ZAHİD ORUC, 

Sosial Tədqiqatlar Mərkəzinin sədri 

Formasiyalar tarixi fərqləndirdiyi kimi, dövlətlərin evolyusiyası da müxtəlif inqilabi dəyişikliklər, qanlı müharibələrdən keçir və donuq, statik qaldığı zaman iflasa uğrayır. Təkcə Britaniya imperiyası əvvəlki rejimlərə son qoyan Kromveldən sonra 5 əsrə yaxın köklü transformasiyalara uğradı, monarxiya quruluşunu saxlasa da, krallıq titullu xalqları-şotlandları, irlandları, ada əhalisi olan uelsliləri və yekunda, bütün rəiyyəti yüksək azadlıqlara və imtiyazlara sahib etdi.

Napoleon Fransasının dünyaya bəxş etdiyi respublika quruluşunun dövlət fenomeninə misilsiz töhfələri danılmazdır. Söhbət təkcə hakimiyyətin bölünməsində, yaxud, indi dəbdə olan terminlə desək, bir əldə cəmləşmənin qarşısını almaq üçün “balans və çəkindirmə” funksiyasına tabe olan müasir demokratiyaların, gerçəklikdə isə tez-tez siyasi böhranlara yol açan çoxpartiyalı hökumətlərin təşəkkül tapmasındakı müstəsna roldan getmirdi. Jirondistlərin, yakobinçilərin, royalistlərin və digər qüvvələrin sonda kralı edama aparan mübarizələri ilə inqilab mütəffəkirləri və siyasət filosofları nəhayət, respublika quruluşunun dövlətin ərazi və siyasi bütövlüyünün etibarlı zəmanəti olduğunu qəbul etdilər. Hamı gördü ki, hələ beynəlxalq hüquq və münasibətlər sisteminin formalaşmadığı, hərbi gücün hökmranlıq etdiyi 18-ci əsrin sonlarında fransızların gilyotinasından doğulan idarəetmə maşını zamanın sınaqlarına tab gətirir, böhrandan-böhrana sınıb dağılmır.

Bəli, əldən-ələ keçən taxt-tacın, terror və termidor çevrilişlərinin, “monarxiya və anarxiya” arasında dövr edən müxtəlif direktoriyalar və üsul idarələrinin yekununda 1792-ci ildə yaradılan Respublika tarixi hadisə idi, onun ilk Konstitusiyası, inzibati-ərazi quruluşu, qanunverici orqanı, məhkəmə hakimiyyəti, regional və beynəlxalq münaqişələrə reaksiya vermək qabiliyyəti digər idarəetmə quruluşlarından müsbət mənada fərqlənirdi. Doğrudur, xalqın hakimiyyəti ələ alması üçün yerli idarəçilik-kommuna qədim yunan demokratiyalarını xatırlatsa da, mərkəzi hakimiyyətlərin dominant rolu güclü idi, lakin məhz müharibələrdə məğlubiyyətlər, beynəlxalq münaqişələr bir-birini əvəzləyən imperatorları nəhayət, respublikaya uyğunlaşmağa məcbur etdi.

Mönteskyönün Aristoteldən əxz edib, antik təcrübəni müasir dövrün təlatümlü Yelisey sarayına gətirdiyi ideyaları Ağ Evə daşımağa çalışan cefersonlar, franklinlər federativ quruluşu saxlasalar da ABŞ İstiqlaliyyət Bəyannaməsinin ilk ayələrindən birini Respublika şüurunun təsbitinə və təsdiqinə həsr etmişdilər.

Son 200 ildə beş respublika dəyişən Fransanın hakimiyyət varisliyi güclü oldu, hər növbəti quruluş damlanın dənizi özündə əks etdirdiyi qədər əvvəlkinə bənzəyirdi. Avropa, Amerika, Afrika arealına yayılan respublikalar hər bir xalqın mental ənənələri, mədəniyyəti, həyat səviyyəsi və yaşadıqları iqtisadi-siyasi durumdan asılı olaraq, müxtəlifiydi, lakin hamısının ümumi bir cəhəti-onun yaşamaq qabiliyyətindəydi.

