Son vaxtlar tez-tez Vladimir Putinin SSRİ-ni bərpa etmək istəməsi ilə bağlı fikirlər səsləndirilir. Bundan başqa, “Taym” qəzeti yazır ki, NATO-nun Şərq cinahında yerləşən ölkələr Rusiyanın mümkün hücumuna hazırlıqlı olmalıdırlar. Bunun üçün onların 3 ay vaxtı var. Əsas hədəfdə isə Polşadır.
Prinsip etibarilə səslənən iddialar əsassız deyil. Belə ki, nəşrin qeyd etdiyi kimi, NATO-nun Şərq cinahında yerləşən ölkələr, yəni Polşa, Litva, Estoniya, Latviya və Finlandiya son zamanlar Kremlin təhdid xarakterli ritorikalarına məruz qalır. Hətta Finlandiya tərəfi Rusiya ilə sərhəddə beton divar belə tikmək istəyir. Baltikyanı ölkələr isə ənənəvi olaraq bu təhdidlərlə üzləşir.
Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra adıçəkilən ölkələr Moskvanın real təhdidi altında idi. Hətta diqqət yetirsək, bu gün Ukraynaya ən çox yardım edən NATO-nun Şərq cinahında yerləşən ölkələrdir. Lakin Rusiyanın hədələri təhdid olmaqdan kənara çıxmayacaq.
Birincisi, Estoniya, Litva, Latviya, habelə Polşa, Finlandiya həm NATO, həm də Aİ üzvü olan ölkələrdir. Yəni bu ölkələrdən birinə hərbi müdaxilə Rusiya üçün ciddi fəlakətə səbəb olar. Bu, de-fakto Rusiya-NATO müharibəsinin başlanması deməkdir.
İkincisi, Rusiya Ukraynada kifayət qədər vaxt itirdi. Düzdür, Ukraynanın 20 faizi işğal edilsə də, Rusiyanın itkiləri də kifayət qədər çoxdur. Moskva Qərbin dəstəklədiyi Ukraynada qələbə qazana bilmədiyi halda bütün NATO-nu qarşısına ala bilməz.
Nəticə etibarilə Rusiya Polşa, Latviya, Estoniyanı təhdid etsə də, onlara müharibə elan etməsi inandırıcı deyil.
Turan Rzayev, politoloq