Şübhəsiz ki, Şərqdə Yaponiya, Cənubi Koreya kimi istisna təşkil edən ölkələr də mövcuddur və ya adları qeyd edilməyən digər Şərq ölkələrinin də, məsələn, Çinin də bəzi universitetləri ümumdünya universitetlərinin və orada tədris edilən ayrı-ayrı fənlərin reytinq cədvəlində önəmli yer tutur. Amma bütövlükdə müasir elm müstəvisində Qərb Şərqi əhəmiyyətli dərəcədə qabaqlayır. Bu prosesin bir çox mühüm səbəbləri mövcuddur ki, onlardan biri də fikrimizcə, Qərbin elm fəlsəfəsinə əsaslanır. Belə ki, müasir elm deduktivizm konsepsiyasına söykənir. Deduktiv yolla nəticəçxarma formalarının (deduktiv sillogizmin) tarixi qədim yunan fəlsəfəsinə (Aristotel məntiqinə) gedib çıxsa da, elm fəlsəfəsində deduktivizm konsepsiyasının yaranması tarixi XX əsrə, əsasən K.Popperin (1902-1994) fəlsəfəsində təsadüf edir. Deduktivizm konsepsiyasına əsasən elmin məqsədi irəli sürülmüş hipotezin doğru olmağını deyil, əksinə yalan olmağını sübut etməyə çalışmaqdır. Belə ki, ümumi hipotezin verifikasiyası – onun doğruluğunun dəqiq şəkildə sübutu praktik cəhətdən qeyri-mümkündür, çünki bu zaman hipotez sonsuz sayda empirik testlərdən keçməli olardı. Amma ümumi hipotezin falsifikasiyası – onun yalan olmasının dəqiq şəkildə sübutu prinsipcə mümkündür, çünki bunun üçün hipotez ilə ziddiyyət təşkil edən bir faktın tapılması kifayətdir. Bu mənada elm özündə yalnız analitik deyil, həm də tənqidi təfəkkürü ehtiva edir. Elə deduktivizm konsepsiyasının digər adı da “tənqidi rasionalizm”dir.

Məhz analitik-tənqidi təfəkkür Şərqi Qərbdən ayıran əsas atributlardan biridir. Şərq mütəfəkkirləri adətən tənqidi rasionalizmə qarşı dözümsüz olaraq öz fikirlərinin təkzib oluna bilmə deyil, əksinə, təstiq oluna bilmə mümkünlüyünü qiymətləndirirlər. Halbuki, hipotez əgər və yalnız əgər empirik cəhətdən yalan ola bilərsə elmi hipotez kimi qəbul edilə bilər. Başqa sözlə, hər bir elmi hipotezin empirik cəhətdən təkzib oluna bilmə ehtimalı mövcud olmalıdır. Əgər elmi hipotez empirik testlər keçdikdən sonra doğru olarsa, onda bu ehtimal 0 (və ya 0-a yaxın) olacaq. Əgər elmi hipotez empirik testlər keçdikdən sonra yalan olarsa, onda bu ehtimal 1 (və ya 1-ə yaxın) olacaq. Digər tərəfdən isə elmi hipotez empirik cəhətdən riskli olmalıdır. Empirik sübutlar vasitəsilə onun yalan olması ehtimalı həmişə mövcuddur. Ona görə də hər bir elmi hipotez hətta empirik testlərdən uğurla keçərək doğru qiymət alsa belə gələcəkdə onun növbəti testlər tərəfindən yalan qiymət alması ehtimalını həmişə nəzərə almaq lazımdır. Bu mənada hər bir elmi hipotez potensial olaraq daim toplanılmış (və hələ gələcəkdə toplanılacaq) empirik datalar ilə müqayisə və deməli, həm də yoxlanılma prosesindədir. Başqa sözlə, hər bir elmi hipotez empirik testlər vasitəsilə heç olmazsa, bir dəfə onun yalan olması təstiq edilənə kimi doğrudur. Beləliklə, “Elmi hipotez empirik testlərdən keçdikdən sonra elm tərəfindən qəbul edilmişdir” deyil, “Elmi hipotez empirik testlərdən keçdikdən sonra elm tərəfindən müvəqqəti olaraq qəbul edilmişdir” mülahizəsi məzmun etibarilə daha korrektdir. Elmi hipotezin yoxlanılmasına son vermək elmin inkişafına son vermək deməkdir. Şərqin ictimai şüuru isə qeyd edilən bu risk faktorunda özünü diskomfort hiss edərək hər şeyi nisbi deyil, mütləq həqiqət çərçivəsində qiymətləndiməyə meyllidir, ona görə də bir dəfə həqiqət hesab etdiyinin növbəti təkrar testlərinə qarşı açıq deyildir.

Elmar Hüseynli, filosof, BDU-nun müəllimi