Ermənistanın baş naziri Nikol Paşinyanın xarici siyasəti Qərbyönümlü çalarlara malik olmaqla yanaşı Rusiyanın regionda təsir imkanlarını artıran məzmuna da malikdir.

Rusiyanın əlaltısı olmaq Ermənistanın çoxdankı vərdiş və siyasətinin nəticələridir. Nikol Paşinyanın isə bu nəticələri birdəfəlik kökündən baltalaması real görünmür.

N.Paşinyanın indiki siyasətini Qərb narrativləri ilə təqdim etməkdənsə, onu sürüşkən mövqe kimi qiymətləndirmək daha məntiqlidir.

Çünki Ermənistan özünə təhlükəsizlik zəmanətləri axtarır və biri olmayanda, digərinə üz tutur. Bu heç bir halda balanslı siyasət ola bilməz. Rusiya da Paşinyanın belə sürüşkən davranışlarından təngə gəlib. Ermənistan Qərbə üz çevirəndə Rusiya tərəfindən cəzalandırılması faktı daha realdır. Çünki Moskvanın nəfəsi birbaşa təmaslarla bölgənin üzərindədir. Qərb isə Ermənistan siyasətinin Rusiyaya əyilən tərəflərini gördükdə, həmin ölkəyə birbaşa müdaxilə edə bilmir və İrəvana qarşı da kəskin mövqe sərgiləmir.

Robert Koçaryan və Serj Sarkisyandan çox Rusiyanın marionetkası olan siyasətçi yox idi.

Amma Qərb onlara da “gözün üstündə qaşın var” demirdi. Deməli, Ermənistanın Qərblə Rusiya arasındakı var-gəl etməsi həm Qərbə, həm də Moskvaya sərfəli variant kimi görünür.

Çünki Ermənistan qlobal güclərin siyasətində müdaxilə imkanlarını artıran hərəkətlər edir. Şimal qonşumuzun Ermənistanı gələcək üçün hansı formada cəzalandıracağı Ukraynadakı müharibənin nəticələri ilə düz mütənasiblik təşkil edəcək.

Ən maraqlı cəhətlərdən biri də Azərbaycanın Rusiya-Ermənistan gərginliyindən istifadə edərək Moskva ilə razılığa gələ bilmək potensialına malik olmasıdır.

Aqşin Kərimov, siyasi şərhçi