İRİA deyir ki, yeni və müasir ESD sistemi təklif edirik, XRİTDX da deyir ki, varımızdır.

Bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti özünün operatoru olduğu idarələrarası Elektron Sənəd Dövriyyəsinin yeniləndiyini bildirib.

Qurum bununla da müxtəlif elektron sənəd dövriyyəsi olan dövlət qurumlarının 147 qurumu birləşdirən idarələrarası sistemə inteqrasiyasına start verildiyini açıqlayıb.

Xatırladıram ki, XRİTDX-nin indiyədək tətbiq etdiyi sistem yetərincə təhlükəsiz olsa da, inteqrasiyaya imkan vermirdi, həmçinin kağızdan da istifadəni nəzərdə tuturdu.

XRİDX açıqlayıb ki, artıq 24 dövlət qurumunun istifadəçisi olduğu Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sistemini də özünün idarələrarası infrastruktura inteqrasiya edib.

Digər dövlət qurumlarının ESD sistemlərinin də standartlara və təhlükəsizliyə cavab vermək şərtilə daxili idarələrarası sistemə mərhələli inteqrasiya olunacağı bildirilib.

Maraqlıdır ki, bir neçə gün öncə RİNN-nin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də dövlət qurumları arasında ESD-in yeni modelini təqdim etmişdi.

Qurumun təqdim etdiyi model XRİTDX-in hazırda işləyən köhnə sistemindən daha effektiv və çevik, əlçatan görsənirdi.

İndi məlum olur ki, XRİTDX də oxşar bir sistem hazırlayırmış, daha doğrusi köhnə sistemi uodate edibmiş, bu sistem də təhlükəsizdir və müxtəlif biznes həllər üçün də açıqdır.

Maraqlıdır ki, İRİA, həmçinin elə cəmiyyət də bundan xəbərsizmiş.

Adətən dövlət qurumları cəmiyyət üçün məlumatları açıqlamaqda həvəsli olmurlar, amma dövlət qurumları arasında kommunikasiyanın yetərli olmaması da çox təəssüfləndiricidir.

Beləliklə, İRİA yeni bir effektiv ESD modeli təqdim etsə də, cavabdeh qurum belə bir sistemin olduğunu və yenilənməsinə start verildiyini açıqlayıb.

Yeri gəlmişkən, düşünürəm ki, Prezidentin 2018-ci ildə qəbul müvafiq fərmanında, elektron hökumət səlahiyyətlərinin ASAN-dan RİNN-ə verilməsi ilə bağlı fərmanda müəyyən məsələlərin qaranlıq qalması belə bir situasiyanın da yaranmasına səbəb olub.

Təəssüf ki, aidiyyatı qurumlar zamanında səlahiyyətlərin konkretləşməsi ilə bağlı təklifləri təqdim etməyiblər.

Güman ki, son sözü elə idarələrarası ESD-in sahibi olan Prezident Administrasiyası deyəcək.

Osman Gündüz, İKT mütəxəssisi