AzİnTelecom ölkənin ən nəhəng İT şirkətlərindəndir, xeyli fəaliyyət istiqamətləri var.
Son zamanlar bu şirkət bir neçə yeni hökumət rəqəmsal həlləri hazırlayıb, SİMA rəqəmsal imzasını yaradıb, təhlükəsizlik xidmətləri təqdim edir, hökumət buluduna investisiya yatırır və s.
Amma müşahidələr göstərir ki, AzİnTelecom-un həllərinin və xidmətlərinin populyarlaşması və istifadəsində müəyyən problemlər olur.
SİMA hələ də tam populyarlaşa bilməyib, hələ də biznes sektorunda oturuşa bilməyib, vergi sisteminə inteqrasiya ola bilmir.
Xeyli dövlət qurumları hökumət buluduna inteqrasiya olunsa da, proses başa çatmayıb. Səlahiyyətlər AzİnTelecom-da olsa da hələ də özləri üçün server quraşdırılmasını, məlumat bazaları yaradılmasını nəzərdə tutan dövlət qurumlarının tenderlərinə rast gəlirik.
Qurum laboratoriyalar qursa da sertifikatlaşmanın irəliləməsində problemlər var və s.
İndi isə görünən odur ki, AzİnTelecom texnologiyalar sahəsində informasiyalı mühit formalaşdırmaq, xidmət və məhsullarının populyarlaşması üçün və qeyd olunan problemlərin həllinə dəstək üçün həm də jurnalistlərin rəqəmsal savadlılığını qaldırmağı, texnologiyalardan yazan jurnalistlərin peşəkarlıq səviyyəsini qaldırmağı hədəfləyib.
Ötən gün də AzİnTelecom texnologiyadan yazan jurnalistlərə dəstək məqsədilə faydalı bir məlumatlandırma tərbiri təşkil etmişdi.
Düşünürəm ki, AzİnTelecom-un səyləri təqdirəlayiqdir, atılan addımlar ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi baxımından da əhəmiyyətlidir.
Osman Gündüz, İKT mütəxəssisi