Dəyərli həmkarımız İsmayıl Ömərovun adı televiziya tamaşaçılarına yaxşı tanışdır. Uzun illər dövlət televiziyasında çalışıb, sonra iki dönəm yeni yaranan İctimai televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru olub. İstər sovet dövründə, istərsə də müstəqillik illərində audiovizual jurnalistikamızın layiqli simalarından sayılır.
Hələ AzTV-də “İctimai-siyasi proqramlar”ın baş redaktoru olduğu zaman fərqli redaksiyalarda çalışan müxbir, rejissor və operatorlar bir müşkülləri olanda ümid yeri kimi məhz İsmayıl müəllimə üz tutub və onun köməkliyi ilə problemlərinin həllinə nail olublar. Elə vəzifəsindən asılı olmayaraq, bütün həmkarlarının xeyir-şərində də o, yaxından iştirak edib, sadə və səmimi davranışları ilə könülləri fəth edib. Odur ki, bü gün köhnə iş yoldaşları onu görəndə sevinir, sidq-ürəklə hal-əhval tuturlar.
İsmayıl Ömərov 1954-cü il fevralın 20-də Gürcüstanın qədim Borçalı mahalında – Kəpənəkçi kəndində anadan olub. Orada orta məktəbi bitirib və arzu qanadlarında Bakıya gələrək, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1976-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb. Eyni zamanda, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnib.
Dövlət Televiziyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər böyük yaradıcılıq yolu keçən İsmayıl Ömərov “Siyasi proseslərin idarə olunmasında televiziyanın rolu” mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. “Qızıl qələm” və “Araz” Ali Media mükafatlarının sahibidir. 1998-ci ildə “Azərbaycanın əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Prezident İlham Əliyevin 10 noyabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan televiziyasının və radiosunun inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. İsmayıl Ömərov həm də Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olub.
2005-ci ildə 22 namizəd arasından səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçiləndə o, artıq 30 illik təcrübəyə malik qələm və mikrofon sahibi idi. Seçkidən çox az vaxt – cəmi 3 ay keçəndən sonra elan etdi ki, yaradıcı və texniki heyət efirə çıxmağa hazırdır. Həmin il avqustun 29-da İctimai televiziyanın açılış mərasimi əsl bayrama çevrildi. Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, müxalifət düşərgəsinin təmsilçiləri, elm və sənət adamları tədbirə qatıldı… Çünki hamı İctimai televiziyanı özününkü bilirdi.
Təşkilatçılıq və idarəetmə bacarığı sayəsində qısa bir müddət ərzində İsmayıl müəllim Azərbaycanda vizual media sahəsində ən demokratik və şəffaf institutlardan olan İctimai teleradionun pərvəriş tapmasını bacarıqla reallaşdıra, həsəd aparılacaq dərəcədə sağlam mühit yarada bildi. Azərbaycanda ənənəvi televiziyalardan fərqli, müxtəlif siyasi cərəyanların, ideya, fikir daşıyıcılarının düşüncələrini böyük auditoriyaya çatdırmağa, onunla paylaşmağa imkan verən, cəmiyyətin ayrı-ayrı təbəqələrinin maraqlarını uzlaşdıran yeni televiziyanı sıfırdan yaratmaq elə də asan məsələ deyildi. Amma İsmayıl Ömərov bunu bacardı.
…Bir il olardı ki, İTV fəaliyyətdə idi. İsmayıl müəllimin görüşünə getdik. Yaradılan studiyalar, aktual verilişlər, ilk yaradıcılıq uğurları barədə həvəslə söhbət açdı və bununla kifayətlənməyərək, bizi müavinlərindən birinə qoşdu ki, “möcüzə”ləri gəzib öz gözlərimizlə görük. Bax, gördüyü işlərdən, yaratdığı şəraitdən zövq alan belə bir rəhbər olub İsmayıl müəllim.
Bu gün 70 yaşı tamam olan İsmayıl Ömərov fəxr edə bilər ki, İTV-yə rəhbərlik etdiyi dövrdə vulqar əcnəbi serialların, sənət və sənətkarlıqdan uzaq, tozanaq yaradan bəsit düşüncəli “sənət” adamlarının ekran və efir məkanını primitiv şou proqramlarla zəbt etdiyi bir vaxtda, tamaşaçını dərindən düşündürən, onu özünün və Vətənin taleyinə biganə qalmağa qoymayan, döyüşkən, mübariz ruhlu siyasi proqramlar ekrana gətirdi və qısa bir müddətdə üstünlük qazanan ciddi telepublisistikanın ən parlaq simalarından biri kimi məşhurlaşdı, tamaşaçıların sevimli kanalını ərsəyə gətirdi.
