Düşmən obrazının dağıdılması və sülh quruculuğu

Müharibə psixologiyası. Müharibə qaçınılmazdırmı?

Müharibə hər zaman şiddət, zorakılıq, dağıtmaq və öldürmək kimi fərdi davranış psixologiyasından ayrı düşünülmüş, ümumilikdə yox etməyə yönəlik patalogiyadan fərqli olaraq tarixin gedişatına təsir göstərən siyasi-mədəni bir qavram vəya akt olaraq təqdim olunmuşdur. Xüsusilə 17-ci əsr filosofu Tomas Hobbs, o həm də “klassik realizmin atası” adlandırılır, müharibələrin qaçınılmaz olduğunu söyləmişdir. Müasir, neo-realizm Hobbsun dağıdıcılığa meyilli insan təbiəti ilə bağlı nəzəri əsaslandırmasını qəbul etməsə də, müharibənin qaçınılmaz olduğu tezisi daima şüurumuza yeridilməyə çalışılmışdır. Hələ ikinci dünya müharibəsinin başa çatmadığı 1943-cü ilin bir yanvar günündə sadə amerikan vətəndaşlarına belə bir sual ünvanlanmışdır: “Müharibədən sonra, dövlətlər, xalqlar arasında bütün müharibələrin dayandırıla biləcəyinə inanırsınızmı, yoxsa hər zaman böyük müharibələr olacaq?” Bu sorğuda iştirak edənlərin sadəcə 38%-i müharibələrin dayandırıla biləcəyinə inanır, böyük əksəriyyət isə əksini düşünürdü. Bu sorğunun üzərindən 80 il keçib, amma cavab dəyişməyib. ABŞ-da 2012-ci ildə keçirilən daha bir sorğuda iştirakçıların 60%-i müharibənin qaçınılmaz olduğuna inanır. Yəqin ki, 100 il və ya bir neçə əsr keçsə də nəticə eyni qalacaq. Bunun dəyişməsi üçün kontr-arqumentlər yaradan, sülh quruculuğu fəaliyyəti, həmçinin təbliğatı həyata keçirənlər də az deyil, məsələn Sülh Savadlılığı İnstitutunun rəhbəri Paul Chappel kimi bu mövzuda silsilə kitablar təqdim edən müasir nəzəriyyəçilər, ayrı-ayrı fərdlər, sülh quruculuğu istiqamətində çalışan müxtəlif təşkilatlar bu qəbildəndir. Klassik filosoflardan Jan Jak Russo, İmmanuel Kant, 20-ci əsrdə ABŞ Prezidenti Vudro Vilson, Norman Angell, Karl Deutsch, David Mitrany, Johan Galtung, Kenneth Boulding kimi insanlar, vs. sülh çalışmaları ilə savaşa qalib gəlməyin yolları arasalar da real dünyada müharibələr günü gündən artmaqda davam edir. Hazırda dünyada davam edən və 10 mindən çox insanın öldürülməsi ilə xüsusi dağıdıcı hesab edilən müharibələr bunlardır: 1948-ci ildə Myanmarda (vətəndaş müharibəsi), 1978-ci ildə Əfqanıstanda, 2006-cı ildə Meksikada (narkotik müharibəsi), 2014-cü ildə Ukraynada (Rusiya ilə), yenə 2014-cü ildə Yəməndə (vətəndaş müharibəsi), 2018-ci ildə Efiopiyada (vətəndaş müharibəsi) başlayan, zaman-zaman səngiyən, lakin hələ də başa çatdırılması mümkün olmayan müharibələr. Sadəcə 2020/2021-ci illərdə isə 1000-10 000 nəfər arası ölümlə nəticələnən münaqişələr isə bunlar idi: Əlcəzair (terrorizm), Burkina Faso (terrorizm), Kamerun (terrorizm), Çad (terrorizm), Kolumbiya (narkotik və vətəndaş müharibələri), DR Konqo (Terrorizm), İraq (terrorizm, siyasi qarşıdurmalar), Liviya (vətəndaş müharibəsi, terrorizm), Mali (vətəndaş müharibəsi, terrorizm), Mozambik (terrorizm), Niger (terrorizm), Nigeriya (terrorizm), Cənubi Sudan (etnik zorakılıq), Suriya (vətəndaş müharibəsi), Tanzaniya (terrorizm), Tunis (terrorizm).

