Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş Prezident Dmitri Medvedev deyib ki, Rusiya NATO-ya müharibə elan edə bilər. Onun sözlərinə görə, bu, Rusiyaya Alyansın istənilən ölkəsinə və bütövlükdə NATO-ya qarşı müharibə elan etməyə imkan verir: “Təəssüf ki, apokalipsislə bağlı proqnozlar getdikcə özünü doğruldur”.
D.Medvedev daha əvvəl Qərbi və Ukraynanı nüvə silahının tətbiqi ilə hədələmişdi.
Kreml əvvəllər də bir neçə dəfə Qərb və Ukraynaya xəbərdarlıq edib. Ümumiyyəltə, görünən budur ki, hazırda hədə-qorxu strategiyası Rusiyanın siyasətində aparıcı yer tutur. Amma bu, bir müddətdən sonra effektsiz olacaq. Rusiya dediklərini eləməsə, bu dövlətin sözünə daha inam olmayacaq. Beləliklə, boş və mənasız hədə-qorxular bumeranq effekti verəcək.
Ukraynadakı müharibənin sonu görünmür. Üfüqdə sülh gözə dəymir. Əksinə, proseslər onu göstərir ki, döyüşlərin miqyası getdikcə genişlənəcək.
Son zamanlar Ukrayna Krım yarımadasına hücumları intensivləşdirib. Sözsüz ki, bu, Rusiyada narahatlıq yaradır. Əlbəttə, yarımadada keçirilən əməliyyatlarda Qərb ölkələrinin, xüsusilə ABŞ-ın mühüm rolu var. Bunu etiraf etməliyik. Amma bu, heç bir halda Ukraynanın əzmkarlığına xələl gətirməməlidir.
Krımdakı hərəkətlilik, həmçinin Moskvaya və Rusiyanın digər şəhərlərinə PUA hücumları Rusiyanı getdikcə daha çıxılmaz vəziyyətə salır. Ölkənin hərbi-siyasi elitasında kataklizmlər artır. Rusiya artıq vətəndaş müharibəsi ərəfəsindədir.
Belə bir vəziyyətdə Rusiya hədə- qorxulardan istifadə etməyə çalışır.
Kremldə yaxşı başa düşürlər ki, NATO Rusiya ilə birbaşa toqquşmada maraqlı deyil. Elə buna görə də Medvedev və digər rəsmilər vaxtaşırı olaraq xüsusilə ABŞ-ı qorxutmağa, nəticədə Ukraynaya dəstəyin azalmasına çalışırlar.
Rusiya hələ ki, təmkinini tam itirməyib. Amma tamamilə çıxılmaz vəziyyətdə olduğunu anlayanda, məğlubiyyətdən başqa yolunun olmadığından əmin olanda hər şey edə bilər.
NATO hələ ki, Ukraynadakı müharibədə birbaşa iştirak etmir. Ona görə də Rusiyanın Alyansa müharibə elan etməsi inandırıcı görünmür. Əgər rəsmi Moskva soyuqqanlı davranmayıb, bu addımı atarsa, onda yenə də aqressor kimi təqdim olunacaq.
Rusiyanın NATO- nun hansısa bir ölkəsinə müharibə elan etməsi, əlbəttə, kifayət qədər riskli qərardır. Bu, hər şeydən əvvəl üçüncü dünya müharibəsinin başlanması deməkdir. Eyni zamanda ehtimal edilən ssenari nəticəsində Rusiya Alyans ölkəsi olan Türkiyəni itirmiş olar. Çünki Moskva ilə Ankaranın çox yaxşı münasibətləri var. Bu mənada müharibənin miqyasının genişlənməsi Türkiyəyə də sərf etmir.
Medvedevin dediklərinin yaxın vaxtlarda baş tutacağı ağlabatan deyil. Amma savaş hələ uzun müddət davam edəcək. Və getdikcə Avropaya yayıla bilər. Bu prosesin Polşa və ya Litvadan başlaması istisna deyil.
Kənan Novruzov