BBC’nin paylaşmış olduğu müharibə gedən son Ukrayna xəritəsi.Bir sıra qərb mənbələrinin bildirdiyinə görə Ukrayna artıq böyük miqdar resurslarını itirib. Məsələn, təxminən 80% neft-qaz rezervləri olan ərazilər Rusiyadadır. Dünyanın ən böyük metallurgiya zavodlarının olduğu ərazilər də Rusiya nəzarətindədir. Bunlarla da bitmir. Əlverişli taxıl, qarğıdalı ərazilərinin də bir hissəsi ya Rusiyadadır, ya da hal-hazırda müharibə gedən ərazilərdədir. Avropanı adi duzla belə təmin edəcək böyük zavod belə Ukraynanın şərqindədir.Sovet zamanı Ukraynanın ən əsas sənaye, hərbi, strateji sahələri, istehsal təsisatları daha çox Ukraynanın şərqində tikilmişdi. Əsas limanlar, logistik mərkəzlər və turizm sahələri də cənub ərazilərində yerləşirdi. Ehtimal ki, Sovet zamanı Moskva gələcəyin müəyyən sığortasını edibmiş.Hal-hazırda Rusiya təxminən 20% Ukrayna ərazilərini işğal etsə də, əmtəə və strateji kapital cəhətdən bu Ukraynanın az qala 70-80% həcmi deməkdir. Odessaya qədər olan xətti də Ukrayna itirsə bütün dənizlərdən, dünyadan logistik əl-qolu bağlanacaq.Son günlər qlobal media xəbərlərinə daha çox diqqət yetirirəm. Sanki Ukrayna mövzusu gündəmdən düşür yavaş-yavaş. ABŞ’dakı son məktəb hadisəsindən və Çinlə ABŞ gərginliyindən sonra demək olar Ukrayna son bir həftədə 3-cü ana xəbər mövzusuna keçib. Bu arada ən son nüfuzlu İndependent qəzetinin bir xəbəri qarşıma çıxdı ki, Rusiya təxminən 1000 km hədəfi dəqiq vuran yeni hipersonik raketləri Ukrayna ətrafına toplayıb.Bunun da 2 əsas strateji hədəfi var:1) Ukrayna ərazisinə kənardan daxil edilən sursatları vurmaq.2) Tutduqları əraziləri hərbi sığortalamaq.Avropa ölkələrindən Almaniya hələ də təxminən 50% qaz ehtiyacını Rusiya ilə ödəməkdədir. Bundan başqa Fransa, İtaliya, Macarıstan, Avstriya kimi ölkələr də enerji alışını davam etdirməkdədirlər və Rusiya satışı rublla edir. Digər bir çox ölkələr də fikirləşməkdədirlər.Bu dünyada hər kəs öz mənafeyini üstün tutur. Hadisələr bundan sonra necə cərəyan edəcək demək əlbəttə çətindir. Qarşıda ABŞ’ı Lend Liz proqramı çərçivəsində Ukraynaya ediləcək yardımlarının yeni fazaları olacaq. Gələcəyin gedişatını bu necə dəyişə biləcək yəqin heç kim bilməz. Ancaq indiki zamana bilinən odur ki, Ukrayna əksər mövcud dövlət resurslarını və ərazi bütövlüyünü itirmiş durumdadır. Yenidən ərazi itirməməyə çalışsa belə, itirdiklərini qaytarmaq artıq qəliz məsələdir. Qabaqlar hansısa ərazilərin legitim hüquq məsələsi vardı. Ukrayna rahatlıqla dünyaya səs-küy sala bilirdi. İndi açıq müharibədir. Sabah hansısa bir saziş bağlamağa məcbur qalsa ərazilərini daimi itirmək variantı ilə üzbəüz qala bilər.