İnternetin inkişafı media sistemini, formatını, jurnalistlərin iş qaydalarını, hətta deyərdim ki, peşə prinsiplərini tamam dəyişdi. Elektron media sürətlə print medianı sıradan çıxardı. Klassik media yalnız Almaniya, Fransa, Rusiya, Britaniya kimi ənənəvi oxuma vərdişlərinə yiyələnmiş ölkələrdə hələ də müqavimət göstərə bilir.

Azərbaycanda isə yazılı mətbuat yalnız dövlət dəstəyi ilə ayaqda qalır. Dövlət əlini çəksə, bir aya ortada bir qəzet, jurnal qalmaz. Buna görə dövlətə ən azı təşəkkür düşür. Çünki çap mətbuatının yaşaması vacibdir. Qəzet-jurnallar sadəcə mətbuat deyil, bu, həm də yazılı, sənədli tarixdir. İstənilən vaxt istənilən qəzetin istənilən nömrəsini arxivdən götürüb oradan bəhrələnmək olar. Lakin internet saytlar haqda bunu demək olmaz. Onların bazaları tez-tez itir, silinir məhv olub gedir. Şəxsən mənim internetdə indiyədək minlərlə yazım olduğu halda, axtarış verəndə 100-nü tapmaq olmur. Amma bütün yazılarım qəzet səhifələrində arxivimdə qalır.

Bizdə çap mediasının reklam bazarı, abunədən və satışdan gəlirləri çox cüzidir. Ona görə də, indiki şəraitdə dövlətin çap mətbuatına maliyyə dəstəyi verməsi vacibdir. Çünki onların öz gücü ilə fəaliyyət göstərməsi mümkün deyil. Xüsusən də, bizim kimi qəzet-jurnal oxumağı bir zərərli vərdiş kimi tərgidən cəmiyyətdə. Belə bir rəqabətli mühitdə çap mediasının fəaliyyəti üçün böyük maddi texniki baza və maliyyə imkanları olmalıdır. Üstəlik, peşəkar kadrlar lazımdır, onlar da aşağı qonorara işləmirlər. Reklam bazarı yoxdur deyə qəzetlər mütəxəssislərə, peşəkar jurnalistlərə səviyyəli yazılar yazdıra bilmirlər, ucuz işçi qüvvəsi kimi daha çox gənc praktikantları işlətməyə üstünlük verirlər. Üstəlik, çap mətbuatı yeganə media növüdür ki, ona pul ödəmək lazımdır. Razılaşın ki, hər gün 50-60 qəpik verib qəzet almağa çoxunun imkanı yoxdur, olan da almır ki, saytlarda pulsuz oxuyuram. Bir sözlə, klassik mətbuatın müsbət və mənfi tərəfləri var. Lakin tərəziyə qoysaq, müsbət tərəflər daha ağır gələr.

Elektron mediaya gəldikdə burada hər cür imkanlar var. Sadəcə, bu sahədə anarxik vəziyyət olduğundan vəziyyət birmənalı deyil. Bu medianın müsbət tərəflər aydındır- hər bir faktı, hadisəni əhaliyə daha tez çatdırmaq olur, operativlik yüksəkdir, canlı yayım vermək, limitsiz foto və video əlavə etmək, bunu milyonlarla ünvana çatdırmaq, onlayn göndərmək, interaktivlik təmin etmək imkanı var.

Mənfi tərəflər odur ki, hər cür provakativ reklam və təbliğat xarakterli məlumatlar, saxta və dezinformasiya materiallarını yaymaq asan olur. Hətta ümummilli və dövlət əhəmiyyətli proseslərdə təxribatlar da törətmək mümkündür. Dəfələrlə bunun şahidi olmuşuq.

Bir sözlə, internet media müsbət tərəflərindən daha çox mənfi tərəfləri ilə ortadadır. Əksəri diletantlar, reketlər, dələduzlardan ibarət olmaqla minlərlə sayt açılıb xəbər yayır. Çoxu 1-2 nəfərdən ibarətdir- o da sayt adminləri. Peşəkarlıq çox aşağı səviyyədə, maddi texniki baza zəif, əhatə dairəsi və müxbir postları şəbəkəsi yox, dünya informasiya məkanına təsir gücü sıfır vəziyyətdə, heç bir etika, ədəb, mənəvi norma yox. Əlbəttə, istisnalar var.

Bir neçə iri informasiya agentliyi və xəbər portalı var ki, onlarda da vəziyyət qənaətbəxş deyil. Yaydıqlarının 90 faizi hazır rəsmi məlumatlar, əməkdaşların telefonla kimisə danışdırdığı, tədbirlərdən göndərdiyi “o dedi, bu dedi” qəbilindən “eksklüziv” xəbərlərdır. Yaradıcılıq, xəbər axtarışı, problem tapıb ortaya qoymaq, analiz etmək və araşdırmaq payı çox azdır.

Problem fundamental və kompleksdir. Bu, birbaşa dövlət, cəmiyyət və media üçbücağındakı qarşılıqlı vəziyyətlə analoji müstəvidə inkişaf edən bir sistemdir. Dövlət ciddi mətbuata rahat fəaliyyət üçün hər cür imkan yaratmalı, cəmiyyət isə şou mövzuların başını buraxıb ciddi siyasi, iqtisadi, mədəni, elmi mövzularda materialları izləməlidir. İş adamları, şirkətlər çap mediasına reklam verməlidir. Televiziyalar qəzetləri saytları təşviq etməlidir.

Medianın İnfkişafı Agentliyi (MEDİA) öz vəzifəsini yerinə yetirir, klassik mətbuata hər cür dəstək verir, peşəkar jurnalistlərin yetişdirilməsində xidmətlərini göstərir. Qalır cəmiyyətin və jurnalistlərin də mətbuatımızın yaşaması üçün çalışması.

Əgər hər kəs öz rolunu düzgün aparsa, klassik mediamız yaşayacaq. Son nəticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanacaq.

Elçin Bayramlı, jurnalist, sosioloq