Bu yaxınlarda Gəncədə dəm qazından qadın zəhərlənərək dünyasını dəyişib. Belə ki, 1984-cü il təvəllüdlü Rüstəmova Ramilə Əflatun qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Qadın xəstəxanaya çatdırılsa da onun vəfat etdiyi məlum olub.
Ölümün adi hal aldığı bir dövrdə onların səbəblərini araşdırmaq nə cür fayda verir?
Ehtiyatsızlıqdan baş verən insan itkilərinə nəzər yetirsək, sayı günbəgün artır. Bu cür itkilərin qarşısını almaq üçün mövzuları işıqlandırmaq, insanlara xəbərdarlıq etmək məqsədə uyğundur. Ümumiyyətlə, dəm qazından qorunmağın yolu nədir? Evlərdə dəm qazından istifadənin alternativi varmı? Təhlükəsizliyi maksimum formada necə təmin etmək olar?

Suallarımıza cavab tapmaq üçün təhlükəsizlik eksperti Elmar Nurəliyevə müraciət etdik. O, dəm qazının necə yarandığı haqqında danışdı:
“Dəm qazından zəhərlənmə yanma prosesi düzgün getməyən zaman baş verir. Ona görə mütləq müasir standartlara cavab verən qaz sobalarından istifadə etmək və qaz cihazlarına kənardan müdaxilə etməmək lazımdır. Tüstü bacaları ildə 2 dəfədən az olmayaraq təmizlənməlidir. Bacalarda qırıq, dəlik, çat olmalı deyil. Ümumiyyətlə, qaz cihazı olan otaqda mütləq tüstü bacası işlək vəziyyətdə qalmalı və havalandırma olmalıdır.”


E.Nurəliyev qaz cihazlarının qurulmasındakı yol verilən səhvlərə toxundu:
“Qaz cihazları otağın kvadratına, həcminə görə müəyyənləşdirilir. Təbii ki, bəzi vətəndaşlar bunu bilmədən otağın həcminə uyğun olmayan qaz cihazlarından istifadə edirlər. Üstəlik, otaqda havalandırma yoxdursa, təəssüf ki, bu, dəm qazından zəhərlənməni qaçınılmaz edir. Qaz təchizatına aid olan bütün təhlükəsizlik qaydaları həmişə ön planda olmalıdır və vətəndaşlar bu qaydalara riayət etməlidirlər ki, bədbəxt hadisənin qurbanı olmasınlar. Dəm qazından zəhərlənmə əsasən hamam otaqlarında yaranır. Hamam otaqlarında dəm qazının olması təhlükəsizlik baxımından yolverilməzdir. İndi müasir dövrün istilik avadanlıqları, qaz sobaları var. Hamam otağında qaz təchizatı varsa, belə, əlbəttə ki, orada mütləq ventilyasiya, nəfəslik olmağı vacibdir. Bunlar olmasa yanma prosesi pozulacaq və nəticədə dəm qazı əmələ gələcək”.
Ekspert tüstü bacalarının təmizlənməsinin vacibliyini də vurğuladı:
“Bəzən elə olur ki, tüstü bacalarının içində məişət tullantıları peyda olur və ya heyvan, quşlar orda yuva sala bilirlər. Beləliklə də tüstü bacası yararsız vəziyyətə gəlir. Bu da öz növbəsində yanma prosesini çətinləşdirir və natamam yanma nəticəsində dəm qazı əmələ gəlir. Tüstü bacalarının təmizlənməsini xüsusi şirkətlər eləcə də, insanların özü də edə bilər”.
Gülay Məmmədova,
BDU Jurnalistika fakültəsinin tələbəsi