Ötən gün Prezidentin fərmanı ilə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb.
Belə bir qurumun vacibliyi ətrafında uzun illərdi ki, fikirlər səslənirdi. Bizim tərəfimizdən də bu istiqamətdə xeyli təkliflər verilib.
Xatırlayıram ki, 2009-cu ildə ölkəmiz “Kibercinayərkarlıq haqqında” konvesiyaya qoşulandan dərhal sonra belə bir qurum yaradılmışdı.
Lakin, düşünürəm ki, o zaman bu səlahiyyətləri daha çox öz əlində cəmləşdirməyə meylli olan MTN faktoru belə bir qurumun fəaliyyətə başlamasına imkan vermədi və xatırlayıram ki, bizə də “məsləhət” bilinmişdi ki, DİN nəzdində belə bir qurumun varlığını unudaq.
Beləliklə də, kiber sahədə cinayətkarlıqla mübarizə səlahiyuəti o zaman əsasən MTN-ə qaldı.
2015-ci ildən sonra kibercinayətkarlıq sahəsində DİN bir xeyli səlahiyyətlər, ibtidai istitaq işlərini aparmaq səlahiyyəti əldə etmişdi.
İndiyədək DİN -də bu işlərin kurasiyası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində olub.
Xatırlayıram ki, qurumun bu istiqamətdə bir neçə uğurlu əməliyyatları da olub.
Ümumiyyətlə , son zamanlar baş verənlər onu deməyə əsas verir ki, DİN-də cinayətkarlıqla mübarizənin texniki-texnoloji- proqram təminatı, “təhlükəsiz şəhər” infrastrukturu xeyli inkişaf edib.
Bu günədək Azərbaycanda kibercinayətkarlıqla bağlı əsas səlahiyyətlər DTX-da, qismən də DİN-də olub.
İndiyədək ən ciddi problem də ondan ibarət idi ki, DTX və DİN arasında kibercinayətlərlə bağlı konkret səlahiyyət bölgüsü yox udi.
Necə deyərlər, kim qabağa düşüb hansı kibercinayətlə bağlı iş müəyyən edirdisə, elə o da bu işi aparırdı.
Bəzən müşahidə olunurdu ki, kibercinayət milli təhlükəsizlik mahiyyəti daşımasa da, adi bir kiber dələduzluq olsa da, onunla DTX məşğul olmalıydı.
Güman ki, son dövrlər regionda, dünyada və ölkəmizdə baş verən kiber təhdidlər və kibercinayətlər, bu istiqamətdə müasir çağırışlar, rəqəmsal bankçılıqla bağlı və qarşıdan gələn 5G təhdidləri, yəni, əşyaların internetə inteqrasiyası fonunda baş verə biləcək cinayətlərin artma ehtimalı hökuməti də narahat edib və nəhayət ki, DTX və DİN arasında kibercinayətlərlə bağlı səlahiyyət bölgüsünü müəyyənləşdirməyə qərar verilib.
Düşünürəm ki, Prezidentin bununla bağlı fərmanı ölkəmizdə kiber sahədə cinayətkarlığa qarşı mübarizədə xeyli irəliləiş və dönüş yaradacaq.
Son zamanlar kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsi sahəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə yanaşı DTX da əlavə xeyli səlahiyyətlər əldə edib.
Fikrimcə bundan sonra DTX -nın qeyd olunan sahədə rolu gücləndiriləcək, milli təhlükəsizlik mahiyyəti daşımayan kibercinayətlər sahəsində səlahiyyətləri məhdudlaşdırılacaq. Bu tip işlərin hamısı DİN-ə veriləcək.
Gözləmək olar ki, DİN-nin bütün rayon və şəhər şöbələrində kibercinayətkarlıqla bağlı strukturlar formalaşdırılacaq. Bu addımlar isə regionlarda da bu tip cinayətlərin qarşısının zamanında alınmasında mühüm rol oynayacaq.
Düşünürım ki, bu istiqamətdə kadr hazırlağının artırılmasına, beynəlxalq təcrübənin mənimsənilməsinə diqqəti artırmaq çox vacibdir. Universitetlərdə, xüsusilə də Polis Akademiyasında, DTX-nın Heydər Əliyev adına Akademiyasında kibercinayətkarlıqla bağlı ixtisaslı kadrların hazırlığını daha da gücləndirmək lazımdır.
Beləliklə, hazırda ölkəmizdə kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərlə DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, RİNN-nin Elektron Təhlükəsizlik Xidməti və DİN -nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi məşğul olacaq.
Sektorda Prezident fərmanı əsasında formalaşdırılan, XRİTDX-nin rəhbərliyi altında İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası da fəaliyyət göstərir.
Osman Gündüz, İKT mütəxəssisi