Əlbəttə, respublikalar bir-birindən müxtəlif zaman intervalı ilə fərqlənirdilər. Birinci respublika 1792-ci ildən 1804-cü ilə qədər mövcud oldu. Şübhəsiz, monarxiyalar kolonial sistemin üzərində bərqərar olmuşdu. İkinci respublika cəmisi 4 il, sonrakı isə 70 ildə geniş coğrafiyaya-Afrikadan Amerikaya, eləcə də Asiyanın ucqarlarına qədər nüfuz edərək, bütün qabaqcıl xalqların şüurlarına hakim kəsildi. Təsadüfi deyil ki, 1-ci dünya müharibəsindən keçən və Antantanın məruz qaldığı sarsıntılara tab gətirən 3-cü Respublika 20-ci əsrin əvvəllərində bir çox imperiyaların çöküşü qarşısında öz müvazinətini saxlamışdı. Lakin ikinci cahan savaşı zamanı general Petenin kollaborsionizmi yalnız Şarl de Qolun Müqavimət hərəkatı ilə ənənəvi xəttə qayıtmağa imkan verdi.

Hər məğlubiyyət, uğursuzluq və ya milli rüsvayçılıq Fransa Respublikasının siyasi mahiyyətini və mövcud olmaq iradəsini göstərirdi, əlbəttə, o vaxtlar artıq Amerika kimi gənc dövlət yüksəlişdə idi, lakin bütün qitələrdə köhnə quruluşlar durğunluq içində görünürdü. Fransanın üçüncü respublikasını daxilən “çürütdüyü”nü deyən, “məğlubiyyətimiz mənəvi uğursuzluqlarımızın cəzasıdır” yazan Petenin öz satqınlığına haqq qazandırmaq istəməsi, orta hesabla səkkiz ay davam edən 103 kabineti və 15 keçmiş baş nazirin acı sosial gərginliyi, bədbinlik və məğlubiyyəti, qorxulu və ardıcıl olmayan diplomatiyası, tərəddüdlü və uzağı görməyən hərbi strategiyası 1940-cı ilin iyununda Almaniyanın qələbəsini asanlaşdırmışdı. Beləliklə, yeni dördüncü respublika da qısa müddət, cəmisi 10 il yaşadı. 1956-cı ildən indiyədək, yeni Konstitusiyanın qəbulu ilə müasir Fransa beşinci respublikası dünya arenasında keçmiş əzəmətini və nüfuzunu geri qaytarmağa çalışır.

Bu tarixi xülasə, Axundovun məşhur əsərinin-dağılan Parisin süjeti deyil, çünki inqilabın dalğası təkcə Şərqə yox, bütün qitələrə yayılırdı. Rusiya imperiyasının laxlaması ilə yaranan yeni dövlətlərin hamısı özünü respublika adlandırdılar və Fransa inqilabından ilhamlandıqlarını nümayiş etdirdilər. Əlbəttə, buna vadar edən səbəblərdən biri də Parisin dünya siyasətindəki mərkəzi rolundan irəli gəlirdi. Sülh Konfransları yeni dövlətlərə məhz orada pasport verirdi, onların siyasi kimliyini tanıyırdılar.

Rusiya və Osmanlı imperiyasının çöküşü, Zaqafqaziya Demokratik Federativ Respublikasının da sonda dağılması müstəqil Azərbaycan Xalq Cümhuriyyəti ilə bərabər, ermənilər və gürcülər də respublika adı ilə siyasi xəritəyə daxil oldular.