Müharibələr qaçınılmazdır, ona görə ki:

  • Hər zaman yaşamaq və mövcudluğunu qorumaq, iqtisadi imkanlarla təmin olunmaq kimi ilkin haqları məhdudlaşdırılan, müvafiq ehtiyacları yetərli və ya ümumiyyətlə qarşılanmayan, müxtəlif formalarda təhdid edilən fərdlər yaxud kiçik və ya böyük insan qrupları mövcud olacaqdır.
  • Özlərinin siyasi, mədəni, dini, sosial və digər görüşlərinin, inanclarının və ideologiyalarının üstün olduğuna inanan fərdlər və ya qruplar mövcud olacaqdır.
  • Qadın və kişilər arasında ayrı-seçkiliyi dəstəkləyən və təbliğ edən, nəticə etibarilə kişilərdə müharibəyə marağı artıran sosial qruplar mövcud olacaqdır.
  • Təhsildən uzaq qalaraq /saxlanılaraq elmi araşdırmalara, biliyə, hüquqa və sosial normalara malik olmayan və müvafiq dəyərlərin daşıyıcısı olmayan çox saylı insanlar və qruplar Dünyada var olacaqdır.
  • Ən önəmlisi isə, imperial maraqlar daim mövcud olacaqdır.

Bu postulatlar özünü doğrultmazsa, yəni iddiaların tam tərsi baş verərsə, o zaman dünyada müharibələr deyil, sülh gündəliyi və sülh içərisində bərabər birgəyaşayış təmin olunar.

Yalnız əks fikir sahiblərinin ortaq fikrə gəlməsi, ortaq yol, yaxud “qızıl məxrəc” yaratması müharibəni önləyə, dayandıra vəya sonlandıra bilər. Tərəflərdən birinin qələbəsi isə tarixin çarxlarında mütləq bumeranq effekti yaradır və əbədi sülh mövcud olmur. Burada sülh quruculuğuna hansı siyasi nəzəriyyə pəncərəsindən yanaşıldığı da önəm daşıyır: liberal sülh quruculuğu, kommunist sülh quruculuğu, yaxud sosial sülh quruculuğu. Məsələn, Lenin 1917-ci ildə belə deyirdi: “Kapitalizm və sosializm yan-yana var olduqca sülh içində yaşaya bilməz, ya biri ya da o biri zəfər qazanacaq, ya Sovet Respublikası ya da dünya kapitalizmi üçün cənazə tədbiri baş tutacaqdır.” 1991-ci ilin 25 dekabrı SSRİ bağrağının endirilməsi ilə İttifaq respublikalarında kommunist dövlət quruluşunun cənazəsi təşkil olundu. Onun dağılması şərəfinə təşkil olunan son rəsmi furşetdə badələri Qərb liderləri xüsusi şövqlə qaldırmışdılar. Çünki qələbə onlarınki idi. Lakin yenə də əbədi sülh qazanıla bilmədi. Bu dəfə dövlətlər arasında yeni münaqişə ocaqları yarandı: Sovet imperiyasının dağıntıları altında qalıb əzilən xalqların tarixin çarxlarını döndərərək, bumeranq effekti yaratması kimi; eynilə Qarabağın və ətraf rayonların ermənilər və havadarları tərəfindən işğalına 30 ildən sonra Azərbaycan tərəfindən son verilməsi kimi. Hazırda sülh çağırışı Azərbaycan Prezidentinin dilindən səslənir, danışıqlar masasında birinci İlham Əliyevin əli qarşı tərəfə sülh məqsədilə uzanır. Lakin, davamlı sülhün əldə olunması üçün yalnız bir tərəfin prinsiplərinin deyil, hər iki tərəfin prinsiplərinin “ortaq məxrəcə” gəlməsi önəm daşıyır. Belə ki, Ermənistan 2022-ci ilin martında Azərbaycan tərəfindən təqdim olunan sülh müqaviləsinin əsasını təşkil edəcək 5 prinsipi qəbul edir, Azərbaycan isə Ermənistan tərəfindən təqdim olunan 6-cı prinsipi masaya belə yatırmır. Bu, artıq “gorbagor” olan status ilə bağlıdır. Azərbaycan tərəfi münaqişənin artıq həll olunduğunu, Ermənistanla müzakirə olunacaq hər hansı status məsələsinin qalmadığını, Qarabağdakı erməni icmasının taleyinin həllini isə öz daxili məsələsi hesab edir. Ermənistan tərəfinə uzanan əllər bir-birinin ərazi bütövlüyünü tanımağı, regional kommunikasiyaların açılmasını, siyasi və iqtisadi münasibətlərin bərpasını özündə ehtiva edir. Erməni tərəfinin üzərində iddia etdiyi məsələ ilə bağlı “ortaq məxrəc” əldə olunmazsa bu, sülhün davamlılığını və əbədiliyini təhdid edərək, tarixin çarxlarında illər sonra bumeranq effekti ilə əvəzlənə bilər. İkinci məsələ isə, “əbədi düşmən” obrazının dağıdılması ilə bağlıdır.

