Dünyada hazırda sosial tədqiqatların aciz qaldığı nüanslar ortaya çıxıb. Həqiqətən tədqiqatçıların çıxış yolu üçün heç bir “işıq” və ipucu görünmür. İnternet məkanın imkanlarının genişlənməyi ilə paralel indi bizi daha ciddi sınaqlar gözləyir. Yalan “ayaq açıb yeriyir”, kütləvi dezinformasiya “istehsalı” qarşısında informasiya müqaviməti formalaşdırmaq bütün dövrlərdən daha qəliz problematikaya çevrilib.
Feyk-nyus istehsal edənlər daha çox dürüstlük oyunu oynayanlardır. Hər yerdə hədəflər bəlli bir qüvvəyə tabe etdirilib. Bir mərkəzdən idarə olunan imperialist maraqlar kütləvi küy və qaraqışqırığı ciddi xəbər kimi təqdim etmək üçün sanki yarışırlar. “Yarışın” qalibi daha çox dezinformasiya “zəhəri”ni dövriyəyə buraxanlardır.
Həqiqətə uyğun olmayan məlumatların istifadə edildiyi və müəyyən mənada manipulyasiya məqsədi daşıyan dezinformasiya ümumiyyətlə qara təbliğat kimi tanınır. Yalnız fərdlər və ya təşkilatlar tərəfindən deyil, həm də qəzetlər və xəbər kanalları tərəfindən ictimai rəy yaratmaq və kütlələri hərəkətə gətirərək xaos yaratmaq məqsədilə tez-tez istifadə edilən bu üsul günümüzün rəqəmsal media mühitlərində çox geniş yayılıb və təhlükəli hala gəlib.
Oksford İnternet İnstitutunun 2020-ci ildə dərc etdiyi hesabat qlobal miqyasda dezinformasiya axınının necə təhlükəli hala gəldiyini nümayiş etdirir. Oksford Universitetinin 37 ölkədə apardığı araşdırmaya görə Türkiyə ən çox dezinformasiyaya məruz qalan ölkədir. Türkiyənin qlobal siyasi prosesdə qazandığı uğurlar xarici güc mərkəzlərini ciddi formada narahat edir. Eyni zamanda 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz uğurlardan sonra bizə də eyni mərkəzlər tərəfindən hücumlar edilir və proses hər gün daha da idbar fonda görünür.
Dezinformasiya ilə effektiv mübarizə yalnız tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməklə həll oluna bilən məsələ deyil. Çünki dezinformasiya çoxölçülü və mürəkkəb bir hadisədir. Buna görə də tək bir həll kifayət etməyəcək. Bunun əvəzinə dezinformasiyanın artması və yayılmasının qarşısını almaq üçün bir neçə müxtəlif növ hüquqi və tənzimləyici cavab tədbirləri həyata keçirilməlidir. Yüksək dağıdıcı gücə malik kütləvi silaha çevrilmiş dezinformasiyaya qarşı mübarizə təkcə dövlət məmurları ilə deyil; Texnologiya şirkətlərinin, qeyri-hökumət təşkilatlarının, özəl qurumların, elm adamlarının, media qurumlarının, jurnalistlərin və düşüncə platformalarının bir araya gələrək əməkdaşlıq etməsi lazım olan bir məsələdir.
Qaydalara əsasən, dezinformasiyanın yayılmasını məhdudlaşdırmaq üçün anti-bot qanunlarından istifadə edilə bilər. Çünki bu qanunlar məzmunun botlar vasitəsilə ötürülməsini çətinləşdirir. Bundan əlavə, qurumların dezinformasiyaları aşkar etmək, təhlil etmək və açıqlamaq imkanlarını təkmilləşdirmək lazımdır. Digər mühüm addım dezinformasiyaya qarşı əlaqələndirilmiş və birgə cavab tədbirlərini gücləndirməklə özəl sektoru səfərbər etməkdir. Bundan əlavə, məlumatlılığı artırmaq və dezinformasiyaya qarşı sosial dayanıqlığı artırmaq üçün rəqəmsal media savadlılığı təhsili genişləndirilməlidir.