Xanlıq və quberniyalardan sonra iranlı keçmişini bir kənara qoyub Avropanın getdiyi yolu seçmək bir ovuc siyasi idealistin utopiyası sayıla bilərdi. Lakin 23 aylıq hakimiyyət bütün xarici və daxili məhrumiyyətlərə baxmayaraq, azərbaycanlıların dövlət qurmaq bacarığını və hökmünü göstərdi. Bir-birini əvəz edən 5 hökumətin başçıları qoca Şərqdə münaqişələrin əldən saldığı və əsrlərdir nəsildən-nəslə ötürülən düşmənçiliklərin Qafqazda dünyəvi dövlətin yaradılmasına verilən canların və qanın qarşısını ala bilmədi. Fətəli Xan Xoyski və Nəsib Bəy Yusifbəylinin rəhbərliyi ilə Tiflisdən Gəncəyə, daha sonra Bakıya köçürülən hökumət müxtəlif cəbhələrdə aparılan müharibələr üçün dövlətin ordusunu, xarici siyasətini, beynəlxalq təmsilçiliyini və millətin tələb etdiyi dil, din, təhsil, səhiyyə, vergi və s. qərarlarını çıxarmağı bacarmışdı. Lakin Britaniyanın Qafqazlara gələn 20 minlik ordusunun təkcə 5 minə qədərinin Azərbaycanda saxlanması və Xəzər neftinə sahib olması 1919-cu ilin 7 ayı ərzində Cümhuriyyəti idarə edən tomsonların-ingilis generallarının rus çarlarından daha amansız olduğunu göstərirdi. Əlbəttə, o dövr konstitusiyaların qəbulundan danışmaq yersiz olardı, yalnız İstiqlal Bəyannaməsi mövcud idi, lakin ölkə ərazisinin 114 min kvadrat kilometrlik ölçüsü, İrəvanın Ermənistana paytaxt kimi güzəştə gedilməsi müqabilində Qarabağa iddiaların dayandırılacağına dair sonda parlament qərarı, Moskva və Qars müqavilələri fonunda respublikanın iki ilə yaxın mövcudluğu mühüm siyasi tarixdir, onu əvəz edən sonrakı quruluşların ana mənbəyidir.

Bolşeviklərin hakimiyyətə gəlişi ilə qurulan yeni imperiyanın tərkibinə alınan ikinci Azərbaycan sovet Respublikası əvvəlki rəhbərlərin bir qisminin repressiyasına, o cümlədən, torpaq üzərində mülkiyyət hüquqlarından, mərkəzi və yerli hakimiyyət orqanlarının formalaşması prinsipinə qədər dəyişməsi belə Cümhurriyyət mirasının tamamilə dağıdıldığı demək deyildi. Tam əksinə, Rəsulzadə və tərəfdarlarının illərlə mübarizə apardığı, lakin müəyəssər olmadığı idealların həyata keçirilməsi uzun illər mühacirətdə yaşayan əvvəlki dövlət təmsilçilərini tərəddüdə salmışdı. Azərbaycan Sovet Sosialist Respublikası nəinki Ermənistan və İranla tarixi mübahisələrə son qoymağı bacardı, eləcə də əksər dövlətçilik atributlarını və institutlarını formalaşdırdı, Silahlı qüvvələrdən xarici siyasətədək bütün sahələrdə böyük kadr korpusu formalaşdırdı, internasional bir mədəniyyətin ayrılmaz parçasına çevrildi. Başlıcası, 1918-ci ilə qədər dünyəvi təhsilə Rusiya imperatorlarının qərarı, Çernyayevski kimi parlaq simaların təşviqi ilə yalnız 1879-cu ildən qoşulan azərbaycanlılar demokratik Respublikanın birinci ilində qurulan Bakı Dövlət Universitetinə baxmayaraq, sayları 400-ü keçmirdi. Lakin üstündən cəmi 30 il keçəcək, bütün Azərbaycanda açılan məktəblərin sayı 1000-i ötəcək, ali təhsil ocaqları 20-dən, texniki peşə təhsili müəssisələrin isə sayı 100-dən çox olacaqdı. Hansı imperiya 1955-ci ildə azərbaycanlı alimlərin sayını 1300-ə qədər çatdırmağa icazə verərdi?! Marksistlər istismarçı kapitalizmin öz qəbirqazanını hazırladığını yazırdılar. Halbuki “istila və köləlik” belə olmur. Təəssüf ki, Azərbaycanın 70 illik sovet dövrünün obyektiv hüquqi-siyasi qiyməti verilməyib, yaxud tendensiyalı, qərəzli-xarici mənafe qruplarının diqtəsi altında mifologiyalar yaradılıb. Fransa kommunaçılığını bir daha xatırlayaq. Mərkəzi İnqilab komitələri ilə başlayan bolşeviklər nəhəng çekist şəbəkəsi ilə dünyada qorxu yaysalar da, yerlərdə hakimiyyət sadə insanlara məxsus idi-xalq sovetləri əsil özünüidarə formasıydıBeşillik planlar və əmək cəbhəsində sovet adamlarının misilsiz rəşadəti Azərbaycanı geriqalmış ucqar Şərq əyalətindən qabaqcıl sənaye, təhsil, səhiyyə, mədəniyyət, ən nəhayət, dünyəvi dövlətə çevirdi. Dini fanatizmə yuvarlanan müsəlmanların, yaxud Əfqanıstanın tayfa və örgütlərinə xas olan qapalı həyat tərzinin yad olduğu bir cəmiyyət qurmaq sovet azərbaycanlılarının tarixi nailiyyəti idi. Vahid ideoloji trafaretləri bir kənara qoyun, sovet insanının yaratdığı mədəniyyət və ədəbiyyatın indi də dünya xəzinəsi kimi qorunub saxlanıldığını kimsə inkar edə bilməz.

