Qazaxıstanda artıq vətəndaşlarla bağlı 27 kağız sənəd tam rəqəmsallaşdırılıb.

Yəni, Qazaxıstan vətəndaşının eGov mobil tətbiqində olan aşağıdakı məlumatları tam olaraq “rəqəmsal sənəd” statusuna malikdir :

1. Şəxsiyyət vəsiqəsi

2. Pasport

3. Etibarnamələr

4. Sürücülük vəsiqəsi

5. Ali məktəb diplomu

6. Kollec diplomu

7. Müvəqqəti yaşamaq üçün icazə

8. Doğum haqqında şəhadətnamə

9. Nigah sənədi

10. Sığorta polisi

11. Və s.

Qazaxıstan vətəndaşı ölkənin istənilən yerində bu qeyd olunanları telefonunda eGov mobil tətbiqinə daxil olmaqla təqdim edə bilər, bu məlumatlar orijinal, kağız formada olan sənəd statusuna malikdir.

Yəni, artıq heç bir yerdə Qazaxıstan vətəndaşından ənənəvi şəxsiyyət vəsiqəsi tələb edilmir. Bunun üçün telefonda eGov mobil tətbiqindəki elektron məlumat, “Rəqəmsal şəxsiyyət vəsiqəsi” yetərlidir.

Kağız və rəqəmsal sənədlər eyni hüquqi qüvvəyə malikdir.

Bizim eGov mobil tətbiqdəki məlumatların hələlik belə bir statusu yoxdur. Həm də inteqrasiya tam başa çatmayıb, məlumatlar çox azdır.

Bizdə hətta, əksinə, hələ də adında “elektron” sözü olan sənədi yenidən kağıza çap etməklə tələb edən dövlət və özəl qurumları var.

Məsələn, bəzən elektron qaimənin, əmlak haqqında elektron məlumatın kağıza çap edib təqdim edilməsi tələb olunur.

Amma ayrı-ayrı dövlət qurumları, bu istiqamətdə addımlar atıb, elektron çıxarışlar, rəqəmsal sənədlər təqdim edir. Məsələn Ədliyyə Nazirliyi “Mobil notariat” tətbiqi vasitəsilə Etibarnamələrin rəqəmsallaşmasını tam həll edib.

Doğrudur, bəzi hallarda bu rəqəmsal sənədləri də tanımaqdan imtina edənlər, kağız formada tələb edənlər, vətəndaşın özünün gəlməsini tələb edənlər olur .

Amma Ədliyyə Nazirliyi ədliyyə xidmətlərin rəqəmsallaşması sahəsində nəhəng işlər görüb.

Hələlik ölkəmizdə vahid bir servisdən, məsələn, eGov mobil tətbiqindən, yaxud portaldan “rəqəmsal sənədlər” servisini almaq mümkün deyil.

Buradakı elektron məlumatlar , sadəcə məlumatlardı, sənəd statusuna malik deyil.

Bildiyim qədər hazırda İRİA bu istiqamətdə ciddi işlər görür.

Pərakəndə halda olan eGov portallarının birləşdirilməsi, superportalın yaradılması da ləngiyir.

Ümid edirəm RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaxın zamanlarda heç olmasa az sayda da olsa “rəqəmsal sənəd” statusuna malik olan məlumatları vahid bir servisdən telefonlarımıza inteqrasiya edə biləcək.

Osman Gündüz, İKT mütəxəssisi