İkinci dünya müharibəsinin sonu fransızlar və almanlar

Üçüncü dünya ölkələri müharibələri və münaqişələri heç cür bitirə bilməzkən, Qərb savaşdan dərhal sonra sülh gündəliyinin yaradılmasında bacarıqlı və təcrübəlidir. Dünya tarixinin ən dağıdıcı müharibələrindən biri atom silahının ilk dəfə istifadə olunduğu, 1939-1945-ci illərdə yaşanan II dünya müharibəsi (DM) idi. Bu müharibədə almanlar 212 min nəfər fransız hərbçisini məhv etmişdi. Onlardan 92 min nəfəri sadəcə 1 il içərisində (1939-40-cı illərdə) öldürülmüşdü. Təkcə may-iyun aylarında 60 min fransız əsgəri almanlar tərəfindən qətl edilmişdi. Lakin II DM başa çatdıqdan sonra Avropada və ümumiyyətlə dünyada dağıntıları bərpa etmək, yaraları sağaltmaq və həyatın normal axışını təmin etmək, xüsusilə yeni qlobal müharibələri önləmək üçün sülh gündəliyi inkişaf etdirilməyə başlandı. Müharibənin başa çatmasından cəmisi 3 il sonra 1948-ci ilin yayında Cenevrə gölünün sahilində İsveçrə ziyalıları tərəfindən təşkil edilmiş tədbirdə fransız və alman merləri arasında görüş təşkil olundu. Reynin hər iki tərəfində güclü narazılıq hökm sürməkdə idi. Bu cür şəraitdə görüşə gedən Montbeliard (Fransa) şəhərinin meri Lucien Tharradin (o özü müharibə dövründə almanların Buxenvald konsentrasiya kampında əsir olmuşdu) görüşü belə təsvir edir: “İştirak edən bir neçə fransız və alman meri bir-birinə nifrətsiz baxmağa, bir-birlərinə bu sözləri deməyə cəsarət etdilər: keçmiş çox qaranlıqdır, lakin gəlin gələcəyi birlikdə görməyə çalışaq…”

Bu görüşlər sonrakı illərdə mütəmadi xarakter aldı, Montbeliard və Lüdviqsburq (Almaniya) arasında qurulan sıx münasibətlər 1962-ci ildə bu şəhərlərin qardaşlaşması, 1975-ci ildə Fransa-Almaniya mükafatına layiq görülməsi, 1989-cu ildə Avropa Şurasının Şərəf Bayrağını, bundan bir il sonra isə De Qoll/Adenauer mükafatını qazanmaları ilə nəticələndi. Sülh gündəliyi yaradılmasaydı, qardaşlaşma siyasəti tətbiq olunmasaydı, 2-ci dünya müharibəsində bir-birini qıran iki xalqın hökümət rəhbərləri 1963-cü ildə Yelisey sarayında tarixi Fransa-Almaniya barışıq sazişinə imza ata bilərdimi?!

