Ermənistanın Müdafiə Nazirliyi mayın 28-də saat 10.40-da Azərbaycanla sərhəddə David Vardanyan adlı bir əsgərlərinin ağır yaralandığını, sonra da keçindiyini bildirmişdi Və bunda Azərbaycan tərəfi suçlandırılırdı. Bizim Müdafə Nazirliyimiz anındaca bunu təkzib etdi.Daha bir təkzib isə Dövlət Sərhəd Xidmətimizdən gəldi ki, burada maraqlı məqamlar var. Beləliklə, sözü gedən qurum bildirir ki, Ermənistan Hərbi Silahlı Qüvvələrinin əsgəri David Vardanyannın qətlə yetirildiyi dislokasiya yerindəki çadırda saat 10.37-də bir güllə atılıb. Səkkiz dəqiqə sonra isə daha iki atəş səsi eşidilib və az keçmiş oradan bir nəfər evakuasiya edilib. Dövlət Sərhəd Xidmətinin açıqlamasında o da qeyd edilir ki, baş vermiş insident Ermənistan ordusu hərbçilərinin sərxoş vəziyyətdə olmaları səbəbindən imiş.Xatırladaq ki, son zamanlar məhz sərxoşluq zəminində Ermənistan hərbçilərinin bir-birini güllələdikləri haqda onların mediasında xeyli xəbərlər var.Burada diqqətçəkən məqam nədir? Birincisi, odur ki, Ermənistan ordusunda intizam zəifdir və əsgərlər ya qorxduqları üçün, ya da nədənsə Azərbaycanla sərhəddə içmədən xidmət aparmaq istəmirlər. İkinci məqam isə ondan ibarətdir ki, rəsmi İrəvan deyəsən yenə Brüsseldə üzərinə götürdüyü öhdəliyə əməl etmək fikrində deyil. O üzdən də sərhəddə sərxoşluq zəminində baş verən olayı Azərbaycanın ayağına yazmağa çalışır. Amma unudur ki, Azərbaycan Silahlı Qüvvələri onların hər addımını, hətta hərbçilərinin yaşadıqları çadırda nə etdiklərini belə izləyir.