Dünyanın əksər ölkələrini narahat edən əsas məsələlərdən biri, əsrin bəlası-narkomaniyanın geniş yayılmasıdır. Azərbaycanı da bu ölkələrin siyahısına əlavə etmək olar. Narkomaniyanın genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının artması əksər dövlətlərdə olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Bu səbəbdən də mövcud problemin həlli üçün yollar araşdırılır, müxtəlif təkliflər irəli sürülür. Narkomaniyadan psixoloji cəhətdən necə azad olmaq olar? Bu və ya digər suallarla bağlı Respublika Narkoloji mərkəzinin psixoloqu, Bakı Dövlət Univerisiteti və Xəzər Univerisitetinin müəllimi Ramin Allahverdiyevlə söhbətləşdik:
- Maddə asılılığının baş vermə səbəbləri nələrdir? Bundan necə azad olmaq olar?
- Öncə maddə asılığının baş vermə səbəbləri və irəliləmə proseduru barədə məlumat verim. Bildiyimiz kimi, maddə asılılığı beynimizin nevro-kimyəvi pozulması nəticəsində yaranan “xroniki” beyin xəstəliyidir. Xroniki ifadəsinə diqqət yetirmək kifayətdir ki,
“sağalma” əvəzinə “saxlama” sözündən istifadənin daha məqsədə uyğun olduğu anlaşılsın. Ona görə də şəxs asılılıqdan əziyyət çəkirsə, fiziki və psixi asılılıq aradan qaldırılsa belə, ömrünün sonuna qədər risk qruplarına aid olan şəxsdir. Çünki beyin həddindən artıq həzzlə tanış olduğuna görə qıcıqlandırıcılar hələ də mövcuddur. Həmin şəxs hər an maddə asılılığına geri dönə bilər. Asılılıqda fiziki, psixoloji və sosial problemlər özünü göstərir. - Pasiyentlə müalicə prosesi necə gedir?
- Biz ilk dəfə pasiyentlə işləyəndə onun qəbul etdiyi maddənin növü ilə tanış oluruq. Maddəni hansı tezlikdə və hansı miqdarda istifadə etdiyinə baxırıq. Bəzi maddələr var ki, şəxs onu qəbul edəndə detoksifikasiya adlanan proses başlayır. Bu zaman həkim-narkoloq müəyyən müalicə proseduru təyin edir. Bu, 10-12 gün müddətində davam edir. İnkişaf etmiş ölkələrdə belə bu proses terapiya hazırlıq mərhələsidir. Proses bitdikdən sonra maddə asılılığında biz əsas iki yöndən iş aparırıq. İlk olaraq, şəxsdə maddəyə qarşı tənqidi fikrinin formalaşması, yəni maddə istifadəçilərinin ilk başladıqları müddətdə və ya bir müddət sonra inkar mərhələsi kimi tanınan prosesdə olurlar. Bu o deməkdir ki, asılılıqlarını inkar edirlər. Psixoloqların üzərinə düşən ilk iş tənqidi fikrin formalaşdırılması və maddə istifadəsinin bloklanmış düşünən beynimizin aktivləşdirilməsidir. Bununla bərabər, ailə işi təşkil olunur. Ailə işində bizim əsas məqsədimiz valideynlərlə maarifləndirici görüşlərin təşkili, pasiyentlə davranış qaydalarıdır. Bunu etməkdə məqsədimiz odur ki, maddə istifadə edən şəxs təkanverici qüvvə kimi və bəhanə kimi maddədən istifadə etməsin. Maddə asılılığında terapiya uzun prosesdir, burada xüsusi terapiya metodları var ki, şəxsin yenidən maddəyə qayıtmaması üçün işlər görürük.
- Azərbaycanda narkomanların sayının artması və narkotiklərin qanunsuz istifadəsinin çoxalması nə ilə əlaqədardır?
- Bildiyimiz kimi, maddə asılılığı problem kimi dəyərləndirilir. Düşünürəm ki, maddə asılılığı problemdən çox problemdən qaçışdır. Problemi olan şəxslər-sevgisizlik, cəsarətsizlik, gücsüzlük, özünü günahlandırma və s. kimi hisslərdən əziyyət çəkən şəxslər maddədən istifadə etməklə özlərini hansısa problemi qısa müddətdə aradan qaldırırlar. Bir növ beyni müəyyən bir fərqli davranışla kondensasiya edirlər. Maddə asılığı əslində ehtiyacımız olmayan nəyinsə ehtiyac halına dönüşməsidir. Ona görə də insanların nəyə ehtiyacı varsa, onu maddə də tapırlar. Maddə asılığı ilə bağlı artımın səbəbi uşaqlarda yaşanan travmalar, asudə vaxtın düzgün dəyərləndirilməməsidir. Maddə asılıların sayının artmasına gəldikdə isə bu təkcə Azərbaycanda deyil, hazırda dünya üzrə statistik məlumatlara baxsaq görərik ki, əvvəllərə nisbətən insanların maddəyə qarşı yönəlmələri daha çox müşahidə olunur.
- Bəs buna səbəb nədir?
- Coğrafi, sosial-iqtisadi faktorlar, şəxlərin ailə profilinin böyük önəmi, maddələrin əl çatanlığının böyük əhəmiyyəti və s. bu problemə təsir edir. Əlbəttə koronavirus pandemiyası da bu məsələdə təkanverici rol oynadı.
- Vətəndaşlara, valideynlərə nələri tövsiyyə edirsiniz?
- Hazırda ən çox rastlaşdığımız problemlərdən biri valideynlərin övladlarının maddə asılısı olduğunu bildikləri təqdirdə onlara qarşı tutumlarınıdır. Ümumiyyətlə, maddə asılılığı zamanı şəxsdə bir sıra dəyişikliklər meydana gəlir. Bu dəyişikliklər sosial, fizioloji və psixoloji yöndən ola bilər. Ona görə də valideynlərə və vətəndaşlara tövsiyəmiz budur: Övladlarınızın maddə asılısı olduğunu düşünürsünüzsə, onlarla ünsiyyətə girməyə çalışın və bu ünsiyyət sadəcə müəyyən bir problemin həllinə deyil, övladınıza qarşı olan diqqətin təzahürü olsun. Bunu ona hiss etdirməyə çalışın. Şəxs maddə istifadə edirsə, bu onun konfort zonasına çevrilir. Valideynlər elə duruş sərgiləməlidirlər ki, şəxs maddəni konfort zona kimi deyil, sizin ona qarşı düşüncələrinizi konfort zona kimi qəbul etsin. Ona görə də biz həmişə tövsiyə edirik ki, hansısa bir dəyişiklik hiss etdiyiniz təqdirdə övladınıza “sən maddə istifadəçisisən” deməsinlər. Sonra isə bu məsələ ilə məşğul olan ən yaxşı mütəxəssisə müraciət edərək problemin həllində ondan dəstək almaq vacibdir.
Aytac Fuadqızı, BDU Jurnalistika fakültəsinin tələbəsi