirələri vəziyyətin dəyişəcəyini qeyd etməyə imkan verir.
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, Bayden Çinlə hərbi əlaqələri bərpa etmək istəyir.
ABŞ-nin Çinlə sövdələşmə qapısı açmağa işarə verməsi başadüşüləndir, çünki Ağ Ev Pekinin çəkisinin böyüyüb onu keçəcəyindən ehtiyatlanır.
Çini dayandırmağın ağlabatan yollarından biri onunla sövdələşmələrə girib “şərikli iş” qurmaqdır, amma Pekinin bu təkliflərə müsbət cavab verəcəyi inandırıcı səslənmir.
ABŞ-ni Çin qarşısında “məğlubiyyət”dən qoruyacaq geosiyasi nəticələrdir, buraya Rusiya-Ukrayna müharibəsinin real və hüquqi nəticələrindən tutmuş, Yaxın Şərqdəki qan gölünün necə durulacağına qədər geniş spektr daxildir.
Lakin Çin hər bir nəticə üzrə müdaxilə imkanlarını genişləndirəcək manevrlərini inkişaf etdirir. Onun hər nəticəyə uyğun sürprizləri ehtiyatdadır, ona görə də Baydenlə Cinpinin danışıqlarından elə böyük nəticə gözləməyə dəyməz.
Belə olduğu təqdirdə, Çinlə ABŞ-nin Yaxın Şərqdəki geosiyasi rəqabəti sürpriz bir fazaya qədəm basa bilər.
Aqşin Kərimov, siyasi şərhçi