Görünən siyasi məntiq bundan ibarətdir ki, Zəngəzur məsələsi Azərbaycanın əlində effektiv qorxuducu həmlə oldu. Normadan artıq diqtə edəndə normanın özünü sığortalamaq mümkün olur. Paşinyanın dediyi son fikir (əgər hansısa manipulyasiya deyilsə) onu göstərir ki, Ermənistan Qarabağdan tam əlini üzür və Azərbaycana deyir ki, Zəngəzura iddia etmə.
Zəngəzur tarixi bizim torpaqdır. Bunu danmaq xalqımıza əks getmək olar. Amma hal-hazırda azərbaycanlılara məxsus bütün keçmiş torpaqları geri istəsək bütün qonşu ölkələrin xəritələri gərək dəyişə. Bu da mövcud reallıqlarda mümkünsüz məsələdir.
Dünya 30 il bizim 20 min km² ərazimizin işğalına səs çıxartmadı, amma cəmi 100 km² Ermənistan ərazisinə daxil olunub deyə Vaşinqtondan Parisə calaq-calaq yazılar, təhdidlər edirlər.
Düşünürəm ki, Azərbaycanın məqsədi Zəngəzuru bütünlükdə götürmək deyil. İlk ən əsas məqsəd öz suveren ərazilərimizi bərpa etməkdir.
Həm də digər önəmli məsələ belədir ki, Ermənistan və ermənilər Qarabağa siyasi iddiadan imtina etsələr, hüquqi əsaslarda Rusiya sülhməramlılarına bizim ölkədə ehtiyac qalmaz. Yəni, nə deyib qalsınlar ki?
Digər geopolitik, iqtisadi mövzu isə 2 ildir saqqız kimi uzanan dəhliz məsələsidir.
Azərbaycan son 100 ildə ilk dəfə Ermənistana müəyyən edilmiş ərazilərdə əməliyyat keçirdi. Ciddən bu böyük ajiotaj və qorxu yaradıb, hansı ki sülhə məcburetmə funksiyasını həyata keçirə bilər. Ümid edək ki, belə də olacaq.
Tək əsas arzumuz budur ki, gələcək şəhidlərsiz, qansız olsun! Suverenliyimiz də itkilərsiz bərpa olunsun!
Ramil Həsənov