Sizcə, Putin təkbaşına atom düyməsini basa bilər?

Ukrayna-Rusiya cəbhəsində hərbi üstünlük hər gün daha çox ukraynalıların tərəfində olduqca ruslar daha aqressiv və isterik olmağa başlayıb. Putin hər keçən gün taktiki nüvə raketləri, bu da vəziyyəti dəyişməzsə, son vasitə kimi atom bombasından istifadə edəcəyi barədə dünyanı hədələyir. Adamın blef etmədiyini ən son ABŞ prezidenti Bayden də dedi. Təbii, belə bir şəraitdə artıq 3-cü dünya müharibəsi qaçılmaz olacaq. Çunki ABŞ belə sərsəm və avantürist bəyanatları cavabsız qoymur, Putin atom bombasına əl atarsa, bunun qarşılığı Rusiya üçün ağlasığmaz dərəcədə dəhşətli olacaq deyir. Qarşılıqlı hədə-qorxular sürdükcə, dünya xalqlarını, eləcə də azərbaycanlıları bir sual daha çox düşündürür. Putin atom bombasının düyməsini basacaqmı?! Ümumiyyətlə, belə bir zərurət yaranacağı halda, bütün məsuliyyət və cavabdehlik təkcə Putinin üzərindəmi qalacaq?!

Aşağıda məhz bu suala aydınlıq gətirəcəyik və bir çoxlarının yanlış bildiyi mətləbə işıq tutmağa çalışacayıq.

Əvvəlcə, gəlin, onu aydınlaşdıraq ki, Rusiyada nüvə silahından istifadə qərarını kim verir və bu, praktikada necə həyata keçirilir. Bəzi sadəlövh və ümumiyyətlə məsələlərin mahiyyətindən xəbərsiz adamlar hesab edir ki, dövlət başçısının əlinin altında atom bombasının “qırmızı düyməsi” var, onu basmaqla, sən demə, prezident eyni vaxtda nəhəng qitələrarası ballistik raketləri, o cümlədən strateji sualtı qayıqlardakı ballistik raketləri havaya buraxır, onlar isə hədəflərə doğru istiqamət alır. Əlbəttə, şübhə yox ki, bu, diletant yanaşmadır və həqiqətlə heç bir əlaqəsi yoxdur. Hər şey o qədər də sadə deyil.

Buna baxmayaraq, bu bidət Rusiya vətəndaşlarının əksəriyyətinin beyninə çox möhkəm yerləşib və hətta tragikomediya orasındadır ki, bəzən ekspertlər səviyyəsində də məhz bu cür səsləndirilir. Bir daha təkrar edirəm ki, əslində elə deyil. Daha doğrusu, heç elə deyil.

Qitələrarası raket komplekslərinin işə salınması proseduru belədir: Rusiya Federasiyası (RF) dövlət başçısı yalnız və yalnız nüvə silahının istifadəsinə icazə vermək üçün siqnal verir və nüvə başlıqlarının blokdan çıxarılması üçün kod siqnalını ötürür. Qitələrarası ballistik raketlərin və sualtı qayıqlardakı ballistik raketlərin, habelə nüvə başlıqlı strateji qanadlı raketlərin buraxılışı (pusku) müvafiq döyüş ekipajları tərəfindən müstəqil şəkildə həyata keçirilir. Amma bundan əvvəl kod bloklayıcı qurğuların köməyi ilə raketlərin döyüş başlıqlarından bloklama deyilən rejim dəyişdirilir.

Yəni, dövlət başçısı tərəfindən buraxılan başlanğıc siqnal əsasında müəyyən kod kombinasiyası alan döyüş ekipajları 5 qat mum plombla surquclanmış bağlamaları (məxfi sənədləri) xüsusi seyflərdən çıxararaq, açırlar. Bu bağlamaların içindəki məxfi sənədlərin də öz kod kombinasiyası var. Komandirlər prezidentdən alınan məlumatlarla məxfi paketlərdəki məlumatları müqayisə edərək, lazımi kriptoqrafik əməliyyatları yerinə yetirirlər və kilidi açmaq üçün lazımi kodu alırlar. Döyüş ekipajı məlumatları raket daşıyıcılarının rəqəmsal elektron qurğusuna daxil edir, bundan sonra “Kilid açıldı” və “Buraxılışa icazə verildi” transparantları yanmağa başlayır.

Bu tapşırığı həll etmək üçün dövlət başçısının əlində, belə demək mümkünsə, “nüvə portfeli” olur. Əslində, bu, “Kazbek” adlandırılan strateji nüvə qüvvələri üçün avtomatlaşdırılmış idarəetmə sisteminin portativ istifadəçi terminalıdır (kod adı: “Çeget”). Bəs yaxşı, sizcə, Vladimir Putin bu prosesdə təkdirmi? Əlbəttə, xeyr! Xüsusi olaraq və dönə-dönə qeyd edək ki, Rusiya Federasiyası Müdafiə Naziri və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi də eyni cihazlara (“nüvə çemodanına”) sahibdirlər. Yəni, atom bombasından istifadə qərarı təkcə Putindən yox, eyni zamanda nazir Şoyqu və general Gerasimovdan da asılıdır.

Daha dəqiqini desək, qurğular elə konfiqurasiya olunub ki, təkcə Putin təkbaşına “nüvə portfeli”nin düyməsini basmaqla qitələrarası ballistik raket qurğularını heç cür işə sala bilmir. Bəzi məlumatlara görə, nüvə silahından istifadə etmək icazəsi və nüvə başlıqlarının kilidini açmaq üçün kodlar yalnız iki “çemodan”, digərlərinə görə isə üç “çemodan” tərəfindən təsdiq edildikdə verilir.

