Ötən gün Azərpoçt hesabat verib. Bununla bağlı açıqlamalara nəzər saldım.
Dərhal qeyd edim ki, uzun illər zərərlə işləyən qurumun ötən ildən etibarən az da olsa mənfəətlə çalışması diqqət cəlb edəndir.
Bununla belə, hesabatda və açıqlamalarda ölkənin əsas milli poçt operatoru ilə bağlı ictimai əhəmiyyət kəsb edən bir çox məqamları tapa bilmədim :
1. Bir neçə ildir ki, bu qurum poçt funksiyası ilə bərabər, elektron ticarət və maliyyə operatoru funksiyasını da özündə cəmləşdirib. Hətta ötən il Azərmarka-nı da özünə birləşdirib.
Yəni milli poçt, e-ticarət, maliyyə və marka operatoru olan Azərpoçt-da nə dəyişib, nələri ortaya çıxara bilib ?
2. Elektron ticarətin indiki zamanda prioritet olduğu bir vaxtda neçə logistika mərkəzi istifadəyə verə bilib ? Yoxsa logistika hələ də 70 il öncəki, Draqonalda yerləşən köhnə anbardan ibarətdir ? Qurum yeni situasiya ilə bağlı hansı logistika xidmətlərini göstərməyə başlayıb?
3. Bu dövlət qurumu ötən ildən karqo bazarına daxil olub. Görəsən bu dövlət şirkəti daşıma bazarının hansı hissəsinə nəzarət edir ?Dövlət qurumu üçün market platformaları ilə, məsələn Trendyol ilə əməkdaşlıq və normal mühit formalaşdırmaq daha doğru olmazdımı?
4. Regionlarda Azerpoçt şöbələrinin əhaliyə göstərdiyi xidmətlərdə nələr dəyişib ? Nə üçün Azərpoçt rəqabətdə yeni açılmış daşıma xidmətlərinə uduzur ?
5. Rəqəmsal transformasiyada hansı konkret addımlar var? Daşımanın və çatdırılmanın sürətləndirilmsi ünün hansı rəqəmsal həllər hazırlanıb, qurum üçün ən tənqid olunan məqam- çatdırılma əmsalı indi neçə faizdir ? Digər daşıma şirkətlərinə rəqəmsal xidmətlər- APİ servislər təqdim edilirmi? Ötən illər elan olunmuşdu ki internet-bankinq xidməti, mobil tətbiq istiafdəyə veriləcək, amma hazırda bu resurslar ortada yoxdur, onlar nə zaman reallaşacaq ?
6. Azərpoçt-un müştəri məmnunluğu indeksi hazırda necədir və s.
Suallar, ictimai əhəmiyyətli məqamlar çoxdur.
Görünən odur ki, qurumda, onun rəqəmsal transformasiyasında xeyli problemlər də var.
Təəssüf ki, son dövrlərdə bir çox dövlət qurumları, bu tip hesabatları çox dar çərçivədə reallaşdırmağa üstünlük verirlər.
Bir müddət öncə Antiinhisar Xidmətində də belə hal müşahidə olunmuşdu.
Bu cür yanaşmalarla ictimai əhəmiyyət kəsb edən məqamları üzə çıxartmaq, daha doğru qərarlar qəbul etmək problemli olur.
Bəlkə də bəzi qurumlara belə format daha məqbuldur.
Amma düşünürəm ki, belə tədbirləri maraqlı tərəflərin, ekspertlərin də iştirakı ilə gerçəkləşdirmək dövlət qurumu və media üçün, bütövlükdə cəmiyyət üçün daha faydalı ola bilərdi.
Osman Gündüz, İKT eksperti