Xalq İlham Əliyevə səs verəcəkmi?

Siyasilər tərəfindən “Qarabağın azadlığı demokratiyadan (əsasən ABŞ xətti nəzərdə tutulurdu) keçir” tezisi alternativsiz fikir kimi önə çəkilir və təxminən 15 il ərzində Prezident İlham Əliyevə qarşı səslənən ittihamların ana bazasını təşkil edirdi. Yekun ittiham belə idi: “İlham Əliyev Qarabağı işğaldan azad edə bilməz”.

Bir tərəfdən isə, “Qarabağın açarı Rusiyanın əlindədir” tezisi ictimai fikirdə oturuşmuşdu. Əslində isə güclü Azərbaycan və güclü lider olmadan ABŞ və Rusiya Qarabağın işğaldan azad edilməsinə imkan verməyəcəkdi.

Zaman göstərdi ki, bu illər ərzində Azərbaycanın heç bir hərbi ittifaqa üzv olmaması Qarabağın işğaldan azad edilməsinin əsas faktorlarından biri kimi müstəsna rola malik oldu. Eyni zamanda, Azərbaycan ABŞ və Rusiya arasında seçim etmək kimi dilemma qarşısında qalmadı. Gürcüstan və Ermənistan güc mərkəzinə çevrilə bilmədi, inqilablar, siyasi təlatümlər, sosial partlayışlar bu gün də həmin ölkələrin ağır mənzərəsini önə çıxarır.

Regionda yeni güc mərkəzi formalaşmağa başladı: Azərbaycan-Rusiya və Türkiyə ittifaqı. Məhz Qarabağın azad edilməsini şərtləndirən əsas güc mərkəzi də bu ittifaq oldu.

17 milyon kvadrat kilometr ərazisi olan və dünyanın super güclərindən biri – qonşu Rusiya ilə münaqişə yaratmaq yox, müttəfiq olmaq lazım idi. Okeanın o tərəfindən verilən şirin vədlərə aldanmaq Gürcüstanı və Ermənistanı bu günkü ağır duruma saldı. Artıq Ukrayna da yanlış qərarlar verdiyini anladı, ABŞ senatı bu ölkəyə bütün hərbi yardımları dayandırır. 20 milyon insan ölkəni tərk edib, təxminən Cənubi Qafqaz böyüklükdə ərazi Rusiyanın nəzarəti aldındadır, Qərb Zelenskiyə “mövcud durumla barışmağı, sülhə getməyi” təklif edir. Azərbaycan Türkiyə ilə tarixdə heç vaxt olmadığı qədər strateji münasibətlər formalaşdırdı. Türkiyə hökumət üzvləri Region və dünya qarşısında Azərbaycanın maraqlarını (xüsusilə, müharibə dövründə) tələb kimi önə çıxardılar. İndiyə qədər İran və Fransa Azərbaycanın sərrast müqavimətinə bu qədər effektiv tuş gəlməmişdi. Dünyada yeni formalaşan Türk Dövlətləri Birliyi Azərbaycansız ölü doğulan körpə uşağa bənzəyər. Diqqət ediriksə, bu birlik digər regional təşkilatları da üstələməkdədir. TDB-nin gücləndirilməsinin məqsəd və hədəfləri isə daha düşündürücüdür.

Öncə güclü dövlət yaratmaq və onun ərazi bütövlüyünü təmin etmək lazım idi. Digər amilləri kənara qoysaq, təkcə bu faktor 2024-cü ilin fevral ayının 7-də keçiriləcək seçkilərdə İ.Əliyevin xalq tərəfindən prezident seçilməsini şərtləndirəcək.

Bundan sonra İ.Əliyevə rəqib olmaq daha da çətinləşəcək. Uzun illər ərzində “demokratik seçki olsa, İ.Əliyevə qalib gələrik” deyənlər, buyursunlar, 7 fevraldakı seçkilərə… Hazırki durumda xalqın İ.Əliyevə səs verməyəcəyini düşünmək və bu istiqamətdə siyasi çıxışlar etmək səfehlikdir. Ayrı-ayrı hökumət üzvlərinə olan inamsızlıq xalqın İ.Əliyevə olan münasibətini dəyişməyəcək.

Güclü dövlət bütün resurslarını Qarabağın azad edilməsinə yönəltmişdisə, yeni seçkilərdən sonra bu resursların daxili problemlərin köklü həllinə yönələcəyi və yeni mərhələnin başlayacağı ehtimalı böyükdür. Bir neçə gündür müxtəlif siyasi cinahlardan İ.Əliyevin daxildəki problemləri həll edə bilməyəcəyi ilə bağlı tənqidlər səslənir. Yırtıcı qanunlarla idarə olunan dünyanın ən həssas coğrafiyalarının birində – Cənubi Qafqazda Qarabağ münaqişəsini həll edən İ.Əliyevin daxili problemləri həll etmək üçün gücününü olmadığını düşünmək gülüncdür.

– Heç kəsin gözləmədiyi bir ərəfədə yeni prezident seçkilərinin keçirilməsi qərarı niyə verildi? Buna nə zərurət var idi? Bu haqda növbəti yazıda….

Müəllif: Samir Feyruzov