Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacəzadə Fransanın daxili işlər naziri Jerald Darmananın əsassız iddialarına növbəti dəfə cavab verib. Bildirilib ki, Fransa bu iddialara görə üzr istəməlidir.
A. Hacızadə bildirib ki, Fransa tərəfindən Azərbaycana qarşı səslənmiş bu kimi fikirlər tamamilə qəbuledilməzdir və rəsmi Bakı tərəfdən qətiyyətlə rədd edilib: “İnsan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, İslamofobia və müsəlmanlara qarşı hücum hallarının, eləcə də antisemitizmin geniş yayıldığı Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq və azadlıqlar tam olaraq təmin edilir. Azərbaycan müstəqilliyini bərpa edəndən etibarən daim demokratik dəyərlərə sadiq cəmiyyət kimi formalaşıb və inkişaf edib. Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə mənsub insanların mehriban və təhlükəsiz şəraitdə yaşadığı ölkədir”.
A.Hacızadə vurğulayıb ki, Fransa üzr istəməyəcəyi təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaq: “Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaqdır”.


Məlum olduğu kimi, Fransanın daxili işlər naziri Jerar Darmanan “France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada etirazlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.


Doğrudur, Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə, o cümlədən neokolonizmə qarşı mübarizə aparan əsas dövlətlərdəndir. Bunun əsas səbəbi Azərbaycanın özünün də uzun müddət müstəmləkəçilikdən əziyyət çəkməsidir. Beynəlxalq hüquqa uyğun şəkildə özünün ərazi bütövlüyünü təmin rəsmi Bakı digərlərinin suveren hüquqlarına da hörmətlə yanaşır və onların azadlıq mübarizələrinə dəstək olur. Amma Fransada baş verən hadisələrdə Azərbaycanın iştirakının olmasına dair iddialar sadəcə absurddur. Bu, rəsmi Parisin Bakıya qarşı qərəzli mövqeyinin, qıcığının təzahürüdür.
Məsələ ondan ibarətdir ki, Fransanın iddiasını əsaslandırmaq üçün heç bir əsası yoxdur. Yəni Jerald Darmanan heç bir əsası olmadan Azərbaycanı ittiham edir. Bu isə heç bir diplomatik etiketə uyğun deyil.
İkinci bir tərəfdən, Yeni Kaledoniyada etirazların başlanılması gözlənilirdi. Əslində bu proseslərdə Fransanın müstəmləkəsinə məruz qalan insanların haqq səsini dünyaya çatdıran dövlətlərin də müəyyən mənada rolu var. Hətta Azərbaycanı da qeyd edə bilərik.


Artıq Yeni Kaledoniyada əhalinin səbr kasası dolub. Hesab edirəm ki, bu proseslər davamlı olar və etirazçılar müəyyən qədər əzmkarlıq göstərə bilsələr, gələcəkdə Yeni Kaledoniyaya muxtariyyət verilə bilər. Amma Yeni Kaledoniyanın müstəqilliyini elan edə biləcəyinə hələ inanmıram.
Fransanın mərkəzi hakimiyyəti buna mümkün qədər müqavimət göstərməyə çalışacaq. Buna baxmayaraq, muxtariyyət növbəti mərhələdə müstəqillik üçün bir imkan yaradacaq. Təbii ki, beynəlxalq ictimaiyyət bütün prosesləri izləyir. Bu, həm daxili, həm xarici auditoriyada Emmanuel Makron hökumətinə inamı azaldır və onun nüfuzunu aşağı salır.


Kənan Novruzov