Xankəndi-Şuşa yolunda dekabr ayının 12-dən etibarən torpaqlarımızda törədilən ekoloji terrora qarşı Azərbaycan xalqı etiraz aksiyaları keçirməyə başlayıb.
Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Qondarma Dağlıq Qarabağ Respublikasının Baş naziri Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının çıxarılması ilə bağlı şüarlar səsləndirirlər.
İştirakçılar Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.
Bu məsələ ilə bağlı vətəndaşların fikirlərini öyrəndik:

Siyasi şərhçi Elmir Səftərov: ” Artıq 6-cı gündür ki, Laçın-Şuşa yolunda fəal ekoloqlar, QHT və KİV nümayəndələri Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Rusiya sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparır. Aksiya iştirakçılarının tələbləri yerinə yetirilmədiyi üçün bu etirazlar hələ də davam edir. Bu aksiyalar tam haqlı olaraq keçirilir. Çünki hər bir ölkənin, vətəndaşın öz təbii sərvətlərini, ekosistemini qorumaq, ona sahib çıxmaq haqqı var. Ona görə azərbaycanlı fəalların istədikləri bu tələbələr tam təbii və hüquqi çərçivədədir.
İşğalçı Ermənistan ona dəstək verən ölkələrin köməkliyi ilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında qanunsuz istismar həyata keçirir. Bu da ekoloji terror davranışlarıdır. Bu səbəbdən etiraz edən azərbaycanlılar tələb edirlər ki, qızıl və mis yataqlarına Azərbaycanın səlahiyyəti qurumları yerində baxış keçirsin. Həmçinin tələb olunurki, ərazilərimizdə qanunsuz istismarlar dayandırılsın, monitorinq qrupları ətraf mühitə vurulan ziyanla bağlı potensial riskləri qiymətləndirsin və dəymiş zərərin nəticələrini aradan qaldırsın. Qeyd etmək istərdim ki, azərbaycanlılar Laçın- Şuşa yolunda ermənilərin Xankəndinə gedən humanitar yardımlarına mane olmur. Bu da Azərbaycan xalqının böyük və humanist olduğunun göstəricisidir. Buna baxmayaraq, Ermənistan tərəfi öz vandalizm davranışlarını dayandırmır və 2 il əvvəl olan hadisələrdən dərs çıxarmır. Azərbaycan dövləti isə Ermənistana sülh təklif edib və onlardan ciddi addımlar atılmasını gözləyir. Təssüf ki, qarşı tərəf ölkəmizin sülh təklifinə müsbət cavab vermir. Bölgədə istər təxribat, istərsə də ekoloji terror törətməyə davam edir.”

BDU Jurnalistika fakültəsinin tələbəsi Rəşid Qarayev: ” Xankəndidə baş verən hadisələr hazırda ölkənin diqqət mərkəzindədir. Xüsusilə gənclərimizin ön sıralarda can-başla iştirak etməsi qürurvericidir. Bir çox sosial media hesablarında indi baş verənləri 20 yanvar hadisələri ilə müqayisə edənləri görmək olur, aradakı fərq isə böyükdür. 1990-cı ildə SSRİ əsgərləri müstəqilliyi olmayan xalqın səsini batırmaq üçün toplanmışdı. İndi isə güclü ordusu olan Azərbaycan Respublikasının qarşısında “sülhməramlı” rus əsgərləri dayanır. Nəticə isə dəyişməz olaraq qalır, xalqımız silah qarşısında belə mətinliyini qoruyub saxlayır. Mən də bu aksiyaya qoşulmaq, ən ön sıralarda iştirak etmək istəyərdim, əlbəttə. Düşmənlərimiz və “sülhməramlı” qüvvələr unutmamalıdır ki, döyüş türkün bayramıdır!”.

Hərbi-siyasi ekspert Həşim Səhrablı: “Xankəndi-Şuşa yolunda keçirilən aksiyalar bizlərin fərd olaraq yanaşmalı olduğumuz bir məsələ deyil. Buraya öz ideoloji fərdlilikliyimizlə hansı düşüncədə olmağımızdan asılı olmayaraq dövlət nöqteyi-nəzərdən yanaşmamız lazımdır. Əgər etiraz aksiyalarının öz məqsədinə çatması üçün daha geniş kütləyə ehtiyacı yaranarsa, o zaman hər birimiz bu aksiyalara qoşularaq onun kəsərliliyini artırmalıyıq. Sülhməramlıların aksiyanın tələblərinə tam şəkildə riayət etməsi üçün əlimizdən gələni etməliyik. Çünki həmin bölgələr tamamilə bizim suverənliyimizdir. Buna görə də o ərazilərdə söz sahibliyi bizə geri verilməlidir. Sülhməramlıların orada mövcudluğunun səbəbi də bölgədəki Qarabağ ermənilərini Azərbaycana inteqrasiya proesesinə hazırlamasıdır. Azərbaycan xalqının bu nöqteyi-nəzərdən borcudur ki, sözügedən hədəfə doğru əlindən gələn bütün addımları atsın”.

BDU Jurnalistika fakültəsinin tələbəsi Çinarə Muradova: “Madam ki, Xankəndi və digər Qarabağ bölgəsi bizimdir, bəs onda niyə vətəndaşlarımız oraya buraxılmır?! Niyə yolları bağlıdır?! Xankəndi Azərbaycan Respublikasının torpağıdırsa, biz vətəndaşlar da istədiyimiz zaman oraya gedib, gələ bilərik. Yolları bağlayıb, heç kim haqlı səbəblər axtara bilməz. Aksiya keçirməyə də sonsuz haqqımız var.”

Şuşada havanın kəskin olmasına baxmayaraq, etiraz aksiyaları davam edir.

Gülbəniz Səfərova, BDU Jurnalistika fakültəsinin tələbəsi