Son zamanlar müxtəlif KİV- də, həmçinin sosial şəbəkələrdə yayılan məlumatlara görə Qarabağda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi silah – sursat daşınır. Onlar humanitar yük kimi təqdim edilir. Yüklərin əksəriyyəti Rusiyanın Gümrüdəki hərbi bazasından daşınır. Məlumata görə, bəzi silahlar İran və Suriyadan sifariş edilib.
Bu ssenari bizə tanışdır. Daha əvvəl də “tikinti materiallar” adı altında qarşı tərədə silahların daşınması barədə məlumatlar yayılmışdı. Əlbəttə, bu oyunlarda maraqlı olan tərəflər var. Onlar Cənubi Qafqazda sabitliyin bərpa olunmasını istəmirlər.
Maraqlıdır, hazırkı “alver” nə ilə bağlıdır? Ermənistanda revanşistlər kobra kimi yeniden baş qaldırıb, yoxsa hərbi- siyasi hakimiyyət xam xəyallara qapılıb?
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bu barədə danışarkən bildirdi ki, 2020- ci il noyabrın 10- da imzalanan üçtərəfli sənəd Azərbaycan, Rusiya və Ermənistan arasında münasibətləri tənzimləyir: “Həmçinin Azərbaycan 5 maddəlik sülh təklifi irəli sürüb. Rusiya üçtərəfli razılaşmanın əsas tərəflərindəndir. Bununla belə, artıq beynəlxalq reallıqlar dəyişib. Azərbaycan iki il əvvəlkinə nisbətən çox inkişaf edib. İndi biz regional siyasi oyunçuyuq. Kifayət qədər təsir imkanlarına malikik. Şərqi Avropadakı müharibə ilə bağlı olaraq isə Rusiyanın mövqeləri zəifləyib. Qərb və İran son vaxtlar xüsusi fəallıq göstərir. Regionda mübarizə üçün yeni meydan açılıb. Bu mübarizə meydanında Qarabağdakı separatçılar müxtəlif güclərin əlində oyuncağa çevrilib”.


Analitikin sözlərinə görə, hazırda Rusiyanın Ermənistandan sıxıldırılması prosesi gedir: “Hətta Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması ilə əlaqədar olaraq regiona Qərb müşahidəçiləri dəvət olunub. Bu, Rusiyanın “oyundankənar” vəziyyətə salınması üçün atılan addımdır. Qeyd edim ki, bir müddət əvvəl Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilən üçtərəfli görüş tam qələbəmizlə başa çatdı. Dövlət başçımız rusiyalı həmkarına dedi ki, artıq Qarabağ məsələsi həllini tapıb. Prezident İlham Əliyev, həmçinin “qırmızı xəttlərimizi” xatırlatdı. Beləliklə, dövlət başçımız göstərdi ki, məsələnin Azərbaycanın istədiyi formatdan başqa həll yolu yoxdur. Əks halda regiona sülh təmin oluna bilməz. Belə bir məqamda biz Rusiyanın separatçılar vasitəsilə Qarabağa yerləşməsini müşahidə edirik”.
Ekspert düşünür ki, Rusiya silahlı birləşmələr vasitəsilə regionda qalmağa çalışır: “Halbuki o terrorçular Azərbaycana qarşı nə qədər təhdid yaradacaqlarsa, bir o qədər də Ermənistan hakimiyyəti üçün təhlükə mənbəyidir. Xatırladım ki, sülhməramlılar regionda müvəqqətidirlər. Və onlar 2025- ci ildə regionu tərk edəcəklər. Bununla bağlı ölkə rəhbəri də konkret fikir səsləndirib”.

Jalə Gözəlova, BDU Jurnalistika fakültəsinin tələbəsi