Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib.
Sentyabrın 5-də Mühafizəkarlar Partiyasına yeni lider seçkisi keçirilib. Siyasi təşkilatın sədri vəzifəsi uğrunda Liz Trass və paytaxt Londonun meri Rişi Sunak mübarizə aparıb.
Səsvermənin altıncı turunda L.Trass Mühafizəkarlar Partiyasının 81 326 üzvünün dəstəyini qazanıb. Onun rəqibi R.Sunak 60 min 399 səs toplayıb.
L.Truss Mühafizəkarlar Partiyasının lideri və Baş nazir vəzifəsində Boris Consonu əvəz edəcək.
B.Conson yaxın vaxtlarda Böyük Britaniya kraliçası II Elizabetə hökumət başçısı vəzifəsindən istefa verməsi barədə hesabat verməli və L.Trassı onun xələfi kimi təqdim etməlidir.
L.Trass kraliça ilə görüşdən sonra rəsmi olaraq Baş nazir olacaq.


Britaniyanın yeni baş nazirinin məhz Trass olacağı gözlənilən idi. Bu, əvvəlcədən proqnozlaşdırılırdı. Birincisi, ona görə ki, Liz Trass keçmiş Baş nazir Boris Consonun komandasındandır. Bu, onun üçün əlavə divident idi. Əslində Consonun vəzifəsindən səssiz-sakit getməyi onu deməyə əsas verirdi ki, o, Trassa inanır. İkincisi, qadın siyasətçi uzun müddət ölkənin xarici işlər naziri kimi çalışıb. Bu, onun reytinqini təmin edən əsas faktordur. Trass rəqibi Rişi Sunaka nisbətən daha çox tanınır. Çünki o, XİN başçısı kimi xalqın etimadını doğrultmağı bacarıb. Üçüncüsü, Trassın yeganə ciddi rəqibi Rişi Sunak idi. Bu isə o deməkdir ki, Trass ən azı 50 faiz qalibdir. Dördüncüsü, keçmiş xarici işlər nazirinin seçki kampaniyası kifayət qədər ciddi idi. O, aylardır ki, bu prosesə hazırlaşırdı. Qadın siyasətçinin verdiyi vədlər onun qələbəsini təmin əsas məqamlardandır.
Çox güman, Trass verdiyi vədləri yerinə yetirəcək. O, uğurlu diplomatdır. Hazırkı baş nazirin həm daxildə, həm də xaricdə uğurlu addımlar atacağına inanmaq olar. Londonun xaric siyasətində ciddi dəyişiklik gözlənilmir. Çünki Britaniyanın və Mühafizəkarlar Partiyasının siyasi kursu sabitdir. Britaniyanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığı davam edəcək. Ukraynaya dəstək daha da güclənə bilər. Rusiya ilə bağlı kəskin mövqe isə olduğu kimi qalacaq. Bunu Kreml də bilir. Təsadüfi deyil ki, Rusiya xarici işlər naziri Sergey Lavrov seçkilərin nəticəsi açıqlanmazdan əvvəl Britanya ilə münasibətlərin daha da pisləşə biləcəyini istisna etmədiyinə dair açıqlama vermişdi.
Beləliklə, dünyanı və regionu yeni reallıqlar gözləyir. Ümid etmək olar ki, Trass planetin yeni “Dəmir ledi”si olacaq.
Kənan Novruzov