“Rusiya və Ukrayna nümayəndələrinin İstanbuldakı görüşündən sonra sülhə ümid edirdik”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən “Haber Global” telekanalına müsahibəsində deyib.
“Özləri də dedikləri kimi, mövqelər yaxınlaşırdı. Amma qəflətən hər şey dəyişdi. Tərəflər masadan uzaqlaşdılar. Ədalətli, Ukraynanın ərazi bütövlüyünü təmin edən atəşkəs əldə edilməlidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Hər iki tərəflə əlaqələrimiz yaxşıdır. Müharibənin davam etməsini istəyən NATO üzvləri var”, – nazir bildirib.
M.Çavuşoğlu ümidlərinin hələ də olduğunu vurğulayıb: “Səylərimizi davam etdiririk. Ərdoğan hər iki həmkarına atəşkəsin əhəmiyyətini xatırladır. Biz bildiririk ki, əgər dövlət başçıları da istəyərlərsə, onların görüşünə ev sahibliyi etməyə hazırıq».
Əvvəllər də dediyimiz kimi, Qərb savaşın davam etməsində maraqlıdır. Bu, təbiidir. Çünki müharibənin “rejissoru” ABŞ və müttəfiqləridir. Onlar əvvəlcə Ukraynanı “bataqlığa” çevirdilər, sonra da Rusiyanı bu “bataqlığa”. çəkdilər. Məqsəd Kremli zəiflətmək, idarəolunan vəziyyətə gətirməkdir.
Döyüşlərin başlanmasının üzərindən altı ay keçir. Moskva hələ ki, müqavimət göstərə bilir. Ona görə də Qərbin müharibəni dayandırmaq fikri yoxdur. Ukrayna və Rusiyanın danışıqlar masası arxasına oturmaması üçün ABŞ və müttəfiqləri əlindən gələni edir: Moskva qıcıqlandırılır, Kiyev isə stimullaşdırılır.
Vaşinqtondan fərqli olaraq Ankara savaşın başa çatmasında maraqlıdır. Birincisi ona görə ki, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Prezident Rəcəb Tayyib Ərdoğan özü də həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə dostdur. Bu mənada Ankara indi baş verən proseslərə səssiz qala bilmız.


İkincisi, davam edən müharibə bütün dünya ölkələri kimi, Türkiyəyə də təsri edir. Artıq planet qlobal ərzaq qıtlığı ilə üz-üzədir.
Üçüncüsü, Türkiyədə prezident seçkiləri yaxınlaşır. İntensiv səylər nəticəsində Şərqi Avropada sülhə nail olmaq Ərdoğanın və hakim AK parti iqtidarının həm beynəlxalq aləmdə, həm də daxildə nüfuzunu artıracaq.
Amma dediyimiz kimi, Qərblə Türkiyənin bu məsələdə mövqeyi üst-üstə düşmür. Məlum olduğu kimi, Qərbin aparıcı qüvvəsi ABŞ-dır. Çavuşoğlu müsahibəsində Vaşinqtonun adını çəkmədi. Hətta jurnalistin təkidinə rəğmən, məsələni konkretləşdirmədi. Əslində Ankara özü də bilir ki, Vaşqinqtonla münasibətlərdə çat əmələ gələ bilər. Amma bunu nə Türkiyə istəyir, nə də ABŞ. Elə buna görə də Çavuşoğlu birbaşa olaraq Ağ evi hədəf göstərmədi. Bu, diplomatik məharətə də uyğun olmazdı.
Ankaranın vasitəçilik səyləri Ağ evin planlarına mane olur. İstisna deyil ki, İstanbul görüşündən sonra proseslərin yenidən gərginləşməsinin səbəbi məhz Qərbin təhrikləri olmuşdu. Bu mənada gələcəkdə də oxşar halların baş verməsi mümkündür.
Türkiyə və ABŞ – ın maraq obyektləri təkcə Ukraynadakı durum deyil. Tərəflər digər regionlarda, o cümlədən Cənubi Qafqazda da dialoq içindədirlər. Onları birləşdirən bir sıra məqamlar var. F-16 təyyarələrinin tədarükü buna ən yaxşı nümunədir.
Ukraynadakı savaş uzandıqca ABŞ və Türkiyə arasında münasibətlərin gərginləşməsi gözləniləndir. Yəqin ki, Ankara növbəti dəfələrlə tənqidlərini daha konkret bildirəcək. Buna baxmayaraq, “bütün körpüləri yandırmaq” kimsəyə sərf etmir. ABŞ Türkiyəyə nə qədər lazımdırsa, Türkiyə də bir o qədər ABŞ – a gərəkdir. Və bu iki dövlət arasında münasibətlərin pisləşməsi təkcə ikitərəfli münasibətlərə deyil, NATO daxilindəki mühitə də zərbə vura bilər. Ona görə Vaşinqton və Ankara lazım gəlsə, bir – birilərinə güzəştə getməlidir.
Kənan Novruzov