“Xerson uğrunda gedən döyüşlər müharibənin gedişində həlledici rol oynayacaq.”
Bunu Serbiya prezidenti “Pink “ telekanalına müsahibəsi zaman deyib.
Vuçiç Xerson uğrunda döyüşləri Böyük Vətən müharibəsi zamanı baş verən Stalinqrad döyüşü ilə müqayisə edib:
“Qarşıdan çox ağır dövr gəlir, növbəti qış daha da çətin keçəcək, çünki Stalinqrad uğrunda döyüşün bənzəri olan və Ukraynadakı müharibənin taleyini həll edəcək döyüşün şahidi olacağıq. Xerson döyüşündə hər iki tərəf minlərlə tank, uçuş aparatları və artilleriya istifadə edəcək. Qərb düşünür ki, bu yolla Rusiyanı dağıda biləcək, Rusiya isə hesab edir ki, yalnız bu yolla müharibənin əvvəlindən əldə etdiyini qoruyub saxlaya və müharibəni sona çatdıra biləcək. Bu isə öz növbəsində dünyanın hər yerində əlavə problemlər yaradacaq.”
Söhbət İkinci dünya müharibəsi illərində böyük hərbi – siyasi hadisə olmuş Stalingrad uğrunda döyüşdən gedir. Elit verhmaxt qrupunun mühasirəsi, məğlubiyyəti və ələ keçirilməsi ilə başa çatan döyüş Böyük Vətən müharibəsinin gedişində köklü dəyişikliyə nail olmağa böyük töhfə vermişdi və İkinci Dünya müharibəsinin sonrakı gedişatına ciddi təsir göstərdi. Qızıl ordu strateji təşəbbüsü ələ keçirmiş və düşmənə öz iradəsini diktə etmişdi.
Məsələ ilə bağlı hərbi ekspert Ramil Məmmədlinin fikirlərini öyrəndik.
Ekspert Xersonun Rusiya ilə Krım yarımadasının birləşdirilməsində əhəmiyyətə malik olduğunu bildirib:
“Xerson şəhəri Ukraynanın cənubunda, Krım yarımadası ilə Rusiya arasında quru sərhəddi birləşdirən bir ərazidə yerləşir. Xerson şəhərinin Rusiyanın nəzarətinə keçməsinin əsas səbəblərindən biri məhz Rusiya Federasiyası ilə Krım arasında olan quru sərhəddin bərpası idi. Donetsk, Mariupol, Xerson istiqamətində, Azov dənizi və Qara dəniz boyunca quru sərhəddin nəzaratə götürülməsi sonrakı proseslərdə Krımın təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir. Rusiya ordusu bu missiyanı tamamladı və Xersonu ələ keçirdi.
Məsələ burasındadır ki, Xerson ilk növbədə Krımın quru sərhəd vasitəsi ilə Rusiyaya çıxışıdır.”
Ekspert, həmçinin Xerson döyüşünün Stalinqrad (Böyük Vətən müharibəsi) döyüşü ilə əlaqələndirilməsi ilə bağlı fikirlərə aydınlıq gətirib:
“Xerson həm taktiki, həm də strateji baxımdan Krımın taleyini həll edən əhəmiyyətli istiqamətlərdən biridir. Xerson döyüşlərinin Stalinqrad, yaxud Kursk döyüşləri ilə eyniləşdirilməsinin əsas səbəblərindən biri məhz Xersonun strateji və taktiki əhəmiyyəti ilə bağlıdır. Taktiki əhəmiyyəti ondan ibarətdir ki, Krımın quru ərazidən Rusiyaya çıxışının əldə olunması məhz Xersonun rusların əlində olması ilə bağlıdır. Strateji əhəmiyyəti isə ondan ibarətdir ki, Krımın gələcək təhlükəsizliyinin təmin olunmasında Xerson əhəmiyyətli məntəqə rolunu oynayır.”
Ramil Məmmədli Xersonun itirilməsindən sonra baş verə biləcək proseslərin nəticələri barədə proqnozlarını qeyd edib:
“Xersonun Rusiyanın nəzarətində olması gələcəkdə Rusiyanın Odessa və Ukraynanın mərkəzinə, dərinliyinə doğru hərəkət etməsinə də şərait yaradır. Bu baxımdan, Xersonun ukraynalılar üçün müharibənin taleyində böyük rol oynadığını demək olar. Ukrayna bütün gücünü ortaya qoyaraq Xersonu geri qaytarmaq, bununla da Rusiyanın strateji niyyətinin qarşısını almaq istəyir. Bu gün Ukrayna Xersonu geri qaytarmasa, bu gələcəkdə ukraynalılar üçün ciddi problem yaradacaq və Krım təmamilə nəzarətdən çıxmış olacaq.”
Jalə Quliyeva, BDU jurnalistika fakültəsinin tələbəsi