Ermənistan baş naziri Nikol Paşinyanın dedikləri bir daha fikrimizdə haqlı olduğumuzu göstərdi.

Bir bəyanat və bağlı qapılar arxasındakı xəbərdarlıqla Nikol Paşinyan Brüssel platformasında üzərinə götürdüyü bütün öhdəliklərin üstündən xətt çəkdi. Əgər Soçiyə qədər Paşinyan iqtidarı Azərbaycanın sərhədlərini və suverenliyini tanıyacağını qeyd edirdisə, Qarabağın statusu mövzusundan imtina etmişdisə və Ermənistanı Qarabağsız görürdüsə, hazırda vəziyyət yenidən əvvəlki halına qayıtdı.

Beləliklə, sülh müqaviləsinin bu il imzalanması təxirə salınır, Qarabağ mövzusu dondurulur. Lakin, bunu təklif edənlər başa düşməlidirlər ki, 30 il ərzində də bu mövzu dondurulmuşdu. Nəticə isə 44 günlük müharibə ilə yekunlaşdı.

Ermənistan rəhbərliyi öz sərhədlərinə qərbin xüsusi missiyasını göndərərək və Qarabağla bağlı xaricdən ona gələn əmri yerinə yetirməklə öz aləmində irəliləyiş əldə etdiyini düşünsə də, əslində bu dəfə Ermənistan dövlətinin özünün gələcəyi şübhə altına düşmüş oldu. Bu arada son baş verənlər Qərb – Ermənistan, Qərb- Azərbaycan, Rusiya – Ermənistan, Rusiya – Azərbaycan münasibətlərinə yeni çalarlar verəcək.

Zaur Məmmədov, politoloq