Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Ermənistan razılıq verməsə, Zəngəzur dəhlizinin bir hissəsi İrandan keçəcək. Ərdoğan onu da bildirib ki, bununla bağlı İrandan müsbət cavab alınıb.

Burada iki məqam var.

Birincisi, İran artıq Ermənistanı satıb. Bu həmin İrandır ki, Zəngəzur dəhlizini özünün qırımızı xətti sayırdı. İşğalçını hər fürsətdə müdafiə edirdi. Silah ötürürdü, siyasi dəstəyini əsirgəmirdi. Qarabağdakı terrorçulara raket kompleksi verirdi. Raketlərdən istifadə qaydalarını öyrətmək üçün ora mütəxəssislər göndərirdi.

İkincisi, Tehran adına şərti olaraq “Turan yolu” deyilən dəhlizin reallaşmasına daha müqavimət göstərmir. İşinə gələndə İran dönüb Turan da ola bilir. Bütün gücü, potensialı ilə Zəngəzur dəhlizinə qarşı çıxan İran, sonda anladı ki, bu, ya olacaq, ya olacaq! Başqa yolu yoxdur! Əks halda, Turan yolu İran rejiminin üzərindən keçəcək. Çevrəsi sürətli inteqrasiya, yaxınlaşma prosesi yaşayan türk cümhuriyyətləri ilə dolanmış İran nə qədər müqavimət göstərə bilərdi?.. Enində-sonunda təslim olmalı idi.

Bəzi təhlilçilərin fikrinə görə, İran layihədən daha çox pay almaq üçün dirəşdi. Olsun. Ona istədiyini verib, Türk Birliyi üçün işlədərik. Bir daha da yekə-yekə danışmaz.

İranın yumşalması, Azərbaycanla barışmaq üçün minnətçi düşməsi çoxdan bilinirdi. Bu gedişat barədə Azərbaycan rəsmiləri ara-sıra məlumatlar verirlər. Sonuncu belə xəbər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dilindən səsləndi. O, sentyabrın əvvəlində İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində demişdi ki, Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması məsələsində İran tərəfdən müsbət ismarışlar alır.

Ötən il bu günlər Azərbaycanı işğalla, müharibə ilə hədələyən İranın “U dönüşü”nün səbəbləri nədir?

Tehran anladı ki, Azərbaycanla münaqişə aparmağın xeyri yoxdur. Həmçinin perspektivdə bundan qazanclı çıxa bilməyəcəyini başa düşdü. Prezident İlham Əliyevin Tehrana kəskin cavabı, iradə nümayiş etdirməsi qarşı tərəfi nokauta saldı. İlham Əliyev ən ali kürsülərdən Güney Azərbaycan mövzusunu gündəmə gətirdi. İranda yaşayan 40 milyon azərbaycanlıya açıq mesajlar göndərdi. Oradakı soydaşlarımızın haqlarını qorumağa hazır olduğunu bəyan etdi. Bu bəyanatdan sonra İranda yaşayan azərbaycanlılar kütləvi şəkildə İlham Əliyevin portretlərini, şəkillərini evlərindən asdılar, küçələrə vurdular.

Azərbaycan televiziyaları verilişlərini, ana xəbər bülletenlərini Güney Azərbaycanı salamlamaqla başladılar. Bütün media Bütöv Azərbaycan ideyasını təbliğ və tərənnüm etməyə başladı. İran ilk dəfə idi Azərbaycandan belə sərt cavab alırdı. Döyüşdə ummadığı zərbəni alan cığal uşaqlar kimi, ağız-burunu “qan” içində, gözləri qorxmuş şəkildə addım-addım geri çəkilməyə məcbur qaldı.

Budur, Tehran Turan yoluna gəlir. Muazzam Türk Birliyinə qarşı dirənməkdən vaz keçib, praqmatizmə üstünlük verir. Zatən İran son illər Azərbaycanla xeyli iqtisadi layihələrə başlayıb. Logistika, enerji, ticarət və s. sahələri əhatə edən xeyli sayda şərikli layihələr mövcuddur. Bunları riskə atacaq qədər mənasız iddia göstərdi. Dərsini aldıqdan sonra mənasız işlərdən geri durdu. Amma bu, İrandır, yenə fürsət yarandıqda eynisini yapacaq. Bu dəfə daha sərt cavab alar, sağlıq olsun.

İran onu da anladı ki, Ermənistandan ona müttəfiq olmaz. İrəvan İranın qəvi düşməni ABŞ-ı başqa formada regiona gətirir – Amerika ilə hərbi təlimlərə başlayır. Buna Rusiya da, İran da təxminən eyni reaksiyanı verir. Hər iki dövlət üçün bu, arzuolunmaz perspektivdir.

Fəqət İranın Ermənistanı satmasının əsas səbəbi başqadır. Müharibəni uduzmuş, dizləri yerə gəlmiş Ermənistan indən belə İranın nəyinə lazımdır? Ermənistanın dövlət kimi perspektivi yoxdur. Azərbaycan Ermənistan tərəfindən işğal edilən bütün tarixi torpaqlarını geri qaytarmaq iddiası irəli sürüb. “Böyük Ermənistan” xəyalı quran bir millət kiçilə-kiçilə gedir. Ermənilər bu gün Qarabağdan kütləvi şəkildə qaçır. Növbəti mərhələdə Ermənistandan elliklə köç etsələr, təəccüblənmərik.

İran dərin dövləti bütün bunların fərqindədir. Ona görə Azərbaycan və Türkiyə ilə konfrontasiyaya getməyi dayandırıb, əməkdaşlıq əli uzadır. Uduzanın yanında yer almaqdan imtina edərək, qalib tərəfə doğru addımlamağa başlayıb.

Turan yolu – Zəngəzur dəhlizi böyük dövlətlərin maraq və mənafelərinin təminatçısıdır. Siyasi-iqtisadi, eləcə də logistik baxımdan qitələri birləşdirən arteriyadır. Layihənin işə düşməsi ilk mərhələdə regional konfliktləri dayandırır. Artıq bunun əlamətlərini görürük. Ardınca əməkdaşlığı, barışı təmin edir. Ona görə də buna biganə qalmaq, qarşısına keçmək, əngəlləmək sadəcə mümkün deyil…

Azər Ayxan
Globalinfo.az