Lakin çox önəmli bir məqam var: Fransa və Almaniyanın barışığını təmin edən vahid sistemin parçaları olmaları idi. Təbii ki, iki fərqli qütbdə yer alsaydılar, Leninin ifadəsi ilə demiş, deyil qardaşlıq, sülh və barışıq, yan-yana mövcudluqları da şübhəli olardı. Tarix 2 qütblü dünyanın olduğu bir vaxtda, eyni qütb daxilində iki üzvün savaşına (Türkiyə-Yunanıstan) şahidlik edərək əslində məsələnin sadəcə qütblə deyil, vahid dəyərlərin paylaşılmasıyla bağlı olduğunu ortaya qoyur. Ortaq dəyərlərin yaradılması sülhün, sabitliyin və münasibətlərin daha da möhkəmləndirilməsi deməkdir. Bununla yanaşı, savaş qaçınılmaz olsaydı, onu bitirmək üçün çox az çaba sərf olunar, onu bitirməyə çalışanlara qarşı isə əxlaqi müstəvidə məhkəmə iddiası qaldırılardı. Halbuki, Nobel mükafatını da məhz sülhü təmin edənlər əldə edir.  

Ortaq dəyərlərin yaradılması, “düşmən” obrazının yox olması

1917-ci ildə Çarizmi devirən kommunistlərin rəhbəri Lenin belə deyirdi: “Bu gün artlq sülh mübarizəsinə başlayırıq. Bu, çətin bir mübarizədir. Sülhün asanlıqla əldə edilə biləcəyini, sülh haqda danışan kimi burjuaziyanın onu sini qabda qarşımıza qoyacağını düşünmək saflıqdır. Aydındır ki, müharibəni bitirmək həm də sərmayəni məğlub etmək deməkdir”. Başqa ifadə ilə kommunistlər üçün öz sülh quruculuğu, sadəcə çarizmi deyil, həm də kapitalist üsul-idarəsini, kapitalist düşüncəsini məğlub etmək idi. Odur ki, sülh quruculuğu işi iki tərəfdən tamamilə fərqli mənzərəyə sahib ola bilər. Hədəf eyni – Sülh olsa da, hədəfə aparan yollar və vasitələr, o cümlədən məqsədlər bir-birindən tamamilə fərqlənir. Dəmir pərdələrin endirilməsinə qədər, münasibətləri qarşılıqlı güzəştlərlə qorumaq mümkün idi. Dəmir pərdələrin enməsi isə tərəflərdən yalnız birinin mübarizədən qalib çıxmasınadək, yəni Soyuq müharibənin başa çatmasınadək davam etdi. Məhz Soyuq Müharibə dövründə qarşı tərəfin “şeytanlaşdırılması” vəya “şeytan obrazının yaradılması”nın ən usta nümunələri ilə qarşılaşdıq. Bu obrazın yaradılmasında xüsusilə kütləvi informasiya vasitələri (KİV) əvəzsiz rol oynamışdı. Ümumiyyətlə düşmənin “şeytanlaşdırılması” müharibə propoqandası və psixologiyasının əsas alətlərindən biridir. Soyuq Müharibə dövründə Amerikan xalqı məhz bu alətlər vasitəsilə inandırılmağa çalışılırdı ki, düşmən, yəni SSRİ olduqca hiyləgər və qəddardır, məqsədi isə bütün dünyanı işğal etmək, demokratik dünya cəmiyyətinin inandığı bütün mənəvi dəyərləri yox etməkdir. Propoqanda maşının təsirinə düşən sadə amerikalı informasiya boşluqlarında əks tərəfin məlumatlarına çıxış tapanda isə, bunun yalan olduğunu anlayırdı. Lakin bu, çox az bir qisim idi.