Cəmi 30 il sonra o nəslin övladları SSRİ-nin verdiyi təhsillə uzaq kosmosda dünyanın ən nəhəng elmi ekspedisiyalarına rəhbərlik edirdilər.

Nəriman Nərimanov, Mircəfər Bağırov və İmam Mustafayevin Azərbaycanın milli və sovet simasını formalaşdırması ilə müqayisədə imperiyanın yetişdirdiyi və sonralar öz rəhbərliyinə gətirdiyi Heydər Əliyevin Azərbaycanda hakimiyyət birinciliyinə yüksəlməsi faktiki müstəqil bir dövlətin SSRİ Konstitusiyasında əksini tapan hüquqlarının tam gerçəkləşməsiydi. Məgər müasir Avropa Birliyi vahid büdcə, maliyyə və xarici siyasəti Sovetlər birliyinin oxşarı deyil? Bir Macarıstanın müstəqil, ipə-sapa yatmayan lideri Orbanın avtonom qərarlarına dözmürlər, Brüssel iqtisadi və siyasi administrasiyası tərəfindən sərt şəkildə bloklayırlar.

Heydər Əliyev Azərbaycanı bir dövlətin malik olduğu bütün institusional qərar və səlahiyyətlərlə yönləndirərək heç bir ideoloji çərçivələrin xalqa xidmətin qarşısını ala bilmədiyini göstərdi. Alınan keçici Qırmızı bayraqlar 1987-1993-cü illərin xaosunda ölkənin tam dağılmasına imkan verməyən güclü iqtisadiyyatın və sosial infrastrukturun yeganə təminatçısıydı. “Beynəlmiləl millət” yaratmaqda suçlanan sovetlər müasir xalqların özgürlüyünü məhv edən və milli dövlətləri silən qlobal hərəkatlara baxıb gərək utansınlar, əməyi din səviyyəsinə qaldıran, yüksək bilikli insanların gildiyasını formalaşdıran, fəhlə-kəndli sinfindən hakimiyyət elitası yaradan bir quruluş total inkara məruz qalanda, tarixi zəncir qırılır, nəsillərarası rabitə itir.

Sovetlər Birliyinin çöküşünün əlbəttə, səbəbləri çoxdur, lakin təfərrüata varmadan, milli-etnik münaqişələr dalğasında çökən 2-ci respublikadan sonra elan olunan yeni dövlətin təsisi əvvəlki quruluşun müəyyən rekonstruksiyası ola bilərdi, lakin inqilabçılar onun təməllərini dağıdıb yenisini isə qurmağa qadir olmadılar. 1991-ci ilin oktyabrında zahiri atributlara baxmayaraq, dövlətin ənənəvi nüvəsinə-onun 70 ildə yaradılan əsaslarına qayıdandan sonra sabit respublika qurulmağa başladı. Bolşeviklərin mirasını yalnız siyasi rənginə görə inkar edənlər dövləti səhralaşdırdı, onu tarixi yaddaşsız qoydular. Məsələn, müasir Ukrayna, yaxud bir çox şərqi Avropa ölkələri keçmiş siyasi irsin inkarı ilə əvvəlki nəsillərin yaratdıqları böyük bir sərvətdən məhrum oldular. Heykəlləri uçurmaqla iş bitsəydi, nə vardı ki..