Eyni zamanda bir qədər mübahisəli səslənsə də sosial şəbəkələrin tənzimlənməsinin milli modelləri işlənib hazırlana bilər. Dezinformasiya ilə mübarizə çərçivəsində hüquqi tənzimləmələrlə yanaşı, müstəqil tənzimləyici qurumun yaradılması zərurəti ortaya çıxır. Dezinformasiya ilə mübarizədə böyük texnologiya şirkətlərinin məsuliyyətini artırmaq üçün qaydalar hazırlanmalıdır.
Başqa bir potensial həll yolu mesajlaşmanı qapalı platformalarla məhdudlaşdırmaqdır. Dezinformasiya adətən söhbətdən mesajı digər qruplara ötürməklə yayılır. Dezinformasiyanın yayılmasının qarşısını almaq üçün “WhatsApp” bu yaxınlarda mesaj yönləndirmə limitini əvvəlki 20-dən 5-ə endirmək qərarına gəlib. Bununla belə, “WhatsApp” söhbət qruplarında əlaqə limiti 256-dır. Bu, çoxlu sayda insanın dezinformasiyaya və dezinformasiyaya məruz qala biləcəyi bir mühit yaradır. Bu dərəcədə qanunlar həmçinin mesajın ötürülmə sayını və ya müəyyən söhbətdə iştirak edən insanların sayını məhdudlaşdıra bilər.
Nəticədə, hökumətlər, beynəlxalq qurumlar, texnologiya nəhəngləri, elm adamları və jurnalistlər, eləcə də qeyri-hökumət təşkilatları artan saxta xəbər və dezinformasiya təhlükəsinə qarşı birgə hərəkət etməli və onun daha böyük böhranlara səbəb olmasının qarşısını almaq üçün təcili addımlar atmalıdır.
Massaçusets, Amherst Universitetinin vətəndaş mediası üzrə alimi Ethan Zukerman deyir ki, ABŞ-da etimadın partlaması baş verib.
“Amerikalılar böyük biznesə etibar etmirlər. Və biz məktəblərə etibar etmirik. Biz həmkarlar ittifaqlarına inanmırıq. Biz qəzetlərə inanmırıq”.
“Foreign Policy”nin qlobal mütəfəkkirlərindən biri kimi adlandırılan Zukerman hesab edir ki, etibarsızlıq ABŞ rəhbərliyinə inamın aşınması ilə birbaşa bağlı ola bilər.
“1960-cı illərdə amerikalılardan hökumətə hər zaman və ya çox vaxt düzgün iş görəcəyinə inandıqlarını soruşsanız, onların 77 faizi belə cavab verərdi: “Bəli, mən hökumətə inanıram”.
ABŞ özünün səbəb olduğu dezinformasiya böhranının acısını yaşayır artıq. Cəmiyyətdə kütləvi inamsızlıq yaranıb və indi indi heç kim Amerikanın xarici müdaxilə nağıllarına inanmır. Dezinformasiya istehsalçısı özü indi feyk-nyusun əsirinə çevrilib.
Bruklin Sosial Tədqiqatlar İnstitutunda siyasi nəzəriyyə və tarix üzrə ixtisaslaşan Suzanne Schneider deyir ki, ABŞ-da insanların ənənəvi bilik mənbələrindən üz döndərib “həqiqəti” başqa yerlərdə axtarması konspirativ düşüncənin artmasına səbəb olub.
“Həqiqətə hücum” kitabı ilə siyasətçilərin reallıqla manipulyasiyasını araşdıran britaniyalı yazıçı Peter Oborne inanır ki, həqiqətin təhrif edilməsi Vyetnam müharibəsindən sonra ABŞ-da nüfuz qazanmış neoliberal ideoloqlar tərəfindən gücləndirilib. Professor Mey deyir ki, insanlar indi yalan rəvayətlərə daha asan inanırlar, çünki onlar həqiqəti əvvəlkindən daha asan manipulyasiya edən siyasi güc strukturlarının təsiri altına düşürlər – sosial mediadan istifadə etməklə.
P.S. Sosial media müharibəsi bəlkə də informasiya müharibəsindən daha geniş həcmli anlayışdır artıq!
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq