Mən Qərb demokratiyasının gerçək simasını, daha doğrusu bu simanın “növbətçi gülüşlə” maskalanmış cizgilərini hələ 1999-cu ildə, beynəlxalq təşkilatların və institutların Azərbaycan siyasətçiləri üçün təşkil etdiyi məşğələlər zamanı kəşf etmişəm. Xarici maraqların ölkənin siyasi sisteminə daha fəal nüfuz etməyə çalışdığı həmin dönəmdə müxtəlif ölkələrdən azərbaycanlılara “siyasət dərsi” keçmək üçün gəlmiş “mütəxəssislər” nədənsə soyuq mühakimə yürüdən, sağlam düşüncəli siyasətçilərlə deyil, daha emosional, radikal fikirlər səsləndirən şəxslərlə ünsiyyət qurmağa çalışır, onların önə çıxmasına şərait yaradır, müxtəlif yerlərdə, xüsusilə də Şərqi Avropa ölkələrində keçirilən toplantılara da məhz belələrini dəvət edirdilər.
Çünki radikallığa meylli olan insanları asanlıqla, böyük əmək sərf etmədən, bəzən hətta ucuz bir şaiyə ilə istənilən yönə istiqamətləndirə biləcəklərini yaxşı başa düşürdülər…
Hötenin dediyi kimi, “zəif xarakterli adamlarda çox zaman radikal və inqilabi qənaətlər yaranır: Belələri düşünürlər ki, onları idarə etməsələr daha yaxşı olar. Amma başa düşmürlər ki, nə özlərini, nə də başqalarını idarə etmək gücündə deyillər”. Dünyada maarifçiliyin və innovativ inkişafın aparıcı simalarından sayılan Hötenin bu fikirləri günümüzdə də özünü doğruldur.
İstər MDB məkanında, istərsə də ərəb dünyasında baş verən hadisələr müstəvisində “seçilmiş inqilab qəhrəmanları”nın öz ölkələrini və xalqlarını hansı fəlakətlərlə qarşı-qarşı qoyduqları göz qabağındadır.
Onore de Balzakın təbirincə desək, “Dənizdə baş verən fırtınada olduğu kimi inqilablar zamanı da çəkisi ağır olanlar suyun dibinə enir, yüngül olanlar isə əksinə suyun üzünə çıxırlar”. Və suyun üzünə qalxan “yüngül çəkili meydan qəhrəmanları” öz məsuliyyətsiz davranışları ilə fırtınanın ömrünü daha da uzadır, öz ölkələrini on və bəlkə də yüz illərlə geriyə atırlar.
…Biz bu prosesləri 1990-cı illərdə yaşamışıq və hələ də nəticələrinin aradan qaldırılması üçün vaxt xərcləyirik. Radikal əhval-ruhiyyəyə köklənmiş gerilikçi zehniyyət hər addımda ölkədəki siyasi institutların inkişafına, lokal və qlobal miqyasda etimadlı, sivil münasibətlər sisteminin formalaşmasına maneə yaradır, nə sağlam məntiqlə idarə olunmaq istəyir, nə də idarə etmək bacarıqlarını nümayiş etdirə bilir…
Düşünürəm ki, məhz bu məqamda inqilabın və inqilab “qəhrəmanları”nın gerçək mahiyyətini bəlkə də hər kəsdən yaxşı dərk edən Lev Trotskinin ömrünün sonlarında etdiyi etirafı xatırlatmaq yerinə düşür: “Bütün inqilablar ona görə həyata keçirilir ki, oğrular və faişələr “filosof” olsunlar”… Əlavə şərhə ehtiyac yoxdur.
…Bu gün Qərbin geosiyasi maraqlarının ploqonuna çevrilmiş bir sıra ölkələrdə baş verən hadisələr, tökülən qan, qətlə yetirilən günahsız insanlar xarici istixanalarda yetişdirilən, təlimatlandırılan “inqilab qəhrəmanları”nın yarada biləcəkləri ən real mənzərədir. Təcrübəmdən və müşahidələrimdən bilirəm, onlar bundan daha yaxşısını yaratmaq iqtidarında deyillər. Belələrinə xas olan xüsusiyyətlər:
1.Yenisini yaratmağa təşəbbüs göstərmədən mövcud olanı dağıtmaq;
2. Xroniki etirazçılıq və narazılıq kompleksi;
3. Məqsədsizlik;
4. Asilik və qeyri-sabitlik;
5. Yaradıcı istedada və təşəbbüskarlığa patoloji nifrət;
6. Boşboğazlıq, pafoslu və məntiqsiz nitq, rabitəsiz ritorika;
7. Ətrafda işıqlı olan nə varsa zülmətə sürükləmək ehtirası və freydizmin saxta və bəsit formada maskalanmış, instiktiv təzahürü…
Bu siyahını sonsuza qədər uzatmaq olar. Lakin təsadüflər nəticəsində meydan qəhrəmanlarına çevrilmiş və mənsub olduqları xalqları uçuruma sürükləyən məsuliyyətsiz varlıqların psixoloji portretini çəkmək (yazmaq) üçün tarixin dolanbaclarında vaxt keçirməyə ehtiyac yoxdur. Onsuz da gözümüzün önündə kifayət qədər nümunə var.
Baxaq və nəticə çıxaraq!
Elçin Mirzəbəyli, siyasi şərhçi