1991-ci ilin 30 avqustunda Azərbaycanın müstəqillik bəyannaməsində əksini tapan “cümhuriyyətin varisi” termininə əsaslanan ermənilərin elə həmin ilin sentyabrın 2-də Qarabağın müstəqilliyinə hüquqi əsas tapdıqlarını bəyan etmələri Azərbaycanın üçüncü respublikasının təməllərinə qoyulan mina idi. 1987-ci ildə hələ dağılmamış SSRİ-nin, Qorbaçovun rəhbərliyi altında müttəfiq respublikanın ərazi bütövlüyünə hücum dağılma hökmünün başlanğıcıydı. Milli azadlığımız digər sovet xalqlarından faciəli olsa da, 3-cü Respublikanın xilası və quruculuğu Heydər və İlham Əliyevin xilaskarlıq, daha sonra quruculuq kursu ilə dünyada bənzəri olmayan salnaməyə çevrildi. Bəllidir ki, Ayaz Mütəllibovun və Əbülfəz Elçibəyin dövründə yeni-milli konstitusiya qəbul edilmədi. Lakin dövlətin inşası, yeni iqtisadi-siyasi münasibətlər sistemini idarəçiliyə daşımaq, o cümlədən, ordu, müttəfiqlər, neft və müharibə siyasətini qurmaq üçün 3-cü Respublika böyük bir yol keçdi.

İlham Əliyevin 2003-cü ildə hakimiyyət olimpinə yüksəlişi 3-cü Respublikanın mühüm mərhələsidir. Dağıdıcı inqilabi dalğaları durduran, xarici müdaxilələrin qarşısını kəsən, demokratiya və insan hüquqlarının dəmir pəncəsi ilə mərkəzi dövlətləri zəiflədən, Strasburq və Brüsseldən hökumətlərin siyahısını diqtə edən qüvvələr qarşısında fərqli iradə və siyasət formulu irəli sürən İlham Əliyev Şərqdə heç vaxt gedilməyən, 3 əsr ərzində ölkəmizi, eləcə də yaşadığımız coğrafiyanı qonşu və uzaq paytaxtların istilasına məruz qoyan siyasətlərə qalib gələn üçüncü bir yol seçdi.

Beləliklə, 2020-ci ildə Azərbaycanın müharibəsi onun çıxardığı ən böyük hərbi-siyasi qərardır. Siyasi mahiyyətinə görə ümumxalq səsverməsi sayılan 45 günlük Vətən savaşı həm də dördüncü respublikanın Konstitusiyasının hərbi meydanlarda yazılması və qəbulu demək idi. Məsələ, təkcə dövlətin ərazi və siyasi quruluşunun bütövləşməsində deyil. Axı tarixin gedişini dəyişmək, 20 faizlik torpaq uğrunda savaşdan daha çətindir.

Beləliklə, İlham Əliyev dördüncü Respublikanın qurucusu və banisidir. Onun müxtəlif siyasi titullara-adlara mötədil yanaşması və çoxmilyonlu çağırışlara təvazökar münasibəti əlbəttə, dövlətin mənafeləri baxımından müzakirələrə açıqdır. Hər halda Çindən Amerikaya qədər geniş məkanlarda Stalinin, Çan Kayşinin hərbi rütbələrini demokratik ölkələr də qəbul edib və müqavimət doğurmayıb. Lakin erməni irredentizminin-uzun əsrlər boyu regionun və dünyanın başağrısına çevrilən sonsuz iddiaların səbəb olduğu kütləvi qırğınlara, soyqırımlara son verilməsi əsil geosiyasi, o cümlədən, dini, mədəni və mənəvi inqilabdır. Birinci Pyotrun qərarlarını yenidən çap edənlər, öyrənənlər Rusiya imperatorunun cənubda etibarlı cinah, müsəlmanlar arasında xristian bufer zona yaradılmasının geriyə oxunuşunu, Əliyevin imperiya siyasətlərinə necə son qoyduğunu qəbul etməyə borcludurlar. Bu həm də əvvəlki əsrlərə və hökmlərə görə yaşamış cəmiyyətlərin yenidən dirilişinin zərurət aktıdır. Çünki torpaq savaşı aparan millətlərin çox az bir qisminin siyasi hekayəsi azərbaycanlılar kimi köhnə əsrlərə gedir, üzərində qlobal və regional əllər mövcuddur, əvvəlki quruluşlardan qalan vəsiyyətlər, doqmalar, koddavinçilər təhdid edir.

