‼️‼️‼️İraqda baş verənlər…Düşünə bilənlər üçün cızma-qara…
Hansısa xalqın dini inanclarındakı istənilən kiçik dəyişiklik, onun mövcudluğundakı bir sıra dəyişikliklərin nəticəsi olaraq meydana çıxır. Dini inanclar xalqların həyatının həmişə ən mühüm elementini təşkil ediblər və təbii ki, elə tarixlərinin də! Xalqları idarə edən müxtəlif ideyalar, tarixlərinin mayakını və sivilizasiyaların təzadlarını təşkil edənlər arasında dini ideyalar olduqca aparıcı və mühüm rol oynamışlar. Ərəb işğalları, xaç yürüşləri, inkvizisiya dövrünün İspaniyası, puritan dövrünün İngiltərəsi, Varfolomey gecəsini yaşayan Fransa, dini müharibələr, bu gün yaşanan məzhəblərarası dava-dalaş, lüzumsuz qovğalar, müsibətlər tam aydınlığı ilə göstərir ki, ÖZ İNANCLARI İLƏ FANATİKLƏŞƏN XALQLAR nələrə, hansı faciələrə yol aça bilərlər. İstəsək də, istəməsək də yaddan çıxarmayaq ki, tarixi zamanın ilk çağlarından bəri bütün siyasi və sosial təsisatlar dini inanclara əsaslanıb və dünya səhnəsində tanrılar həmişə aparıcı rol oynayıblar. Yalnız dini inanclar (sevgi də bir duyğu olaraq inanc kimidir, fərqi odur ki, şəxsi və müvəqqətidir) insan xarakterinə fundamental təsir göstərə bilən fenomendir. Mübahisə yaradan nüans olsa da belə, qəbul etməliyik ki, bütün zamanlarda, həm qədimdə, eləcə də indinin özündə, həmişə insan üçün əsas sualları dinlə, ilahiyyatla, cənnət-cəhənnəm, ölümdən sonra həyatın var olub olmaması ilə bağlı suallar təşkil edib. Şüur sistemi elə mexanikləşdirilib ki, İnsanoğlu sonrasından daim narahat olub. Bütün dövrlərdə yeni dini ideya ilə birlikdə yeni sivilizasiya da doğulub. Xeyir və şər hər yeni yaranan sivilizasiyada özünün önəmini, əhəmiyyətini qabağa çıxarmaq uğrunda amansız ölüm-qalım savaşları verib. Qurbanlar yandırıldıqları tonqallarda çox güman ki, özlərini daha xoşbəxt hiss ediblər, nəinki onların cəlladları. Dəmiryolunda gözətçi işləyən və qayğısız şəkildə üzərinə sarımsaqlı mayonez yaxılmış çörəyini yeyən şəxs, ola bilsin, uzun siyahılı qayğıların əhatəyə aldığı milyonçudan daha xoşbəxtdir. Əlbəttə, sivilizasiyaların inkişafı, təəssüf ki, müasir insan üçün çoxlu sayda tələbatlar yaradıb, lakin problem ondadır ki, onların ödənilməsi vasitələrini qızıl teştdə verməyib, bununla da bəşəriyyətə, həyata qarşı qəlblərdə ümumi narazılıq, ümidsizlik məhz oradan yaranıb. Bir çox müəlliflər haqlı ya haqsız iddia edirlər ki, tanrıları insanlar özləri yaradıb, lakin yaratdıqdan sonra özü də çox tezliklə onun əsarəti altına düşüb. Tanrılar qorxunun deyil, ümidlərin övladlarıdırlar, bax elə ona görə də onların təsiri əbədi olacaq. Filmdən bir epizod da olsa, fateh Teymurləng qismən haqlı çıxmışdı şair-filosof Nəsimi ilə dialoqunda – deyirdi ki, əcəlim çatacaq mən də köçəcəyəm bu dünyadan, amma Allah xofu çıxmayacaq insanın canından…