Maraqlıdır ki, tarixən bir-birinə qarşı savaşan türklər və yunanlarda da zaman-zaman bir-birinə qarşı bu cür mənfi stereotiplər və düşmən obrazı canlandırılmağa çalışılmış, xüsusilə toqquşma anlarında milli anti-düşmən ritorikası ən üst səviyyəyə çıxarılmışdır. Xüsusilə KİV-lərin canfəşanlığı nəticəsində sadə yunan insanı türkün ondan nifrət etdiyini, sadə türk insanı isə yunanın ondan nifrət etdiyini düşünərək, qarşı tərəf haqqında uyduran “şeytan obrazına” inanmış olur. Halbuki türklərin və yunanların  da arasında aparılan rəy sorğuları bunun 100% belə olmadığını aydınlaşdırmağa yetir. Məsələn, son günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Yunanıstana xitabən “Bir gecə ansızın gələ bilərik” deməsindən sonra kəllə-çarxa qalxan həyacan, Yunanıstanın bu sitatı əsas gətirərək beynəlxalq qurumlara, hətta BMT TŞ-ə şikayət ünvanlaması və mümkün müharibə ssenarilərinin gündəmə gəlməsindən sonra sosial media hesabım vasitəsilə Türk yoldaşlar arasında kiçik bir sorğu keçirməyə qərar verdim. 4 sualdan ibarət bu sorğu bir çox mətləbdən xəbər verir:

  1. Sorğu iştirakçılarının 54,3%-i Türkiyə və Yunanıstan arasında yeni müharibənin yaşanmayacağını düşünür. Bunun ola biləcəyini ehtimal edənlər isə xeyli az, 22,9%-dir.
  2. 50% müharibə olarsa NATO-nun Yunanıstanı dəstəkləyəcəyini, hətta 11,8% Türkiyənin NATO üzvlüyündən çıxarıla biləcəyini, sadəcə 23,5% tərəfsiz qalacağını düşünür.
  3. Tarixən yaşanan türk-yunan müharibələrinin milli kin və nifrət duyğusu yaradıb-yaratmadığını öyrənmək üçün ünvanlanan suala isə böyük əksəriyyət, respondentlərin 74,3%-i Yunanıstan hökümətinin yanlış davranışları yunan xalqına qarşı nifrətə səbəb olmamalıdır cavabı vermişdir. Yunanları tarixi düşmən hesab edənlər isə cəmi 17,1%-dir.
  4. Türkiyə-Yunanıstan münasibətlərinin normallaşması üçün nə edilməsi gərəkdiyinə dair ünvanlanan suala isə respondentlər 55,9% qarşılıqlı şəkildə siyasi-diplomatik inisiativlərin həyata keçirilməsi, qarşı tərəfdə narazılıq yaradan ifadələr istifadə etməməyi, 29,4% isə Yunanıstanın NATO üzvü olaraq Türkiyəni qıcıqlandıracaq hərbi davranışlardan çəkinməsi gərəkdiyini, 8,8% müharibənin xalq və media və KİV tərəfindən dəstəklənməməsi gərəkdiyini qeyd etmişdir.

Sorğu nəticələri də göstərir ki, əslində sadə türk vətəndaşları yunanlara kin və nifrət bəsləmir. Əksəriyyət yaşananları hökümətlərin yanlış davranışlarının nəticəsi hesab edir. Bununla yanaşı türk cəmmiyyətində NATO-ya qarşı artan güvənsizlik və inamsızlıq sorğu nəticələrində də açıq-aydın müşahidə olunur.

