ABŞ – ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin (USQ) silsilə əks-hücumları Rusiya Prezidenti Vladimir Putini Ukraynanın şərtləri əsasında danışıqlara getməyə razı sala bilər.
Analitiklərin fikrincə, ukraynalı hərbçilər döyüş əməliyyatlarının gedişatını dəyişə biləcək gücdə olduğunu göstərməlidirlər.
Döyüş meydanındakı durum göstərir ki, Rusiyanın effektiv hücum üçün imkanları getdikcə azalır. Belə ki, təxminən yarım ildir Donetsk vilayətinin Baxmut şəhəri uğrunda gərgin döyüşlər gedir. Rusiya Silahlı Qüvvələrinin davamlı səylərinə rəğmən, şəhər hələ də ələ keçirilməyib. Bu, Ukrayna ordusunun uğurlu müdafiəsi ilə yanaşı, həm də qarşı tərəfin hücum tempini azaltmaq məcburiyyətində olduğunu göstərir.
Əlbəttə, Rusiyanın uğursuzluğunun əsas səbəblərindən biri hərbi elitadakı ikitirəlikdir.
Kreml rəsmiləri, o cümlədən Prezident Vladimir Putin Rusiyanın danışıqlara hazır olduğunu bir neçə dəfə bildirib. Sonuncu dəfə martın 20-də Putin Çin Sədri Si Cinpinlə görüşdə ölkəsinin Çinin sülh planını diqqətlə öyrəndiyini və danışıqlara açıq olduğunu deyib.
İndi əsas məsələ tərəflər arasında sülhün əldə olunması yox, razılığın hansı şərtlərlə həyata keçəcəyidir. Belə ki, hər iki tərəf sülh istədiyini və buna hazır olduğunu söyləyir. Amma şərtlər fərqlidir. Ukraynanın tələbi konkretdir: 1991- ci il sərhədlərinin bərpa olunması, o cümlədən Krımın azad edilməsi. Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə vurğulayıb ki, 1991- ci il sərhədləri bərpa olunmayanadək sülh imzalanmayacaq və savaş davam edəcək. Müharibənin ilk aylarında danışıqlar üçün çalışan və beynəlxalq ictimaiyyəti rəsmi Moskvaya təzyiq göstərməyə çağıran Ukrayna liderinin indi belə ritorika nümayiş etdirməsinim iki əsas səbəbi var: birincisi, Ukrayna xalqı və hakimiyyəti artıq mövcud duruma adaptasiya olunub. İkincisi Qərb Ukraynanı hələ ki, dəstəkləyir. Zelenski başa düşür ki, geri addım ata bilməz. Bu zaman ABŞ və müttəfiqləri Kiyevə dəstəyi dayandıracaq. Çünki Zelenskinin döyüşləri dayandırması Qərbin maraqlarına uyğun deyil. ABŞ və müttəfiqləri məhz müharibəni davam etdirmək üçün Ukraynanı dəstəkləyir.


ABŞ – ın Müharibə Araşdırmaları İnstitutunun proqnozunun yaxın gələcək üçün inandırıcı olduğunu düşünmürəm. Rusiyanın Ukraynanın şərtlərinə uyğun danışıqlara getməsi o deməkdir ki, Moskva üçün müharibə əbəs yerə olub. Ukraynanın şərtlərinə uyğun sülhlə Rusiya nəinki savaşdan qalib çıxmayacaq, hətta itirəcək. Bu isə daxildə ciddi narazılıqla nəticələnəcək. Xalq hakimiyyət əleyhinə çıxışlara başlayacaq. Həmçinin siyasi və hərbi elitadakı gərginlik maksimum həddə çatacaq. Yəni amerikalı analitiklərin proqnozunun reallaşması Rusiya üçün əsl faciə olar. Əlbəttə, bunu Kremldə də başa düşürlər.
Əgər məsələ ABŞ – ın Müharibə Araşdırmaları İnstitutunun iddia etdiyi səviyyəyə çatarsa, Putin nüvə silahının tətbiqi barədə ciddi düşünməli olacaq.
Kənan Novruzov