Azərbaycan və Ermənistan arasında razılaşmaya görə, 32 erməni hərbçisi 2 azərbaycanlı hərbçi ilə dəyişdiriluib.
Diqqətçəkən məqam 32 nəfərlik siyahıya Azərbaycan xalqına və bəşəriyyət əleyhinə cinayətlər törətmiş ölü qondarma rejimin keçmiş rəhbərləri Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslərin daxil edilməməsidir.
Adıçəkilən şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi Bakı üçün müzakirə mövzusu deyil. Hərçənd Vaşinqtondan bu istiqamətdə istəyin gəlməsi mümkündür. Xüsusilə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Bakıya səfəri zamanı bu məsələ də müzakirə edilmiş ola bilər. Lakin dediyim kimi, Azərbaycan üçün bu mövzu müzakirə mövzusu deyil.
Bütün hallarda Azərbaycanın əli Ermənistana nəzərən daha güclüdür. Lakin rəsmi Bakı yeni müharibə və əbədi düşmənçilik istəmir. Bakının hərbçiləri dəyişdirməyə razı olması bunu bir daha təsdiqləyir.
Aydın məsələdir ki, rəsmi Bakı üçün vətəndaşının, hərbçisinin həyatı öncəlik təşkil edir və bu istiqamətdə say nisbəti elə də əhəmiyyət daşımır. Lakin atılan bu addımın ən mühüm səbəbi sülh müqaviləsi istiqamətində aparılan danışıqlar fonunda tərəflər arasında etimad və qarşılıqlı güvən mühitinin formalaşmasıdır.
Azərbaycan regiona sülhün gəlməsi istiqamətində növbəti dəfə tarixi qərara imza atdı və artıq beynəlxalq aləmdən bununla bağlı müsbət reaksiyalar gəlməkdədir.
Turan Rzayev, politoloq