Eyni sorğunu Azərbaycan cəmiyyətinə və reallıqlarına proyeksiya edərək ünvanlasaydıq, böyük ehtimal nəticə bu qədər “sülhsevər” olmazdı (Bəlkə daha geniş auditoriya ilə keçirilsə Türkiyə-Yunanıstan sorğusu da fərqli nəticələrlə vasil olardı). Lakin, Azərbaycan cəmiyyəti hələ daha çox cəzalandırma meyillidir və düşmən obrazının dağıdılması üçün zaman tam olaraq yetişməyib. Bu, ilk növbədə Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərinə tam olaraq əməl etməməsindən irəli gəlir. Belə ki, həmin şərtlər təmin olunsaydı, cəmiyyətdə sülh ab-havası da artardı. Lakin Sosial Tədqiqatlar Mərkəzi tərəfindən bu yaxınlarda keçirilmiş sorğunun nəticələrindən də aydın olur ki, sorğu iştirakçılarının 80,5%-i Ermənistan müvafiq bəyanatın şərtlərinə əməl etməsə Azərbaycanın apardığı hərbi (xüsusilə antiterror) əməliyyatların davam etdirilməsini dəstəkləyir.

Bütün bunlarla yanaşı, cənab Prezident İlham Əliyev başda olmaqla, müxtəlif siyasi fiqurlar, xüsusilə deputatların dilindən çıxan sülh çağırışları, diplomatik danışıqlar masasında erməni tərəfinə sülh məqsədilə uzanan əllər “düşmənçilik gündəliyinin” dəyişdirilməsi üçün yetişməkdə olan zamanın ilkin cücərtiləri təsiri bağışlayır. Bu baxımdan erməni mediasında və siyasi ritorikasında xüsusilə 2022-ci ilin aprel ayından bəri radikal dəyişikliklər müşahidə olunmaqdadır. Hər şey 13 apreldə Ermənistan Parlamentindəki iclasdan başladı: keçmiş müdafiə naziri tərəfindən Qarabağdakı qondarma rejimin “bayrağı” qaldırılanda hakim partiyadan Vahagn Aleksanyan bu bayrağı aşağı salmış və qeyd etmişdi: “”Bədbəxtlik qismət olanda, boş söhbətlər gündəlik işə çevriləndə, keçmiş müdafiə nazirləri “Artsaxın” bayrağı ilə gəlib Milli Məclisin tribunasına çıxmağa məcbur olurlar. Halbuki 30 il bu bayrağı lazımi yerlərdə sanca bilərdilər. Onlar bunun əvəzində yalnız soyğunçuluqla məşğul oldular”. Bundan sonra bir neçə ay Paşinyana qarşı müxalif qüvvələrin vahid, xaricdən dəstəklə təşkil olunmuş kütləvi aksiyaları gündəmi zəbt etsə də, gələn səslər arasında çox maraqlı, sülh gündəliyini təşviq edən səslər də az deyil. Məsələn, hakim “Vətəndaş Sazişi” partiyasından olan deputat Gurgen Arsenyan 14 apreldə belə bir çıxışı ilə diqqəti cəlb edir: “Erməni cəmiyyəti 25 ildir ki, çaşqınlıq içərisində idi. Sanki 9 noyabr 2020-ci il tarixində imzalanan sənəddən sonra Ermənistan elə bir dairəyə düşdü ki, burda Ermənistan Respublikası vətəndaşlarının ağıllı düşünmə bacarığı üçün “outsorsing” başlandı. Başqa sözlə hansısa qrupa və ya şəbəkəyə məxsus KİV-lər insanların beyninə o qədər material ötürürdü ki, ermənilər gedərək aqressiv və düşüncəsizləşirdilər. Bu “möhtəşəm” monopoliya Ermənistan identikliyini türkofob və azərbaycanofob etmişdi. Mənim dərin əminliyimə görə, bu, əslində əsl erməni kimliyi ilə heç bir bağlantıya malik deyil. Ermənilik tamamilə başqa bir kompleks düşüncələrə malikdir, bu düşüncə Ermənistanı investisiyalar üçün cazibədar, qonşuları ilə stabil münasibətlər quran, təhdidləri neytrallaşdıra bilən, qonşularla davamlı sülhü təmin edə bilən dövlətə çevirməyi məqsəd güdür. Ermənilikdə nifrət elementləri də olmalıdır, lakin bu nifrət hansısa millətə, xalqa deyil, cəhalətə, tənbəlliyə, arsızlığa, özündən razı müştəbehliyə və qul düşüncəsinə qarşı yönəlməlidir. Türkə nifrət erməni kimliyinin təzahür forması olmamalıdır”. O, həmçinin Qarabağda ermənilər arasında sülh gündəliyinin onların həyatına təhdid törədəcəyinə dair propoqandanın aparıldığını da xüsusilə vurğulayır və bildirir ki, halbuki, sülh Ermənistan xalqı üçün olduğu qədər, Qarabağ xalqı (erməniləri nəzərdə tutur) üçün də eyni qədər faydalı olacaqdır.

