Suriya Xarici İşlər Nazirliyindən bildirilib ki, ABŞ-ın Ukraynaya kaset sursatların tədarükü fəlakətli eskalasiyaya səbəb ola bilər. Nazirlik rəsmi Vaşinqtonu məsuliyyətsiz hərəkətlərdən çəkinməyə çağırıb.
Məlum olduğu kimi, ABŞ prezidenti Cozef Bayden Ukraynaya kasetli sursatların veriləcəyini artıq təsdiqləyib. Bu silahlar, yəqin ki, yaxın vaxtda döyüş meydanında özünü göstərəcək.
Şübhəsiz ki, Suriya Rusiyanın maraqlarından çıxış edir. Bu, çox vaxt belə olur. Bununla belə onu da deməliyik ki, rəsmi Dəməşqin bəyanatında həqiqət payı da var.


Kasetli sursatların Ukraynaya tədarükünün mövcud gərginliyi daha da artıracağına şübhə yoxdur. Belə ki, bu silahlar kifayət qədər təhlükəlidir. Kasetli bombaların əsas özəlliyi uzaq məsafəyə çata bilməsidir. Beləliklə, indidən proqnozlaşdırmaq olar ki, bu silahlar döyüş meydanında rəsmi Kiyevin “əlini gücləndirəcək”. Bu isə o deməkdir ki, Moskvanın işi daha da çətinləşəcək.
Ümumiyyətlə, Rusiya getdikcə “dalana dirənir”. Qərb, xüsusilə ABŞ Rusiyanın “damarına getdikcə daha çox basır”. Bu isə öz növbəsində nüvə müharibəsi ehtimalını artırır. Əvvəl də dediyimiz kimi, Moskva itirəcək bir şeyinin olmadığını anlayanda, məğlubiyyətindən əmin olanda asanlıqla nüvə silahını tətbiq edə bilər. Həm Rusiyanın imperialist xarici siyasət kursu, həm də Prezident Vladimir Putinin xarakteri buna imkan verir. Yəqin ki, Suriya da məhz buna- nüvə müharibəsinə işarə vurub.


Lakin nüvə silahının tətbiqi sonuncu variantdır. Bu, “Pir qələbəsi” deməkdir. Həmin vaxtadək isə Rusiya bütün mümkün qədər variantları sınaya bilər. Bura Zaporejye Atom Elektrik Stansiyasının (AES) vurulmasından tutmuş, Belarus və Çin kimi müttəfiqlərin – xüsusilə birincinin aşkar və gizli şəkildə müharibəyə cəlb edilməsinə qədər müxtəlif ssenarilər daxildir. Əlbəttə, bu da məhz Dəməşqin elan etdiyi kimi, daha ciddi təhlükə deməkdir.
Ola bilsin, Suriya indiki halda Rusiyanın dili ilə danışmaq və hətta Kremlin xoşuna gəlmək istəyib. Hərçənd bu, o qədər də maraqlı deyil. Əsas məsələ odur ki, qarşıda Şərqi Avropanı və bütünlüklə dünyanı daha çətin sınaqlar gözləyir.
Kənan Novruzov