Qafqaz regionunda geosiyasi arxitektura son 3 əsrdə ədalətli düzənə doğru ilk dəfədir, dəyişir. Pənahəli xanın əsasını qoyduğu Şuşanın və böyük mənada Qarabağın ətrafında yaranan fasiləsiz konfliktlər bir Liderin və millətin mübarizəsi ilə “parçala və hökm sür” siyasətinə qalib gəlir, yeni “birləşdir və firvana et” kursunu irəli sürür. Belədə, gələcək arxitektura hamının birgə uduşundan asılı deyilmi? Nəinki 1-ci Pyotrun, ondan sonrakı çarların, baş katiblərin, prezidentlərin dəyişməsindən, İranın şahlıq quruluşu, dini inqilabdan sonrakı siyasətin fonunda, həmçinin Osmanlı və Cümhuriyyət Türkiyəsində heç vaxt xanlıqlar, quberniyalar, yaxud birinci, ikinci və üçüncü respublikalar dövründə Azərbaycan belə bütöv, müstəqil, güclü və tarazlaşdırıcı olmayıb. Dünya erməniçiliyinin özü belə bir neçə kəskin qütbə parçalanıb və bir qismi Bakının mövqeyinə simpatiya göstərir. Rusiya məkanında yaşayan ermənilər açıq-aşkar İrəvana qarşı düşmənçilik kursu seçiblər.

Bəli, 2020-ci ildən sonrakı Azərbaycan yeni siyasi təqvimə qovuşur. Faciə və itkiləri özündə daşıyan dövrə yekun vurulur. Azərbaycan prezidenti öz tarixi missiyasını təkcə ölkə miqyasında 20 sentyabr “Bütövlük günü” və 15 oktyabrda Xankəndində ucaldılan bayraqla məhdudlaşdırmadı, eləcə də yeni dördüncü Respublikanı qurmaqla regional və beynəlxalq miqyasda sülhün, təhlükəsizliyin təminatı üçün misilsiz fürsətlər açdı. Böyük missiyadır. Qafqazın vahid lideri ötən əsrlərdə heç bir rəhbərə nəsib olmayan nüfuzu və strateji vizyonu daşıyır. Həqiqətən Azərbaycanın qələbəsi istər sovet, istərsə də beynəlxalq aləmdə mövcud ərazi bütövlüyü problemlərini çözmək üçün modeldir, nümunədir. Uzun on illər ümummilli hədəf uğrunda usanmadan, yorulmadan tarixi hökmləri dəyişdirmək, siyasətin axarını çevirmək qeyri-adi fenomendir.

Əliyevin geosiyasi inqilabı dördüncü Respublika ilə regional münasibətlərin strukturunu dəyişir, əcdadların getdiyi yolları açır və dünyanı bir tərəfdən nizama, birgəyaşayışa, əmin-amanlığa qaytarır, yaradılış fəlsəfəsinə xarakterik sadiqliklə Şərqdən doğulan sülh bütün qitələrə barış yayır. Məgər, Qəzzadakı şiddət Qarabağ nümunəsi ilə çözülə bilməzmi? Qayıdış bizim yeni milli ideologiyamız olsa da, bütün xalqlar üçün keçərlidir. Dünya erməniçiliyi açılan fürsət pəncərəsini qapadarsa, “mühacirət milləti” olmağa məhkumdur.

2023-cü ilin “suverenlik paradı” Azərbaycanın mərkəzində dayandığı müxtəlif arxitekturaların meydana çıxmasında özünü göstərəcək. Bu xüsusda, dördüncü Respublika Türkiyənin Osmanlıdan sonra regionumuza siyasi, iqtisadi və hərbi gəlişinə ən çox yol açan hadisədir. İranla münasibətlərdəki problemlərə son qoyulur, Böyük Avrasiya layihəsi-Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstanın yer aldığı yeni alyans gerçəkləşir, Rusiya-Ukrayna və Yaxın Şərqdəki savaşlar fonunda dünyanın yenidən bölüşdürülməsi və çoxqütblü, əslində Qərbmərkəzli dünyadan yeni arxitekturaya keçid baş verir. Tarixdə ilk dəfədir ki, Azərbaycan diplomatiya masalarında necə bölündüyünü deyil, taleyinin sahibi olduğunu nümayiş etdirir. Dördüncü Respublikanı əvvəlkilərdən fərqləndirən başlıca güc fərqi bundadır. Zəfər hadisəsi təqvimdə yalnız milli qələbəni ehtiva etmir, o, xalqımızın yeni keyfiyyət mərhələsinə daxil olması deməkdir. Uzun illər Şərqə xas dağıntılar, faciələr, işğallar, məğlubiyyət səhifələri qapanır. Bu, iqtisadiyyatda, ordu quruculuğunda, rifahda, mədəniyyətdə, ədəbiyyatda, mənəviyyatda da böyük dəyişikliklərə səbəb olacaq.

