Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Rəsmi mənbələrə görə, bu gün dünyada 7000-ə yaxın dil var və onların 45 faizi təhlükə altındadır.
Dil haqqında müzakirələr yalnız onu zənginləşdirmək üçün aparılanda məqbul və faydalı hesab olunur. Yoxsa başqa bir xalqın və dövlətin dilini öz milli ünsiyyət vasitəsinə paralel, hətta ondan üstün görmək təkcə yolverilməz deyil, həm də müstəmləkə təfəkkürünün daşıyıcısı olmaqdır.
Son zamanlar dünyada baş verən proseslər, müşahidə edilən tendensiyalar, o cümlədən əcnəbi dillər ilə bağlı aparılan zərərli və ziyanlı müzakirələr bizi milli dilimiz və ideologiyamıza daha qətiyyətlə sahib çıxmağa vadar etməlidir. Bu, məsələnin sosial-psixoloji aspekti…
Bir də milli idrakımızın – yaddaşımızın bələdçisi olan tarix öz vacib xatırlatmasını edir. XIX əsrdə iki bədnam müqavilə (Gülüstan və Türkmənçay) təkcə Vətən torpaqlarımızı iki hissəyə bölmədi, eyni zamanda, dilimizə, milli kimliyimizə və ideologiyamıza qarşı mədəni – ideoloji istila xarakteri daşıdı… Arazı iki sahilə ayıran razılaşmaya imza atılmasından 170, Cümhuriyyətin süqutundan isə 70 ilə yaxın bir müddət sonra milli müstəqilliyin bərpası bizə həm də dilimizə, ideologiyamıza tam sahib çıxmaq imkanı verdi. Nəhayət, Azərbaycanın dövlət suverenliyinin və xalqımızın milli qürurunun bərpası milli hədəflərə, o cümlədən milli ideya və onun tərkib hissəsi olan milli dil məsələsinə yeni yanaşma ortaya qoyulmasını şərtləndirdi. İndi qalib Azərbaycan dövlətimiz, bütöv Azərbaycan dilimiz, universal azərbaycançılıq ideologiyamız bizi birləşdirən dəyərlərdir. Xalqımızın – dünya azərbaycanlılarının vahidliyini təmin edən konseptual əsaslardır.
Ən əsası, qürbətdə dilimizin həsrəti ilə yaşayanlar varkən yurdumuzda qeyri-milli dilin xiffətini çəkənlər bir daha düşünməlidirlər.
Nurlan Qələndərli, politoloq