Azərbaycanın Ağdam-Xankəndi yolu ilə Qarabağdakı ermənilərə ərzaq yükü çatdırmaq planına Moskvadan dəstək gəldi.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, Kreml Ağdam-Xankəndi marşrutu ilə humanitar yüklərin maneəsiz şəkildə regiona çatdırılmasının tərəfdarıdır.
Moskvanın belə mövqe səsləndirməsi Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşdən sonra diqqət çəkir.
Mümkün variantlardan biri budur ki, Ərdoğanla Putin razılıq əldə ediblər və bundan sonra Azərbaycanın Qarabağla bağlı addımlarında ciddi hərəkətlilik müşahidə edilə bilər.
Maraqlı məqamlardan biri də Rusiyanın Ağdam-Xankəndi marşrutu ilə yanaşı, Laçın yolu ilə regiona humanitar yükün çatdırılmasını dəstəklədiyini ifadə etməsidir. Ancaq bu, “Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın yolu” məsələsinin qabardılması kimi başa düşülə bilər.
Deməli, Ağdam-Xankəndi yolu məsələsi daha aktualdır, bununla bağlı Azərbaycanla Ermənistan arasındakı razılıq Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşdə əldə edilmişdi.
Rusiya bundan narahat idi, çünki o, Qərbin regionda Azərbaycan-Ermənistan münasibətlərinə təsirlərini artırmasından çəkinirdi.
Ancaq belə düşünə bilərik ki, Qərb mərkəzli danışıqlarda əldə edilmiş razılıqlar Rusiya ilə də uzlaşdırılıb və bu məsələdə rəsmi Bakının kanalları aktivləşdirməsindən söz aça bilərik.
İndi Rusiya sülhməramlı kontingentinin Ağdam-Xankəndi yolunda dayanan qüvvələrinin Azərbaycanın humanitar yükünü müşayiət etməsi qalır.
Zaxarovanın mövqeyi Rusiyanın Ağdam-Xankəndi yolu ilə bağlı ali səviyyədə qərar verdiyini göstərir, ancaq Müdafiə Nazirliyi qarşısında buna uyğun təlimat qoyub-qoymayacağı bəlli deyil.
Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana səfəri müəyyən dəqiqləşdirmələrin aparılması üçündür.
Nəticə olaraq, Azərbaycanın Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə yüklərin buraxılması barəsində danışıqlarda nəticə əldə etməsinə yaşıl işıq yandırıldı.
Əgər yüklər buraxılsa və orada Azərbaycanın humanitar karvanına qarşı ermənilər təxribat təşkil etsələr, onda rəsmi Bakı təhlükəsizlik tədbirləri görmək məcburiyyətində qalacaq.
Ancaq Azərbaycan Rusiyanın regiona müdaxiləsi üçün əsasların qalmamasına çalışmalıdır, çünki Zaxarovanın bəyanatı qeyd edir ki, Moskvanın ambisiyaları yeni mərhələyə keçə bilər.
Aqşin Kərimov, siyasi şərhçi