Pandemiyadan həqiqətən qurtulmuşuqmu?
Son 2 ildir ki, yəni demək olar 2020`ci ilin başlanğıcından bu yana planetimiz və ölkəmiz ağır pandemiya dönəmindən keçir. Bu dönəmdə ölkələrdə karantin elan edildi, məktəb, universitet, kafe, restoran, bir sözlə bütün ictimai obyektlər müəyyən fasilələrlə fəaliyyətini dayandırdı, təhsil və iş sistemi onlayn rejimə keçdi. Quru və hava yolları bağlandı, qlobal şəkildə insanlıq böyük iqtisadi, siyasi və sosial çətinliklərlə qarşılaşdı. Lakin son yarım ildir ki, həm dünyada, həm də ölkəmizdə yavaş-yavaş hər şey normallaşır. Bəs, görəsən, həqiqətən, pandemiyadan qurtulmuşuqmu? Həqiqətən, hər şey normala qayıda bilərmi? Bu suallarımıza cavab tapmaq üçün İnfeksionist Nicat Əzimli ilə söhbətləşdik.

– Nicat bəy, sizcə, ölkəmiz pandemiya dönəmindən tam şəkildə çıxıbmı?

– Bəli, Azərbaycan da digər bütün dünya ölkələr kimi hazırda pandemiyadan çıxma ərəfəsindədir. Bütün proqnozlar da, ehtimallar da bu yöndədir ki, pandemiya yaxın müddətdə sonlanacaq.Gedişat bunu göstərir.

-Bəs qarşıdan gələn qış aylarında yoluxanların sayında hansı dəyişikliklər gözlənilir?

-Xəstəliyin təsiri insanlarda artıq yüngülləşib. Son dövrlərdə,əsasən də son bir neçə ayda baş verən mutasiyalar nəticəsində yaranan yeni variantlar və onların subvariantları, xüsusilə də omikron variantının əsas xüsusiyyəti, xəstəliyi insanların daha yüngül keçirməsidir. Havaların soyuması ilə bağlı onu deyə bilərəm ki, mövsümi olaraq insanlar arasında rast gəlinən qripin də daxil olduğu kəskin respirator, infeksion xəstəliklər var. Koronavirus da bu qrupa aid edilə bilər. Bu səbəblə də soyuq ayların gəlişi ilə birlikdə Koronavirusa da yoluxmalarda artım olacaq. Amma bu artım o demək deyil ki, yoluxanlar virusu ağır keçirəcək, xəstəxanalar dolacaq. İnsanlar xəstəliyi ayaq üstə və ev şəraitində də müalicə edə biləcəklər.

-Məktəb, universitet və digər ictimai obyektlərin tam şəkildə fəaliyyətini davam etdirməsi virusun yayılması baxımından nə dərəcədə məntiqlidir?

-Xəstəlik yüngül olduğuna görə ictimai obyektlərin fəaliyyətinin yoluxmaları artırması, xəstəliyin artımına təsiri artıq böyük təhlükə kəsb etmir. Çünki yoluxmalar nə qədər çox olsa da xəstələrin vəziyyəti yüngüldürsə, bu deməkdir ki çox da narahat olmağa dəyməz. Ona görə də ictimai obyektlərin açıq olması ilə bağlı narahatlığa ehtiyac yoxdur.

-Bilirik ki, əvvəlki dövrlərdə də çox ciddi xəstəliklər olub, məsələn, Vəba, Taun buna misaldır. Qarşıda bizi hansı virus böhranları gözləyir?
-Yeni virusların və yeni virus ştamlarının yaranması, mutasiya nəticəsində baş verir.Təbiətdə cərəyan edən proseslər buna səbəb olur və bu prosesləri öncədən təxmin etmək mümkün deyil. Bəli, bəzi ehtimallar, bəzi yöntəmlər və üsullar var ki, bunlarla hansı növ xəstəliklərin ortaya çıxa biləcəyini öncədən təxmin etmək olur. Amma bunların dəqiq olaraq nə vaxt baş verəcəyi ilə bağlı öncədən fikir bildirmək mümkün deyil. Yəni bundan ötrü çox da narahat olmağa dəyməz. Çünki bunlar təbiətdə həmişə baş verən proseslərdir. Əgər bunun qarşısını ala bilmiriksə, bundan ötrü də narahatlığa heç bir əsas yoxdur.

-Əhalinin böyük hissəsinin vaksin olunduğunu nəzərə alsaq, onların gələcəkdə yaranan viruslara yoluxma ehtimalı nə qədərdir?
-Vaksinlər spesifik olur, hər xəstəliyin özünün vaksini olur. Əhali vaksinasiyada iştirak edərək ancaq Koronavirusa qarşı immunitet qazandı və bu vaksinasiya bizi yalnız sözügedən virusdan qoruyur.Həmçinin bu vaksinlər qısa müddətlidir, yəni effekti, yaratdığı immunitet 6 ay və bir az artıq davam edə bilər. Ona görə bu vaksinasiyanın digər xəstəliklərə aidiyyatı yoxdur.Gələcəkdə ortaya çıxa biləcək hansısa virusa qarşı müdafiə formalaşdırmır.

Röya Yusifbəyli, BDU Jurnalistika fakültəsinin tələbəsi