12 dekabr – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Hörmət və rəhmətlə anırıq…

SSRİ dövründə, mətbuatda siyasi plüralizm faktiki yox olduğu bir zamanda Heydər Əliyev KİV və mətbuatın inkşafı üçün ciddi siyasəti mövcud olmuşdur.

SSRİ-də mərkəzi hakimiyyət kütləvi informasiya vasitələrini cəmiyyət üzərində qılınc kimi istifadə edirdi.

Məsələn, ötən əsrin 30-40-cı illərində Azərbaycan ziyalı şəxslərinin represiyaya məruz qalmasında o dövrün mediasının böyük rolu oldu.

70-80-ci illərdə Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdə siyasi plüralizm üçün mövcud siyasi sistemdə mümkün sərhədlər açıldı, milli mövqeli cəmiyyətin formalaşması üçün şərait yaradıldı.

Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycan mediasında müstəqil fikirli insanların fəaliyyət göstərməsinə dəstək olmaqla cəmiyyətin milli kodların inkşafına səbəb olacaq media formalaşdırdı.

Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan bu siyasətin bəhrəsini gördü.

Toxumları həmin illərdə atılmış fikirlər cücərmiş, milli düşüncəli cəmiyyət formalaşmışdır.

SSRİ-nin dağılması ilə müstəqilliyə qovuşan Azərbaycanda kiçik bir müddət ərzində mövcud olan hakimiyyət demokratik prinsipləri əsaslanan respublikanın qurulması prosesinə deyil, prinsipial olaraq yeni dövlətin regionlar və qruplar arası bölüşdürülməsinə, faktiki olaraq ölkənin parçalanması prosesinə start vermişdilər.

Bu proses Azərbaycan mediasında həmin illərdə dərc olunan yazılarından daha aydın görünür.

Səriştəsiz hakimiyyətin mövcud problemlər qarşısında çaşqınlığı cəmiyyət və hakimiyyət arasında olan çatları hər gün daha da dərinləşdirirdi.

Həmin dövrdə hakimiyyətin səriştəsizliyi və təcrübəsizliyini təkcə cəmiyyətlə hakimiyyət arasında deyil, mövcud hakimiyyət daxili qruplar arasındakı kəskin qarşıdurma və dözümsüzlük halına gətirib çıxarmışdı.

Azərbaycan mediası həmin illərdə faktiki milli maraqlar deyil, kənar, regional və qrup maraqları müdafiəsi üçün adaptasiya edilirdi.

Hakimiyyətin səriştəsizliyi mediada problemlərin həlli istiqamətində köklü addımlar atmaq əvəzinə, onları ört-basdır etmək, görməməzlikdən gəlmək siyasəti kimi ifadə olunurdu.

Ölkənin, xalqın milli və maddi genofonu olan Şuşa şəhəri işğalla üz-üzə olduğu günlərdə Azərbaycan mediası dövlət orqanlarında təmsilçiliyi uğrunda daxili konfliktrərə meydan olmuşdur.

Həmin günlərdə cəmiyyətin intelektual və ziyalı kəsiminin ciddi qınağı ilə üz-üzə qalan hakimiyyətin istər dövləti müdafiə məqsədi, istərsə də cəmiyyətlə ünsiyyət məqsəsində atdığı primitiv addımları dalana dirəndi.

Dövlətin dağılmasına və nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirməyə hazırlaşan ekstremist qüvvələr medianın fəaliyyətini iflic edirdilər, vəzifəli şəxslər KİV-lərin redaksiyalarına hücümlar edirdilər.

Media, hakimiyyət və cəmiyyət arasındakı böhranı idarə olunmaz hala gəlmişdir.

Ziyalıların ölkəni böhrandan çıxarmaq səylərinə hakimiyyət hərtərəfli dəstək vermək əvəzinə onlara qarşı nifrət çağırışları olan təbliğatlara start verdi, bunun üçün mediadan onlara qarşı xaç yürüşü elan etdi.

Belə bir vəziyyətdə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev yeni media siyasətini həyata keçirdi.

Medianın hərəkətverici qüvvəsi nəzərə alınmaqla uzunmüddətli media siyasəti müəyyən edildi.

Birinci Qarabağ müharibəsindəki itkilərdən sonra, həmin dövrdə cəmiyyətə aşılanmış xof, məğlubiyyət sindiromuna qarşı media önəmli rol oynadı.

Yeri gəlmişkən qeyd edim ki, işğalı sürətləndirən vasitələrdən biri də o dövrdə mediada işğal qorxusuna və xofuna böyük yer verilməsi kimi yanlış təbliğat idi.

Heydər Əliyevin demokratik prinsiplərə əsaslanan media siyasətində məqsədlərdən biri də media subyektilərini hakimiyyətdəki qruplaşmaların əlindən xilas etmək, cəmiyyətdə bölücülüyün qarşısını almaq idi.

Siyasi plüralizm, fikir müxtəlifliyi, müxtəlif cəbhələrdə olan insanlara yer verilirdi. 1998-ci ildə KİV üzərində senzura tamamilə ləğv edildi.

Yeganə Hacıyeva, Mətbuat Şurasının İdarə Heyətinin üzvü