Yaxın tariximizin, ötən əsrin 90-cı illərinin qaranlıq səhifələrinin, həmin dövrdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin ciddi şəkildə araşdırılması və ilk dəfə ekranlaşdırılmasında İsmayıl Ömərovun danılmaz rolu olub. Bir-birinin ardınca, müəllifi və aparıcısı olduğu “Qanlı yanvar”, “Qarabağ düyünü”, “Blokada”, “Əsrin faciəsi”, “Xəyanət”, “Qurtuluş” və s. silsilə teleserialları ilə yaşadığımız ağrılı-acılı illərə ayna tutub, qaranlıq hadisələrə aydınlıq gətirib, bir çox məchullara cavab arayıb. Görkəmli dövlət və ictimai xadimlərlə, partiya sədrləri, hüquq mühafizə orqanlarının, Milli Ordumuzun rəhbərləri ilə müsahibələri və cəsarətli suallar verməsi, ciddi jurnalist arqumentləri gətirməsi diqqət çəkib, böyük rezonans doğurub və hələ də yaddaşlardan silinməyib. Əvvəlcə onun çıxışlarını hay-küylə qarşılayanlar az sonra tutarlı bir cavab verə bilmədikləri üçün geri çəkilməyə məcbur olurdular. Gücləri ona çatırdı ki, gedib orda-burda İsmayıl Ömərovu “müstəntiq-jurnalist” kimi xarakterizə etsinlər.
Görkəmli alimlərimiz, ziyalılarımız, ictimai xadimlərimiz, şair və yazıçılarımız isə öz çıxışlarında, respublika mətbuatında dərc etdirdikləri məqalələrində bu verilişləri ciddi yaradıcı araşdırma işi kimi yüksək qiymətləndirir, onun ictimai-siyasi əhəmiyyətindən bəhs edirdilər. Xalq şairləri Bəxtiyar Vahabzadə, Qabil, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı və digər çoxsaylı nüfuz sahiblərinin obyektiv fikirləri buna ən gözəl nümunədir.
İsmayıl Ömərovun yaradıcılığını dəyərləndirənlər yaxşı bilirlər ki, bu verilişlər sadəcə istedadlı bir jurnalistin təxəyyülünün məhsulu deyil, konkret faktlara, əsaslı arqumentlərə söykənən, Vətənimizin ağrı-acılarını öz ruhunda, canında yaşadan mübariz qələm sahibinin vətəndaşlıq mövqeyidir. Təsadüfi deyil ki, telejurnalist İsmayıl Ömərov həmin məziyyətlərinə görə 2000–2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı seçilmişdir.
Yaxşı xatırlayırıq ki, İctimai televiziya məhz dövlətin, xalqın maraqlarına uyğun olaraq, Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsini bütün dünyaya çatdırmaq üçün yeni üsul və formalardan daha peşəkarlıqla istifadə etdi. Hər gün bir neçə dəfə efirə gedən “Xəbərlər” proqramının əvvəlində torpaqlarımızın erməni işğalında qalması barədə BMT-nin məlum dörd qətnaməsinin Azərbaycan, rus və ingilis dillərində səslənməsi dünyaya effektli bir çağırış idi…
Yeri gəlmişkən, qarşılıqlı razılaşma əsasında “Azadlıq” radosunun bütün dünya ölkələrində fəaliyyət göstərən müxbirləri İctimai televiziyanın “Carçı” xəbərlər proqramına ödənişsiz informasiyalar verir, reportajlar hazırlayırdı. Bu da ilk gündən kanalın populyarlığına böyük təkan oldu. Gürcüstan, Türkiyə, Qazaxstan, Macarıstan və başqa ölkələrin kanalları ilə yaranan dostluq əlaqələri əsasında informasiya mübadiləsi edildi, telekörpülər yarandı. TRT, BBS, Eronyus və s. tanınmış Tv-lərlə ciddi iş birliyi başladı. İsmayıl Ömərov xidmətlərinə görə 2 dəfə “Türk Xalqlarına Hizmət” ödülünə layiq görülən yeganə Azərbaycan televizyonçusudur.
2009-cu ildə İsmayıl Ömərov 2-ci müddətə də İTV-nin baş direktoru vəzifəsinə seçilib və öz missiyasını layiqincə yerinə yetirib. İctimai kanalın populyarlığı Avropa Yayımlar Birliyinin diqqətindən yayınmayıb, İTV-ni öz sıralarına qəbul edib və MDB ölkələri arasında ilk dəfə olaraq özünün növbəti sessiyasının məhz Bakıda keçirilməsinə razılıq verib. Eurovision müsabiqəsindəki uğurlarımızı isə İctimai televiziyanın beynəlxalq brendi hesab edə bilərik.
İTV-də məhz İsmayıl Ömərovun rəhbərliyi ilə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev, eləcə də, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Yusifbəy Nəsibbəyli, Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə və başqaları haqqında maraqlı sənədli filmlər çəkilib.
Harada olmasından asılı olmayaraq, İsmayıl Ömərov Azərbaycanın milli dövlətçilik maraqlarını hər zaman qoruyan bir insandır. Tanınmış jurnalist 2017-ci ildə Gürcüstanın Bolnisi rayonunda xidmətlərinə və töhfələrinə görə bələdiyyə üzvlərinin səsverməsi nəticəsində yekdilliklə “Fəxri vətəndaş” seçilib.
Qarabağın azadlığı, hamımız kimi, İsmayıl Ömərovun da ən böyük arzusu idi. Və bu arzu “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” diləyi ilə hər gün İTV ekranından inadkar bir hayqırtı ilə səslənirdi. Bu gün artıq həmin əzəli yurd yerlərimiz azaddır və Qarabağımızın hər yanında üçrəngli bayrağımız dalğalanır.
Dəyərli ziyalımız buna ən çox sevinənlərdəndir.
İsmayıl Ömərova 70 yaşının zirvəsində möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!
Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist,
Müşfiq BORÇALI,
fəlsəfə doktoru