Almaniya kansleri Olaf Şoltsun Davosda keçirilən forumda “Putin dünyaya diktə edə bilməz: Ukrayna bunu qəbul etmir, biz də etməyəcəyik”, deyə qəti mövqe nümayiş etdirməsi həqiqətən də təqdirəlayiq haldır.

Bildiyiniz kimi bir müddət öncə elə həmin forumda onlayn formatda çıxış edən Henri Kissincer isə tamamilə əks mövqe nümayiş etdirmiş və az qala Putinin vəkili kimi çıxış etmişdi.

Kissincer kimdir bunu hamınız yaxşı bilirsiniz. Bəziləri onu “Amerikan xarici siyasətinin patriarxı”, “ABŞ “dərin dövlət”inin əsas siması”, “pərdəarxası razılaşmalar ustası”, “dünyanın 1 nömrəli beyin hücumçusu” və s. kimi epitetlərlə təqdim edirlər. Əslində bu epitetlərin hamısı düzdür. Çünki adam hazırda həqiqətən də dünyanın 100 intellektual adamı sırasında birinci yeri tutur. Bu bizə elə də adi bir göstərici kimi görünməsin. Heç də hər ekspert, hər təhlilçi bu zirvəyə yüksələ bilmir. Ancaq bəzən hətta bunca ağıllı strateqlər də dəngəsini, mizan-tərəzisini itirib obyektiv dərin təhlilçidən adi təbliğatçıya (propaqandistə) çevrilirlər. Henri Kissincer də təəssüf ki, bu acı aqibəti yaşadı və Putinin ucuz təbliğatçısına, lobbistinə çevrildi.

Onun Davos Forumundakı çıxışı zamanı Ukraynanı təslimçiliyə, Qərbi isə Rusiya ilə anlaşmaya getməyə çağırması və “Fəlakətdən yayınmaq və sülh əldə etmək üçün Ukrayna Rusiyanın şərtlərini qəbul etməlidir. Yaxın iki ay ərzində danışıqlara başlanılmalıdır”, deyərək, Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsinin vacibliyini vurğulaması əsl həqiqətdə Qərbin hazırkı anti-Rusiya birliyini parçalamağa və Rusiyanın “sifət”ini xilas etməyə xidmət edir.

Xatırlayırsınızsa, iki ay bundan öncə Fransa prezidenti Emmanuel Makron da təxminən eyni təkliflə çıxış edərək Putlerin həm dünya ictimaiyyəti qarşısında, həm də daxili auditoriyada (sıravi rusiyalılar qarşısında) qürurunu, “sima”sını saxlamaqdan ötrü Ukrayna liderini ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməyə çağırmışdı. Buna həddindən artıq sərt reaksiya verən Zelenski isə Makronu “Ukraynaya qarşı xəyanət”də ittiham etmişdi. Zelenski haqlıydı.

Və onun haqlı olduğunu Almaniya kansleri Olaf Şolts da həm Davosdakı çıxışında, həm də “Doyçe Velle” nəşrinə müsahibəsində bu sözlərlə təsdiqlədi:

“Dünyada heç kim Rusiya prezidentinin diktə etdiyi şərtlərlə Ukraynada sülhü qəbul etməyəcək. Putin qalib gəlməməlidir və bunu bacarmayacağına əminik. Diktə edilmiş sülh olmayacaq, ukraynalılar bunu qəbul etmir, biz də qəbul etməyəcəyik. Çünki hazırda təkcə Ukraynanın taleyi deyil, həm də beynəlxalq nizam təhlükə altındadır. Buna görə də bizim məqsədimiz çox aydındır – biz Putinin bu müharibədə qalib gəlməsinə imkan verə bilmərik və inanıram ki, o, qalib gəlməyəcək”.

Henri Kissincerdən fərqli olaraq Olaf Şolts Rusiyanın nəyə görə dayandırılmasının vacib olduğunu həm də onun idarəolunmaz nüvə dövləti olmasıyla izah edir: “Nüvə dövləti olan Rusiya elə davranır ki, sanki onun sərhədləri yenidən çəkmək hüququ var. Bu ölkə dünya düzənini dəyişməyə, sərhədləri yenidən çəkməyə cəhd göstərir”.

O.Şolts bunun yolverilməz olduğunu və bəşəriyyəti Üçüncü Dünya müharibəsinə sürükləyə biləcəyini vurğulayır. Ancaq əfsuslar olsun ki. henri kissincerlər isə bu qorxunc həqiqəti görmək istəmirlər…