Dövrümüzün  problemlərindən biri də əsrlər boyu davam edən erkən evlilikdir. Bu gün bu ciddi problem normal hal vəziyyətini almağa doğru gedir.  XXI əsrdə bəzi problemlər öz inkişafından qalmır, hətta daha sürətli inkişafdadır.Erkən evliliyin doğurduğu fəsadlar kifayət qədər çoxdur, bu problemin nəticəsində azyaşlı gənclər, xüsusilə qızlar istismar olunur; təhsil, bilik kimi nemətlərdən məcburiyyət qarşısında qalaraq faydalana bilmirlər; hələ özləri uşaq olmasına baxmayaraq uşaq sahibi olur və problemli gələcək nəslin təməlini qoyurlar; hətta bu məsələyə görə ölənlərin sayı da az deyil. Bəs  məsələ bu qədər ciddidirsə niyə qarşısı alınmır? Və yaxud niyə bu sürətli inkişaf ləngimir?
Valideynlər övladlarını, onların gələcəyini və həyatını heç sayır. Öncədən ağıllarına yeridilmiş bu “ənənə” adı altında bir növ cinayət törədilir. Heç kim,hətta valideynlər belə övladlarının hüquqlarını, azadlığını, həyatını, sağlamlığını, təhsilini, gələcəyini əlindən ala bilməz və buna haqqı yoxdur. Bu gənclərin, bu qızların hüquqlarını hələ yetkinlik dövrünə çatmadan “böyüklər” silib atırsa, geriyə hüquqlarından bixəbər bir nəsil, hüquqlarından bixəbər “böyüklər” gəlir.


Problemin təməli də elə məhz burdan qaynaqlanır. Bəzi azyaşlılar bütün bunlara göz yumur, bəziləri “ölüm hökmü”nə dözə bilməyib bunu özləri reallaşdırır, bəziləri isə çıxış yolunu qaçmaqda görür.
Birləşmiş Millətlər Təşkilatı 18 yaşdan kiçikləri “uşaq” kimi tanıyır. Beynəlxalq təşkilat 700 milyondan çox olan uşaq evliliklərinin 2030-cu ilə qədər sonlandırılması çağırışını edib. Problem həll olunmayacağı təqdirdə bu say 2030-cu ildə 950 milyon və 2050-ci ildə 1.2 milyard olacaq.
Ölkəmizdə də hazırda bu məsələylə bağlı ciddi profilaktik tədbirlər görülür.
Hər bir məsələyə olduğu kimi erkən evlilik məsələsinə də nəzarət güclüdür, buna baxmayaraq ölkəmizin bəzi zonaları demək olarki rekord göstəriciyə nail olmaq niyyətindədir.Rəsmi rəqəmlərə görə,Cəlilabad rayonunda vəziyyət acınacaqlıdır. Burada dünyaya gələn uşaqların 49 faizi rəsmi nikahı olmayan  qadınlar tərəfindən doğulub.2021-ci ildə rayonda 3478 uşaq dünyaya gəlib onlardan 1696 uşağın valideynlərinin rəsmi nikahı olmayıb.
Qeyd etmək lazımdır ki, azyaşlını nikaha məcbur etmənin cəzası  – 3-4 min manat cərimə və 4 il həbs cəzası var.
Psixoloqların fikrinə istinad edərək, bildirmək olar ki, belə məsələlərin həlli yolunda addımlayarkən valideynlərlə  bir sıra görüşlər keçirilməsi məqsədəuyğundur. Onları oxşar düşüncələrdən yayındırmaq, bu cür hallarda hansı cəzalarla üzləşəcəklərini göstərmək və övladlarına bir gələcək borcu olduqlarını aşılamaq lazımdır. Bu tədbirlərin görülməsi, ölümcül xəstəliklərin vaksinasiyası qədər mühümdür. Erkən evlilik məsələsi adiləşməməlidi r.Çünki bu tendensiya dolayı yolla ölümə səbəb  olan  cinayət  hadisəsidir.

İbrahimova Aysun, BDU Jurnalistika fakültəsinin tələbəsi