Yəni heç kim Rusiyada nüvə silahının tətbiqi ilə bağlı vahid qərar verə bilməz. Bu, birmənalıdır və əksini kim söyləyirsə, demək ki, bu məsələlərdən zərrə anlayışı yoxdur. Putin atom bombası atmaq qərarı vermək üçün mütləq Şoyqunu və Gerasimovu buna məcbur etməli, yaxud inandırmalıdır. Rusiyanın belə yer üzündən silinməsi, daha konkret desək, Dünyanın sonunu yaxınlaşdıra biləcək belə bir avantürist qərarı vermək üçün isə Şoyqu və Gerasimov bəlkə də yüz dəfə düşünməli olacaqlar. Onu da əlavə olaraq qeyd edim ki, haqqında danışdığımız bu sistem müəyyən istisnalar və fərqlərlə ABŞ-da da təxminən eyni şəkildə işləyir.

İndi isə Rusiyanın nüvə reaksiyasının mümkün olduğu variantları nəzərdən keçirək. Əvvəlcə cavab zərbəsi zamanı yarana biləcək vəziyyəti təhlil edək. Bu halda Vahid Kosmik Sistem (UNS) və Raket Hücumları Xəbərdarlığı Sistemi (SPRN) qitələrarası ballistik raketlərin ABŞ-ın kontinental hissəsindən və sualtı qayıqların ballistik raketlərinin Dünya Okeanındakı döyüş xidməti ərazilərindən kütləvi buraxılışını qeydə alır. CEN və SPRN döyüş başlıqlarının Rusiya ərazisinə düşmə vaxtını və yerini hesablayır.

Rusiya prezidenti “Raket hücumu” siqnalı alır. Ölkə rəhbərliyi cavab zərbəsi ilə bağlı qərar qəbul edir. Nüvə silahının istifadəsinə icazə vermək üçün strateji nüvə silahlarının daşıyıcılarına (RVSN, ASSYaS, NSNF) siqnal və nüvə sursatının kilidini açmaq üçün əmr (kod birləşməsi) ötürülür.
Sadəcə 7-9 dəqiqə ərzində Rusiya ərazisində və ona bitişik dənizlərdə strateji nüvə silahı daşıyıcılarının kütləvi buraxılışı həyata keçirilir. Bu halda, yuxarıda göstərilən əməliyyatları yerinə yetirmək üçün bir neçə dəqiqə lazımdır.

Rusiyanın atom zərbəsi zamanı da hər şey təxminən eynən bu şəkildə baş verir, lakin nəzərə alaq ki, Rusiyanın bu cür cavabı ilə potensial şərti düşmənin müəyyən döyüş başlıqları artıq Rusiya Federasiyasının ərazisinə düşmüş və nüvə sursatının məhv edilməsi faktları qeydə alınmış olacaq.

Düşmən (qarşılıqlı) tərəfindən nüvə silahından mümkün istifadə şəraitində ən arzuolunmaz hal dövlət və hərbi idarəetmənin ən yüksək pillələrinin sıradan çıxarılması, ölkənin və Silahlı Qüvvələrin yüksək vəzifəli məmurlarının fiziki ölümüdür. Bu halda, nüvə triadasının istifadəsi və silahlanma üçün bütün lazımi əmrlərin verilməsi mümkünsüz olur. Bu nə zaman baş verə bilər? Məsələn, əgər düşmənin məqsədi ilk növbədə dövlət və hərbi idarəçiliyi iflic vəziyyətə salmaq, o cümlədən ölkənin hərbi-siyasi rəhbərliyini məhv etməkdən ötrü sürətli qlobal zərbəni həyata keçirməkdirsə, bu, baş verə bilər.

Nəhayət, zənn edək ki, RF prezidenti Vladimir Putin nüvə silahının istifadəsi barədə siyasi qərar verir. Bu, qanunda necə təsbit olunub, ona baxaq.
RF Hərbi Doktrinasına baxanda görürük ki, dövlət rəhbərliyi qabaqlayıcı nüvə zərbəsi barədə qərar qəbul edə bilər. Bu, mətndə öz əksini belə tapıb: “Rusiya Federasiyası nüvə və digər kütləvi qırğın silahlarının özünə və (və ya) müttəfiqlərinə qarşı tətbiq edilməsinə cavab olaraq, habelə dövlətin mövcudluğu təhlükə altında olduqda, adi silahlardan istifadə edərək Rusiya Federasiyasına qarşı təcavüz həyata keçirildikdə nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır”.

Təəssüf hissi ilə qeyd edək ki, nüvə silahından istifadə üçün sadalanan variantlardan hər hansı biri təkcə münaqişə iştirakçıları üçün deyil, həm də dünyanın bütün digər dövlətləri üçün son dərəcə fəlakətli nəticələrə səbəb olacaqdır. Kütləvi nüvə raket zərbələrinin mübadiləsindən sonra, belə ifadə etmək mümkünsə, qısa müddət ərzində NÜVƏ QIŞI gələcək və bu, NÜVƏ ARMAGEDDONUNDAN sonra, hətta sağ qala bilmiş bir çox insanı belə kütləvi məhv olmaq təhlükəsi ilə üzləşdirəcək..

Mirzə Rəşad Bakuvi
AY Partiya Başqanının siyasi məsələlər üzrə müavini