Rusiya prezidenti Priqojin qiyamı zamanı etdiyi çıxışında tarixlə parallelik apardı, nümunələr gətirdi. Rusiya – Ukrayna müharibəsi başladığı gündən Qərbin Rusiyaya dair planlarının nədən ibarət olması ehtimalları haqqında yazmışam. Əsas məqsədləri Rusiyada hakimiyyət zəifləsin, mərkəzdənqaçma meyillikləri artsın və nəticədə vətəndaş müharibəsilə yekunlaşsın. Putin 1917-ci il Fevral çevrilişini boş yerə misal çəkmədi, Rusiya birinci dünya müharibəsində qələbə qazansa da daxili çəkişmələrlə Romanovlar sülaləsinin varlığına son qoyuldu, 3 il ölkədə vətəndaş müharibəsi getdi. Çar Rusiyası SSRİ ilə əvəz olundu, daha geniş ərazi və ideologiyası isə dünyanın bir neçə materikini əhatə etdi.
Priqojinin kimliyi və fəaliyyəti barədə geniş informasiyalara maliksiniz. Priqojinlə Müdafiə nazirliyi arasında narazılıq yüksək həddə idi, generalitet Priqojinin cəbhədə əldə etdiyi uğurları həzm edə bilməzdi, bunu yuxarı komandanlıq çox yaxşı bilirdi, Rusiyanın onurğa sütunu xüsusi xidmət orqanları və əks kəşfiyyatdır. Nə baş verdi ki, Priqojin silahlı dəstəsini geriyə Rusiya ərazisinə, üzü Moskvaya tutmaq qərarı verdi? Bir neçə səbəb ola bilər.
Kreml daxildə gedən prosesi idarə etmək və təmizlik işlərini aparmaqdan ötrü “toru” qurdular. Çünki Priqojinə ordu daxilində köməklik təklif edənlər, qoşulmaq istəyənlər, ölkəni tərk edənlər və niyyəti olanlar nəzarətə götürüldülər. Həmçinin dünyaya mesaj da ötürdülər, vətəndaş itaətsizliyi baş tutmayacaq. Polşa hakimiyyətinin ordusunu hazırlıq vəziyyətinə gətirməsinin səbəblərindən biri “vaqnerçilərin” Belarus ərazisinə keçməsidir, hər halda 15-20 min muzdlu döyüşçü buxarlanmadı.
Hadisələrə məntiqlə yanaşaq, daha geniş spektrdən baxmağa çalışaq. Rusiyanın və Putinin müttəfiqi Kremlə qarşı qiyam qaldıran bir şəxsi niyə ölkəsində qəbul etsin? Bu, münasibətləri kəskinləşdirə bilərdi, onsuz da Qərblə əlaqələri sıfır olan Lukaşenko özünü niyə təhlükə altına atsın? Şəxsi düşüncəmə görə Rusiya və Belarus müharibənin coğrafiyasını genişləndirmək niyyətindədirlər, Polşanın narahatlığı aydındır. Belarus artıq sərhədlərində raketlər quraşdırıb, Rusiyadan taktiki nüvə silahları gətirib, görünən odur ki, təhlükə riski çoxdur.
Rusiya hakimiyyəti daxildə konsolidasiyaya nail olmaq üçün fürsət yaratdı, müharibənin ağırlğını xalqın çiyinlərində bir qədər də artırdı. Rusiya Ukraynada müharibə aparərkən daxildəki narazılığı görürdü, səfərbərlik elan edəndə özləri göz yumdular nisbətən təhlükə yarada bilənlər ölkəni tərk etsinlər, yoxsa sərhədləri bağlayıb, mobilizasiyanı həyata keçirə bilərdi. Həm vəziyyəti mürəkkəbləşdirmədi, həm də potensial aktiv kütləni zərərsizləşdirdi.
Rusiyanın son ümidi nüvə silahıdır. Ən son məqamda şərtlərini diktə edə bilməsə Rusiya taktiki nüvə silahını işə salacaq, Ukrayna ərazisi olmaya da bilər, hər hansı Avropa şəhərlərindən biri olma ehtimalı yüksəkdir.
Tural Əliyev, politoloq