Regionun öz gücləri Zəngəzur dəhlizini açırsa, Azərbaycan nə üçün mənasız Qranada turnesinə qatılmalıdır və “yekə-yekə Ermənistanlarla” üz – üzə qalmalıdır?

Avropa Siyasi Birliyinin 3-cü Sammitinin başlayacağı bugünkü tarix çox güman ki, bir zamanlar Azərbaycanda və regionun tarixinin yazılmasında dünya gedişatını dəyişən hadisə kimi təsvir ediləcək.

Böyük ölçüdə bir çox analitiklər üçün kəskin dəyişən beynəlxalq münasibətlərdəki maraq konfrantasiyalarını oxumaq çətindir.

Lakin bizim üçün bölgənin dəyişikliklərə hamilə olması barədə mesajları liderlərin, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan lideri İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan və İran tərəfinin rəhbərlərinin nitqlərində oxumaq olar.

Məsələn, gündəmi Ukrayna müharibəsi və digər müasir problemlər olan Granada konfransının alt qatında Azərbaycan və Ermənistan liderlərinin alman və fransız rəhbərlərin iştirakı ilə görüşü baş tutmalı idi.

Lakin görüşdən öncə, Fransa Xarici İşlər naziri Kollonnanın İrəvana səfəri və səsləndirdiyi mövqe Azərbaycanda tərəddüdlərə son qoydu. Bu format Azərbaycan üçün nə verə bilər ki?

O baxımdan Azərbaycan Türkiyə tərəfinin görüşdə iştirakçı kimi qatılmasının təmin edilməməsinə görə və Fransanın açıq ermənipərəst mövqeyinə görə görüşə deyil, bütövlükdə Konfransa qatılmaqdan imtina etdi.

Bunun müqabilində Ermənistan baş naziri Nikol Paşinyan görüşlərdə iştirak edəcək.

Lakin, bu, effektiv nəticələr doğurmayacaq. Çünki Cənubi Qafqazın təhlükəsizlik sisteminin tam təmsil edilmədiyi platformada Ermənistan təktərəfli qaydada hansı faydaları təklif edə bilər ki?…

Dərhal Ərdoğanın partiyası Əliyevin Paşinyanla görüşdən imtina etməsini alqışladı deyə rəsmi məlumat paylaşıldı.

Maraqlıdır ki, eyni qaydada, eyni mövqe Kremldən də gəldi ki, görüşlə bağlı Azərbaycanın addımı suveren hüququna aiddir.

Əziz Əlibəyli, beynəlxalq münasibətlər üzrə ekspert