SEPAH – ın əsasən Yaxın Şərqdə fəaliyyət göstərən xüsusi birliyi olan ” Qüds ” qüvvələrinin komandanı İsmayıl Qaanin öldürdüyü haqqında məlumatlar yayılıb. Bu barədə İsrail mediyasında xəbərlər tirajlanır. Ehtimallara görə iranlı general Hizbullah lideri Həsən Nəsrullah öldürülən zaman onunla eyni bunkerdə olub və İsrailin zərbəsi nəticəsində o da həmən yerdə öldürülüb. İran tərəfi məlumatı təkzib etsə də Qaani Nəsrullahın ölümündən sonra yoxa çıxıb. Onun yoxa çıxmasına səbəb olacaq amillər kifayət qədərdir. Birinci ehtimal, həqiqətən də İsrail haqlıdır. İsmayıl Qaani də Həsən Nəsrullahla birlikdə öldürülüb. İran tərəfi bunu hələ ki, açıqlamaq istəmir, çünki bu yeni sensasiyaya səbəb ola bilər. Bu halda İran İsrailə daha güclü cavab verməlidir ki, Tehran hələ ki, buna tam hazır deyil. İkinci ehtimal İsmayıl Qaanin sağ olması, ancaq ağır yaralı olmasıdır. İran tərəfi bunu gizlətməyə çalışır. Çünki bu SEPAH daxilində çaxnaşma yarada bilər. Həmçinin İranın İsrailə qarşı zəif vəziyyətə düşməni də yardımçı ola bilər. Üçüncü ehtimal isə odur ki, İran tərəfi haqlıdır, İsmayıl Qaani sağdır, Həsən Nəsrullahın ölümündən sonra konkret hədəf halına gəlib, buna görə də İran onu ciddi mühafizə altında saxlayır. Qaanin öldüyü haqqında məlumatların yayılması da İranın İsrail kəşfiyyatını ondan uzaq tutmaq üçün çaşdırıcı fəndi ola bilər.

Üçüncü ehtimalı gücləndirən daha bir məsələ isə Həmasın yeni seçilmiş rəhbəri Yəhya Sinvarın da Qaani ilə birlikdə yoxa çıxmasıdır. İsmayıl Xaniyə və Həsən Nəsrullahın öldürülməsindən sonra Qaani və Sinvar konkret hədəf halına gəlmişdi. İran tərəfi anlayıb ki, İsrail onları da öldürmək üçün xüsusi əməliyyat hazırlayıb. Buna görə Həmasın və Qüdsün rəhbərini mühafizə altına ala bilər. Yəhudi dövləti proksi qüvvələrin rəhbərlərini öldürməklə İranı çətin vəziyyətə salır. Birincisi həm bu qrupların mübarizə əzmini qırır. Həm Xaniyə, həm də Nəsrullah öz qrupları içində birləşdirici fiqurlar hesab edilirdi. İsrailin onları öldürməsi bu qruplara yeni üzv cəlbində problem yaradacaq məsələdir. İkinci bir tərəfdən isə İsrail bu yolla İranı daha böyük eskalasiyaya cəlb etmək istəyir. Bu isə Qərblə münasibətləri normallaşdırmaq istəyən Məsud Pezeşkian hökumətinə sərf etmir. Proksi qüvvələrin rəhbərlərindən fərqli olaraq İsmayıl Qaanin öldürülməsi İranı daha pis vəziyyətə sala bilər. Qaani İranın öz generalıdır və SEPAH öz komandirlərinin ölümünə görə cavab tədbiri tələb edəcək. Bu həmçinin İranın rəhbərliyində təmsil olunan digər şəxslərində təhlükəsizlik məsələsinə də ciddi təhdid yaradır. Buna görə də Tehranın qarşı tərəfdən gələn iddiaları yaxın gələcəkdə həqiqət olsa belə doğrulayacağı gözlənilmir. 15 min xüsusi təyinatlıdan ibadət Qüds qüvvələri birbaşa ali dini liderin nəzarəti altındadır və ancaq onun əmrlərini yerinə yetirirlər. Məqsəd Yaxın Şərq bölgəsində mühüm əməliyyatlar keçirməkdir. 2020 – ci ildə ABŞ tərəfindən İraqda öldürülən qurumun əvvəlki komandiri Qasım Süleymaninin önəmli vəzifəsi məhz ali dini lideri Ayətullah Əli Xameneinin nümayəndəsi olaraq Yaxın Şərqdəki İrana bağlı proksi qüvvələrlə nəzarət etmək idi. Eyni işi hazırda Qaani davam etdirirdi. Buna görə də onun ölümü öz rəhbərlərini yenicə itirmiş bu qruplaşmalarda çaşqınlıq və ruh düşkünlüyü, həmçinin daxili çaxnaşma yarada bilər. İran tərəfi həm də bu kimi amilləri hesablayır. İsrailin aktivləşdiyi indiki vaxtlarda İrana vacib olan özünə bağlı qrupların daha da mütəşəkkil hala gəlməsidir.

Zeynal Əmraliyev, politoloq