Heydər Əliyev Azərbaycanı xilas edəndə onun ən böyük arzusu güclü vətəndaş görmək idi. Dövlət və onun idarəçilik sistemi, hakimiyyət institutları yalnız güclü vətəndaşa söykənəndə Zəfəri daimi və dönməz edə bilər. Əgər vətəndaş zəifdirsə, ordu güclü ola bilməz, yaxud qalibiyyəti əldə saxlaya bilməz. Ötən on illər ərzində kiçik uğurlarla, Adenauerin Almaniyada məğlubiyyət şokuna son qoyan siyasəti kimi İlham Əliyev millət quruculuğunun çətin və şərəfli mərhələsinə-vətəndaş və siyasi institutlar dövrünə qədəm qoyur. İndi güclü vətəndaş yetişdirmək, kadr korpusu formalaşdırmaq Əliyev siyasətinin ali hədəfini təşkil edir. Ona görə də dördüncü Respublikanın qurucu lideri yaranmış yeni dövlətin konseptual əsaslarını, ideoloji-siyasi sütunlarını formalaşdırmaq və millətimizin gələcək 20 illik hədəflərini hazırlamağı tapşırır.

Dördüncü Respublika ermənilərlə, dünya erməniçiliyi ilə əbədi düşmənçiliiyə son qoyan bir anlaşmaya, “Əsrin müqaviləsi”nə siyasi iradə göstərir. Barış yalnız dövlətlərarası imzalanan sənədlərdə deyil, hər bir insanın onu tanıması və qəbulu gərəkdir. Ordu kimi, sülh siyasəti də güclü olmalıdır.

Dördüncü Respublika ölkənin idarəçilik sistemində yeni Konstitusiyanın qəbulunu zərurətə çevrir. Azad torpaqlarda yeni Vətən quruculuğu xüsusi nümayəndəlik institutunun, Böyük Qayıdışın, Qarabağda və bütün Qafqazda birgəyaşayış üçün həyata keçirilən yeni siyasətdə güclü hüquqi təməllərin inşasını tələb edir. Qalib Azərbaycan xalqının gözləntiləri də 45 günün gətirdiyi səlnaməyə uyğundur. 90-cı illər erası ilə bərabər, onun mirası da tarixə qovuşur. 18 oktyabr müstəqilliyin bərpasından sonrakı təqvimin qara haşiyəyə alınmış günləri 8 noyabr və 20 sentyabrla əvəzlənir. Qələbədən sonrakı yeni siyasi və mənəvi kimlik meydana çıxır.

Heydər Əliyevin yubiley əsrində Türkiyə Cümhuriyyətinin xilaskarlıq savaşının 100 ilində İlham Əliyev dünyaya dördüncü Respublikanın yaradılışı fonunda yeni təhlükəsizlik konsepti irəli sürür. BMT-nin Təhlükəsizlik Şurası, ATƏT-in, Avropa strukturlarının yeniləşməsi qaçılmazdır. Azərbaycanda bir sıra demokratik standartların aşağı olması, ərazi bütövlüyünün təminatına əngəl ola bilmədi, tam əksinə beynəlxalq hesabatlarda önə çıxarılan yeni dövlətlər süqutun bir addımlığındadır. Ona görə də güclü mərkəzi hakimiyyət sistemi olmayan ölkələr, kənardan diqtə olunan idarəetmə mexanizmləri məhvə məhkumdur.

İlham Əliyevin Qələbə formulu dünyada sülhün və təhlükəsizliyin təminatı üçün mühüm rol oynayır və dördüncü Respublika sülhün ixracı ilə başlayır. Azərbaycan apardığı 30 illik mübarizəyə siyasi və hüquqi yekun vurur, yeni dövrün başlandığını bəyan edir.

Qarabağ savaşı bitdi, indi Ağbənddən dünyaya yeni körpü atılır.

Bir vaxtlar hökmdar 2-ci Murad Osmanlı Türkiyəsini məhz körpü ilə Balkanlarla birləşdirmək istəmişdi. İmperiya yoxdur, lakin onun birləşdirici qolları yaşayır!

Yeni siyasi əsr 2023-cü ildən başlanır.