Gustav Le Bon yazırdı ki, özünü yalnız müstəsna olaraq siyasi baxışlara yönəldib, orada da dini inancların geniş təsiri olduğunu müşahidə eləmək olar. Yeganə amil təşkil etmələri, onların dəfedilməz gücünü yaradır, bu isə həmin andaca hansısa xalqa maraqların, hisslərin və düşüncələrin tam vəhdətini verə bilir. Beləliklə, dini ruh milli ruhun təşəkkülü üçün lazım olan, tədricən irsən qazanılanları dərhal əvəz edir. Hansısa dinə ibadət edən xalq, təbii ki, ruhi xüsusiyyətlərini dəyişdirmir, lakin onun bütün qabiliyyətləri, əlindən gələn nə isə varsa bir məqsədə yönəlib: İNANCININ TƏNTƏNƏSİNƏ və elə bu gücün qüvvəsindən də, o, qorxuya düşür. Məsələn, hz.Məhəmməd haqqında düşüncələrin birləşdirdiyi bir neçə ərəb tayfası, bir neçə il ərzində hətta adlarını belə eşitmədikləri millətlərə qanlı müharibələrdə qalib gəldilər və özlərinin nəhəng imperiyalarının əsasını qoydular. Əsas olan İMANIN KEYFİYYƏTİ yox, onun qəlblər üzərində malik olduğu hökmranlığın dərəcəsidir. Çağırış edən tanrı istər Molox olsun, istərsə də başqası, adına nə deyirsiz deyin, lap daha barbarı olsun, bu, mühüm deyil. Həddən ziyadə dözümlü və mülayim tanrılar öz pərəstişkarlarına heç bir HAKİMİYYƏT vermirlər. Hz. Məhəmmədin sərt ardıcılları dünyanın böyük bir hissəsində uzun zaman ərzində hökmranlıq ediblər və hələ də QORXU hissi yaradırlar. Buddanın sülhsevər ardıcılları isə heç vaxt bu cür uzun sürən nəsə yarada bilməyiblər və artıq tarix tərəfindən unudulublar..Nəticə budur ki, xalqların inancları, əslində, onların siyasi, sosial və mədəni mövcudluqlarını, bədii və ədəbi tarixlərini ortaya çıxaran başlıca faktor ola bilir. Bu, xristinalıqda da, İslamda da, Hz.Musanın inancında da eyni nəticəni yaradır. Məsələn, Fransada XVIII əsrdə yaşamış insanlar XVII əsrdə yaşayanlardan tamamilə fərqlənmişlər. Fikrin ilahiyyatdan elmə transformasiyası, anlayışlarda baş verən sadə, eyni zamanda inqilabi dəyişikliklərin gücü ilə əsrin siması dəyişdi. Dini inanc doktrinalarında bu təkamül məhz Böyük Fransa İnqilabı, eləcə də ondan sonra baş verən və bu gün də davam edən hadisələr fonunda sakini olduğumuz Yer planetinin böyük bir hissəsində tamamilə yeni reallıqlara meydan açmış oldu…
🎙️ P.S. Doğrusu, heç bilmirəm başlığın bu yazıya bir isti-soyuğu oldu ya yox, lakin onu dəqiq bilirəm ki, İraqda, eləcədə qismən yumşaq formada elə Azərbaycanda baş verən hadisələrdə bu yazının ruhuna və məğzinə aid olan elementlər, rənglər, çalarlar yox deyil. İraqda da, elə İranda və Azərbaycanda da, bəlkə də elə qardaş Türkiyədə də ümumi düşüncələrin ilahiyyatla (şəriət də həmçinin) elm, çağdaşlıq arasında ilişib qalması onların bir mütərəqqi dövlət kimi sonrakı inkişafını tormozlayan əsas amil kimi hələ də aktuallığını saxlayır.
Mirzə Rəşad Bakuvi/siyasətçi