ABŞ-la Çin arasında münasibətlər gərgin olsa da, Vaşinqton Pekinlə münasibətlərdə “xalq diplomatiyasının” imkanlarından istifadə etməyə çalışır. ABŞ-ın keçmiş dövlət katibi yaşı 100-ü haqlayan Henri Kissincerin iyul ayında Çinə növbəti səfəri bunun sübutudur. Çin lideri Tsi Cinpin Henri Kissinceri Pekində şəxsən qəbul edib və qocaman amerikalı diplomatı Çinin köhnə dostu adlandırıb.

Tsi Cinpin görüşdə Kissinceri xeyli tərifləyib. Çin lideri Kissinceri Pekin və Vaşinqton arasında münasibətlərin normallaşmasına töhfə verdiyini bildirib. Cinpinin sözlərinə görə, Kissincer fəaliyyətilə iki dövlət arasında münasibətləri normallaşdırmaqla yanaşı dünyanı da dəyişib.

Buna baxmayaraq, Tsi Cinpin görüşdə Amerikadan şikayətini Kissincerin diqqətinə çatdırıb. Çinlə ABŞ-ın yol ayrıcında olduğunu söyləyən Cinpin Vaşinqtonun seçim etməsi gərəkliyini bildirib. Cinpin Vaşinqtonun Çinin maraqlarına hörmətlə yanaşması vacibliyini səsləndirib.

Henri Kissincer 1970-ci illərdə ABŞ-Çin münasibətlərinin normallaşmasının və yaxınlaşmasının memarı sayılsa da, o indiki durumu dəyişmək gücündə deyil. Çinlə ABŞ arasında fikir ayrılıqları prinspial əhəmiyyət kəsb edir. Kissincerin ABŞ-da vəzifədə olduğu dövrdə Çin indiki qədər güclü deyildi, öz problemləri ilə məşğul idi. Bundan başqa o illərdə Kissincer Çinlə keçmiş SSRİ arasında gərgin münasibətlərdən istifadə edərək Vaşinqton-Pekin yaxınlaşmasına nail olmuşdu. Hazırda isə Pekin Kremlin strateji tərəfdaşıdır. Digər tərəfdən son illərdə Çinlə Rusiya ABŞ və müttəfiqlərinə qarşı, Qərb və müttəfiqləri isə Çinə və Rusiyaya qarşı müxtəlif birliklər yaradıblar. ABŞ-ın bölgədə Çinin rəqibləri ilə strateji tərəfdaşlıq qurması da Pekinlə Vaşinqton arasında münasibətlərin normallaşmasına əngəldir.

Bu arada, ABŞ və Hindistan sentyabr-oktybar aylarında Alyaskada “Yudh Abhyas” adlı birgə hərbi təlimlərə hazırlaşırlar. Ötən il iki ölkə arasında birgə hərbi təlimlər Çinlə sərhəddə yaxın ərazidə keçirilmişdi. Hərbi təlimlərə helikopterlərlə yanaşı pilotsuz uçuş aparatları cəlb edilmişdi.

Elxan Şahinoğlu, politoloq