Cəmiyyətin və insanının strukturuna baxanda böyük oxşarlıqlar görmək olar, çünki biri- o birinin nəticəsi, o biri isə bu birinin səbəbi rolunu ifadə edir. Bu günə kimi, mübahisə mövzusu olan umumi bir razılıq əldə edilməyən ideyalara yenidən kəsişən strukturda baxmağı təklif edirəm. Bu anlayışlara nümunə olaraq, sevgi, xoşbəxtlik, ədalət, azadlıq , həqiqət və s. göstərmək olar. Çox zaman ümumi bir razılıq əldə edilmədiyi məqamda, hər növ müzakirəni bitirəcək addım atırıq. Və deyirik ki, bu anlayışlar ya subyektivdir, ya da anlamsızdır. Amma bir şeyi unuduruq ki, biz anlayışları qavramağa çalışanda onun bəzən funksiyasını gözardı edirik. Yəni cavab tapmayanda, sualın miqyasını ya kiçildiririk ya da əhəmiyyətsiz edirik.

Özüm də dəfələrlə belə bir qərarsızlıq burulğanına düşmüşəm. İndisə, o burulğanları açmaq lazım olduğunu düşünürəm. Yəni, anlayış və onun “çərçivəsinə” bütöv bir strukturda baxmağı təklif edirəm. Keçək, məsələnin fundamentinə, düşüncə tarixindən məlumdur ki, filosoflar və müdriklər həmişə suallarının başlanğıcını həqiqət axtarışı meyarı ilə əsaslandırırlar. Ümumiyyətlə, həmin anda yada düşən sual bu olmalıdır: niyə yalan yox həqiqət meyar seçildi?!!… Bəlkə nə yalan deyil? sualı daha dəqiq cavabı tapmağa kömək edə bilər.

 Bu fundamental problemə fikir tarixində müxtəlif həll cəhdləri göstərilib, hətta bir çox hallarda fəlsəfi sualların forması dəyişilib. Lakin, mövqeylər heç də birmənalı və ümumirazılıq kontekstinə uyğunlaşdırılmayıb. Azadlıq və ədalət anlayışına qısa nəzər salsaq, bu anlayışların ictimai mənası elmdə və fəlsəfədə qorunduğu üçün bu anlayışlar digərlərinə nisbətən daha rasionaldır. Başqa sözlə, onların rasionallığı, toplumsallığı qorunub saxlanılmışdır. Buna görə də, ağıl məhz toplumsallığın məhsuludur. Eləcə də, digər anlayışları də çək-çevir edəndə görə bilərik ki, anlayış təkcə özü ilə məhdudlaşmayıb, onu əhatə edən çərçivələrlə öz varlığını göstərməkdədir.

Demək istədiyim əsas fikir, qeyd etdiyim anlayışların həqiqi mənası, yəni funksiyanallığı yanlız toplumsal, ictimai məhsul olmasında konsensus əldə  edilə bilər. Başqa sözlə, fərdi, subyektiv, şəxsi yanaşma ilə yaşayan insanlar üçün bütün toplumsal, ictimai anlayışlar ya mənasız, ya da səthidir. Amma insan ki, öz dünyasından kənara boylanmağa başlayır, o zaman o özünə doğru ilk addımı atır. İlk addım topluma doğrudur. Bu səbəblə, toplumun hədəfi fərdin həyatına güzgü tutur, fərdin hədəfi topluma deyil. Bununla yanaşı, bütün böyük ideyalar, kəşflər cəmiyyətin məhsuludur, başqa sözlə, bu anlayış həm də cəmiyyət cildinə girə bilən//cəmiyyət kimi düşünə bilən insanların məhsuludur. Ona görə də, müxtəliflik yaradan fikirləri toplumsal şüurun bir elementi baxmaq və onu öz anlayış çərçivəsində anlamaq lazımdır. Zira, müxtəliflik toplumun tərəqqi alətidir.

Elnur Süleymanzadə