Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevi və Ermənistan hökumət başçısı Nikol Paşinyanı ölkəsinə növbəti üçtərəfli görüşə dəvət edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi xatırlatma etmə.
Əslində Putin İlham Əliyevlə Paşinyanı bir müddət əvvəl ölkəsinə dəvət etmişdi. Lakin hələ ki, nə Bakıdan rəsmi cavab var, nə də İrəvandan.
Əlbəttə, Şərqi Avropada davam edən müharibə və Qərblə toqquşma fonunda Rusiya Cənubi Qafqazdakı təsir dairəsinin azaldığını hiss edir. Bu, Kremlin imperialist xarici siyasətinə, onilliklər boyu davam edən regional kursuna uyğun deyil. Moskva buna öyrəşməyib.
Şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində Avropa İttifaqının təşəbbüsü ələ alması və sözügedən məsələdə müəyyən konsesusların əldə olunması Rusiyanı narahat edir. Aİ- nin mülki missiyasının regiona gəlişi də şimal qonşumuzun “qanını qaraldıb”.
Moskva uzun müddət regionda konfliktin qorunmasına çalışıb. İstər Minsk Qrupunun həmsədri kimi, istərsə də ondan sonrakı dövrdə – Şərqi Avropada savaş başlayana kimi Rusiyanın əsas məqsədi Cənubi Qafqazdakı münaqişə hesabına buradakı mövcudluğunu, həmçinin tərəflərə təsir imkanını qoruyub saxlamaq olmaq. Amma artıq durum dəyişib. Kremlin vasitəçiliyinə olan ehtiyac azalır.
Onu da nəzərə almaq lazımdır ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, rəsmi Moskvanın “terrorizmin sponsoru” kimi tanınması bu dövləti sivil dünyadan uzaqlaşdırır. Artıq dünya dövlətləri Rusiya ilə aralarına məsafə qoyurlar. Kreml müttəfiqlərini itirir. Belə bir vaxtda onun qonşularına – Azərbaycan və Ermənistana ehtiyacı var. Çünki bu cür davam edərsə, Rusiya regional proseslərdən təcrid edilə bilər.


Bütün bunları nəzərə alsaq, deməliyik ki, indi Rusiya Cənubi Qafqaz siyasətində səmimi olmağa məcburdur. Maraqlarına uyğun olaraq Qərbi bölgədən uzaqlaşdırmaq və ona olan inamı bərpa etməkdən ötrü Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində, həmçinin regional əməkdaşlıq mühitinin formalaşdırılmasında təşəbbüskarlıq etməlidir. Bunun ən yaxşı və düzgün yolu Ermənistana təzyiq göstərməkdir. Çünki regionda destruktiv siyasət yeridən tərəf məhz İrəvandır. Bakı ilə isə ultimatum dilində danışmaq olmaz. Çünki Azərbaycan artıq nəinki regional, həm də beynəlxalq “oyunçudur”. Bu o deməkdir ki, Rusiyanın Azərbaycana indi hər zamankından daha çox ehtiyacı var.
Üstəgəl, Türkiyə faktorunu da nəzərə almaq lazımdır. Moskva yaxşı başa düşür ki, Bakı ilə qeyri- səmimi münasibət Ankara ilə qarşıdurmaya səbəb ola bilər. Bu, indiki halda Kremlə qətiyyən lazım deyil.
Fikrimcə, yaxın vaxlarda Rusiyada üçtərəfli görüş baş tutacaq. Və müzakirələr nəticəsində hətta şifahi olsa belə, ciddi nəticələr əldə olunacaq. Bu, Rusiyanın regiondakı nüfuzunu, təsir gücünü qoruması üçün, bəlkə də, son şansı dır.
Kənan Novruzov