İyun ayında “Hayastan” və “Şərəfim var” bloklarından muxalif erməni deputatlar Ermənistan Parlamentində Azərbaycan və Türkiyə ilə münasibətlərə dair qətnamə layihəsi irəli sürsələr də hakim partiyanın rəhbəri Hayk Konjoryan bu qətnaməyə səsvermədə iştirak etməyəcəklərini açıqlamışdır. Başqa ifadə ilə Ermənistanda Azərbaycanla və Türkiyə ilə münasibətlərin bərpasını istəyən və dəstəkləyən, türkofob, azərbaycanafob düşüncənin ləğv edilməsinə, sülh və inkişaf məqsədləri üçün çalışan qüvvələr də vardır.

Bu qüvvələr bəzi uğurlar da qazanırlar. Məsələn, 16 iyunda Parlamentin deputatı Artur Hovhannisyan, muxalif partiyalara aid 14 deputatın mandatından məhrum edilməsinin imkanlarını aradıqlarını qeyd etmişdir. Əgər bu baş verərsə, hakim partiyanın parlamentdə mövqeyi biraz daha güclənəcəkdir. 2 iyulda artıq 2 muxalif deputatın Ermənistan Parlamentindəki yerindən məhrum edildiyi xəbəri paylaşılmışdır.

Parlamentdəki məhz həmin aprel iclasındakı çıxışında Paşinyan “Ermənistan Qarabağla bağlı plankanı aşağı salmalıdır” dediyinə görə bir neçə ay davam edən kütləvi ixtişaşların əsas təşkilatçılarından olan Parlament spikerinin müavini İşxan Sağatelyan mandatından məhrum edilə bilməsə də, hələlik müavin vəzifəsindən uzaqlaşdırılmışdır. O isə, öz növbəsində Daşnak Partiyasının məramına uyğun olaraq Paşinyanın impiçment qaydasında hakimiyyətdən uzaqlaşdırılacağı günü gözlədiyini açıqlamışdır. Paşinyanın Ermənistan hakimiyyətində Azərbaycanla sülh müqaviləsinin əldə olunması istiqamətində çalışdığını artıq yəqin edirik. Eyni zamanda Azərbaycanın Qarabağı, Rus sülhməramlıların nəzarət zonasında qalan əraziləri mərhələ-mərhələ, addım-addım azad etmə, regional kommunikasiyaları açma və Ermənistanla sülh yaratma siyasətinə uyğun olaraq, bu siyasətlə və gündəmlə səsləşən açıqlamaların da Ermənistan siyasi camiasından gəldiyini görürük. Məsələn, erməni deputat Vigen Xaçatryan: “Biz Laçını vermirik. Biz Laçını qaytarırıq. Laçın tarixən bizim olmayıb, indi də qaytarırıq” ifadələrini məhz bu konteksdə müsbət addım kimi qiymətləndirə bilərik. Hətta Azərbaycana qarşı sərt ritorikası ilə seçilən deputatlar belə, konyuktura uyğun məntiqi açıqlamalar verirlər. Məsələn, Ermənistan parlameninin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyanbəyan edib ki, Ermənistan 1991-ci ildə MDB-nin yaradılması haqqında sazişi imzalayaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: “Hər iki dövlət faktiki olaraq, bir-birinin ərazi bütövlüyünü tam olaraq tanıyıb. Və buna uyğun olaraq Ermənistanın Azərbaycan ərazisində heç bir ambisiyası yoxdur”. Ermənistanın digər bir deputatı Arsen Torosyanın açıqlaması isə tamamilə Azərbaycanın yaratdığı gerçəklikləri əks elətdirir: “Qarabağın müstəqilliyini tanımaq şansı yoxdur və heç vaxt olmayıb.” “Biz qeyri-müəyyən müddətə öldürülmək təhlükəsi altında qalmaq istəyirik, yoxsa münaqişəni həll etməliyik? Bunun üçün 30 ildir müharibə və hərbi münaqişələr şəraitində yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını sağaltmaq, düşmənçiliyi dərinləşdirməmək lazımdır. Azərbaycanlılarla uzunmüddətli ədavət salmaq bizim üçün tələdir. Biz nifrət oyatmamalıyıq. Dövlət əvvəlki illərdə Qarabağın müstəqilliyini təmin edə bilməyərək uğursuzluğa düçar olmuşdu. Bu fikir özünü aldatma idi. Qarabağın müstəqilliyini tanımaq şansı yoxdur və olmayıb. Biz çalışırıq ki, mina və ya gecikmiş partlayış Qarabağ probleminin həllinə çevrilməsin.”

