Son illərdə Azərbaycanın tamaşaçı marağına səbəb olan filmlərin sayı elə də çox deyil… Bəzən bunu ssenarilərin bayağı olması, kadr kasadlığı və maliyyə çatışmazlığı ilə əlaqələndirirlər. Lakin insanların sevgisini qazanmaq üçün külli miqdarda puldan daha çox real hekayələrin olduğu kimi təqdimatı yetərlidir.
Azərbaycanın belə uğurlu filmlərindən biri də ssenaristi Sədaqət Kərimova olan “Soyuq Günəş”dir. Filmin baş qəhrəmanları Yarqunat və Yarmətdir. Film müharibə problemləri və məhəbbət mövzusunda lentə alınıb.
Əsərin baş qəhramanları olan Yarmət və Yarqunat bir-birlərini sevirlər, ancaq Yarqunatın anası və atasının söhbətindən aydın olur ki, onlar qızlarını kənddə varlı ailədən olan Osmanla evləndirmək istəyirlər. Yarqunat buna qarşı çıxaraq Osmana arvad olmayacağını bildirməyinə rəğmən, anası qərarından dönmür, belə olan halda bir-birini sevən iki gənc qaçmaq qərarına gəlirlər. Ancaq onların bu cəhdi də uğursuz sonlanır. Osman vasitəsilə xəbər tutan Yarqunatın qardaşı Həmdullah onları tapır və Yarqunatı geri qaytarır. Bundan sonra Osmanla Yarqunatın toyu tezləşdirilir..Nəhayət , toy günü çatır, Yarmət gəlib Yarqunatı aparmaq istəsə də, o, ənənəyə qarşı çıxıb gedə bilmir.
Həmin vaxt kənddə xəbər çıxır ki, müharibə başlayır, əli silah tutan hər kəs müharibəyə yola düşür. Yarmət də bunlardan biri olur. Yarqunata nə qədər təzyiqlər olunsa da, o, Osmanın ona toxunmasına icazə vermir, yatağına xəncər qoyur, Osmana arvad olmur.
Yarmətin müharibəyə getdiyindən xəbər tutan Yarqunat huşunu itirir, ölümdən dönür, bundan sonra onu atası evinə gətirirlər. Yarqunatın ailəsi elədiyi əməldən peşman olur, Həmdullah kənddə qala bilməyib evini tərk edir.
Müharibə bitsə də, gətirdiyi fəlakətlər çoxunun evini işıqsız qoyur. Yarmət müharibədən qayıtmır, anası oğlunun həsrətinə dözə bilməyib dünyasını dəyişir. Yarqunat bundan sonra Yarmətin evinə köçür, onun bacısı uşağını övladlıq götürüb, min cür əzab-əziyyətlə boya-başa çatdırıb oxudur. Yarmət oğlu Sadir alimlik dərəcəsinə yüksəlir , Türkiyədən elmi konfransa dəvət alır. Bütün əsas hadisələr bundan sonra baş verir. Sadir Türkiyədə kafedə olarkən bir qızın ifasında Yarqunat mahnısını dinləyir, həmin xanımla söhbətindən aydın olur ki, qız Yarmətin övladıdır.
Ləzgiyyə ilə Sadirin arasında az müddət ərzində bir doğmalıq yaranır və Ləzgiyyənin ailəsi ilə Sadir tanış olur. Sadirin Ləzgiyyənin anası ilə söhbətindən Yarmətin illərdən bəri vətən həsrəti çəkdiyi, amma müharibə dövründə alman dustaqlığından qurtulmuş əsgərlərin vətənə qayıtmasına icazə verilmirdi. Sadir Ləzgiyyə ilə sağollaşıb Azərbaycana qayıdır və tezliklə, onları Azərbaycanda gözlədiyini bildirir…
Ləzgiyyəgilin Azərbaycana gəlmək üçün sənəd düzəltmələri tam 1 il çəkir, bu müddət ərzində Sadir bunu anasından gizlədir, nəhayət, 40 ildən sonra Yarmət doğma torpağına yola düşdü. Və uzun illərin həsrətindən sonra Yarmət və Yarqunat bir-birlərinə qovuşurlar. Bu vaxta qədər Yarməti gözləyən Yarqunat fikirlərini belə ifadə edir:
-Mən elə bilirdim ki, sən mənim həyatıma isti günəş kimi doğacaqsan, sən demə, sən “soyuq günəş”sənmiş.
Köhnə xatirələri yada salan Yarmət və Yarqunat sağollaşırlar, bu zaman Yarmət qəbiristanlıqda ana və atasının yanında özünə yer ayırıb vəsiyyət edir. Yarqunat isə cavabında deyir: ” görürsənmi etibarını, o biri dünyada da məni yanında istəməmisən, orda mənə yer yoxdurmu?! Get ,Yarmət, get , ömrümə doğmayan, mənə xoşbəxtlik bəxş etməyən soyuq günəş. Həyatıma ikinci dəfə soyuq günəş kimi doğdun, ümidlərlə dolu qəlbimi buza çevirdin”.
Və yenə səslənir Yarqunat mahnısı.
-Get ,Yarmət,get… Mənə sənlə bağlı xatirələr yetər.
Bunu deyən Yarqunatın son istəyi Yarbulağın suyu olur, bir ağacın altına çökən Yarqunat gözlərini əbədi yumur…
Uzun illərin ayrılığından sonra bir-birini tapan iki insanı həyat yenidən ayırır. Belə bir deyim var: “hər kəsin həyatı öz əlindədir, istəsə, yaxşı həyat sürdürər, istəsə, pis”. Bəzən heç də belə olmurmuş, valideynlərimizin səhvinə görə bir ömür boyu əziyyət çəkirmişik, xoşbəxtliyi var-dövlətdə görən ailələr bilmirlər ki, övladlarını pula qurban verirlər. Valideynlərin övladlarına böyük sevgisi və xoşbəxtlik arzusu bəzən onlara reallığı görməyə imkan vermir, ürək,qəlb məsələlərində övladlarla valideynlərin milli adət-ənənələrin təsiri altında bir-birinə güzəştə getmələri bir sıra hallarda acı nəticələrə gətirib çıxarır .Qızlarına duz yükü kimi baxan, “Tez evlənənlə tez yuxudan duran qazanar” şüarını əllərində bayraq edən valideyinlərin sonrakı peşmanlığı heç bir fayda vermir.
Digər tərəfdən isə, qadın vəfasına, sadiqliyinə, şərəfinə şahid oluruq. Ssenarist Yarqunat obrazı vasitəsilə əsl Azərbaycan qadınını nümayiş etdirir.
Fikrimcə, hər bir ailənin təməli saf məhəbbətdir. Valideynlər bunu unutmamalı, övladlar isə öz xoşbəxtlikləri uğrunda mübarizə aparmağı bacarmalıdır. Əgər adət-ənənələr bizim xoşbəxtliyimizə kölgə salırsa, həmin adət-ənənələri məhv edin, getsin.
Şahanə Tağızadə, BDU, Jurnalistika fakültəsinin tələbəsi