Elə 2 sentyabr 2022-ci il tarixində qondarma rejimin öz müstəqilliyini elan etməsinin 31-ci il dönümü münasibətilə erməni cəmiyyətinə “təbrik mesajı” yollayan Nikol Paşinyanın mətnində də “Dağlıq Qarabağın müstəqil gələcəyi”nə yox, orda yaşayan etnik ermənilərin hüquqları və təhlükəsizliyi məsələlərinə vurğu edilir. O, həmçinin, bu məsələlərin həll edilmədikcə Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilən bütün bəyanatların heç bir əhəmiyyət kəsb etməyəcəyini qeyd edir. Təbiidir, Azərbaycan isə öz növbəsində bütün vətəndaşlarının hüquqları və təhlükəsizliyini təmin etdiyi kimi, Qarabağdakı erməni vətəndaşlarının da hüquqları və təhlükəsizliklərini təmin edəcəyini artıq dəfələrlə ən yüksək tribunalardan bəyan edib. Qalır Böyük Sülh Sazişinin imzalanacağı günü gözləmək. Deyilənə görə, bu da yaxın bir neçə ay ərzində, yaxud 2023-cü ildə baş tutacaq. Xüsusilə sülh mövzusunun qabardığı bir zamanda sərhəddə atışmaların artırılması ilə sülhə əngəl törədən qüvvələr isə Azərbaycan höküməti tərəfindən cəzalandırılmağa davam edəcək. Bu qətiyyən erməni xalqının deyil, onların “düşmən obrazını yaşatmaqda israrlı olan qüvvələrinin” cəzalandırılmasıdır. Hər şey Sülh naminə… Sülhə məcbur etmək üçün…

30 ildir işğal olunmuşluq və əzilmişlik sendromundan əziyyət çəkən bir xalq olsaq da, nəhayət ki, tarixi zəfər qazanmışıq. Haqqımız olanı geri almaq, tarixi ədaləti bərpa etmək, milyonlarla azərbaycanlının milli qururlarını və heysiyyatını yüksəltmək istəyi ilə alışıb yanırdıq. Artıq Qalib Xalq sendromu, Böyük Millət düşüncəsi ilə yaşamalıyıq. Bağışlamaq isə böyüklükdür. Unutmamaq şərtilə…

Şəhla Cəlilzadə/ekspert